Millimizin baş məşqçisi kim olsun? - Ədəbiyyat və şou-biznes əhlindən AFFA-ya təklif

Millimizin baş məşqçisi kim olsun? - Ədəbiyyat və şou-biznes əhlindən AFFA-ya təklif

Bildiyiniz kimi, Qurban Qurbanovun istefasından sonra futbol üzrə milli komandamız baş məşqçisiz qalıb. 

Hələ ki, AFFA bu posta nə yeni mütəxəssis gətirib, nə də namizədlərini açıqlamayıb. 

Futbol ictimaiyyəti arasında yetərincə müzakirə aparılıb, fikirlər irəli sürülüb. Lakin bu dəfə auditoriyanı genişlətmək üçün futbolu kənardan sevənlərin fikirlərinə yer verdik. 

Sport7.az ölkənin fərqli sahələrində tanınan şəxslər arasında sorğu keçirib. Müsahiblərimiz millimizin baş məşqçisi postuna namizədlərini açıqlayıblar. 
 


Millimiz üçün bəstələnən "Niyə də yox?!" mahnısı hər halda yadınızdadır?! Bu mahnının ifaçısı Anar Bəylər millimizə Avropadan mütəxəssis gətirilməsini təklif edib:
 
"Açığı Azərbaycan futbolunu o qədər də çox izləmirəm. Təəssüf yerli bir ad deyə bilməyəcəm. Ama yaxşı olar ki, futbolun daha çox inkişaf etdiyi ( Almaniya, İngiltərə, İspaniya) ölkələrdən, özünü məşqçi kimi müəyyən qədər təstiqləmiş lider gəlsin. Bundan əlavə, məşqçi komandası olmalıdır, məsələyə tək "məşqçi əsasdır" gözü ilə baxmaq düz olmaz. Odur ki, xarici ölkələrdən yaxşı mütəxəssislərin gəlməsinin tərəfdarıyam. Təəssüf ki, nizam və ciddilik baxımdan hələ çox geridəyik".
 


Gənc şair Ulucay Akif də xarici baş məşqçinin məqsədə uyğun olduğunu bildirib: "Məncə, millimizin məşqçisi mütləq xarici məşqçi olmalıdır. Bizim insanların dilini nə qədər başa düşməsə, o qədər yaxşı olar, işini görər, heç kimin fikrini dinləməz. Nə vaxta kimi ki, milliyə tapşırıq ilə oyunçu seçiləcək, o vaxta qədər də bu cür komandanı görməyə məcbur olacağıq. Mən razıyam, daha 10 il də zəif komanda görək, amma layiq olan oyunçulara şans verilsin və öz üslubu olan gənc, xarici məşqçi komandanın başına gətirilsin".
 


"Abşeron" qrupunun üzvü Şəhriyar Məhərrəmovun sərt fikirləri isə daha diqqət çəkəndir: "AFFA Qurban Qurbanovun "Qarabağ"dakı uğurlarına aldanıb, millini də ona tapşırdı. Amma millidə axı vəziyyət başqadı. Millidəki oyunçu seçimi ilə "Qarabağ"dakı eyni deyil. Qurban müəllim "Qarabağ"dakı uğurlarını demək olar ki, xaricdən alınan legionerlərin hesabına edib. Amma milliyə kənardan oyunçu gətirmək olmur. Ona görə də Qurban Qurbanov "Qarabağ"daki uğuru millidə təkrarlaya bilmədi.
 
Yığmamıza kim gəlir gəlsin, vəziyyət dəyişməyəcək. Milli komandanın potensialı milli futbolçulardan ibarətdir. Bir neçə futbolçunu çıxmaq şərti ilə, futbolçularımızın ustalıq səviyyəsi yoxdur. 
 
Müstəqillik qazanandan bu vaxta qədər millimizdə çalışan yeganə baş məşqçini vurğulamaq istərdim. O da , Robert Prosineçkidi. Məncə, o yığmamızda qalmalı idi. Onu saxlamaq lazım idi. Əgər əcnəbi məşqçi gətiriləcəksə, mütləq rus, ukraynalı, belarus olsun. Türkiyədən və ya Avropadan məşqçi gətirməyə ehtiyac yoxdur. Çünki bizimlə onların futbola baxışı tamam fərqlidi. MDB ölkəsindən olan məşqçi bizə daha çox sərf edir. Həm dil baxımından, həm maaş baxımdan daha çox pullar tökməyə gərək qalmaz. Həm də eyni regiondu evlərinə gedib-gəlməkləri də daha yaxın olar. Bakı da rus dilli şəhərdi. Onların burada işləməsi daha rahat olar.
 
Avropalı bizdə pul xatirinə işləyir. Həftəsonu qaçır ailəsinin yanına. Çünki Avropadan, Braziliyadan gələnlər buranın adət-ənənəsinə, abu-havasına, yeməyinə öyrəşməkdə çətinlik çəkir. Mənim fikrim budu. Əgər əcnəbi məşqçi gətiriləcəksə, MDB ölkələrindən olan məşqçi olsun. Yerli mütəxəssisə gəlincə isə, yerli mütəxəssis kim var axı, heç kim. Baş məşqçiliyin bizdə nə tarixi varkı?! Formalaşmayıb hələ bizdə". 
 


Gənc yazar Nicat Həşimzadə isə digər müsahiblərimizdən fərqli olaraq, millimizin baş məşqçi postunda yerli mütəxəssisin çalışmasının tərəfdadırıq:
 
"Bir vaxtlar futbol üzrə Azərbaycan çempionatında 14-16 klub iştirak edirdi. İndi bu klubların sayı iki dəfə azalıb. Fəaliyyətini davam etdirən klubların oyunçuların əksəriyyəti də transfer edilmiş oyunçulardır. Bizim milli oyunçularımız da dünyaya çıxışları yoxdur. Bəs futbolçularımız harada yetişsin? Barmaqla sayılacaq qədər istedadlı, bacarıqlı futbolçumuz var. Əgər biz həqiqətən də futbolumuzu inkişaf etdirmək istəyiriksə bir şeyi anlamalıyıq ki, komanda oyununu, ümumi milli məqsədləri şəxsi intriqalara, eqoist düşüncəyə qurban vermək olmaz.
 
Mən Qurban Qurbanovun baş məşqçi postunda qalmasını istərdim. Amma bu vəzifəyə indi ən uyğun saydığım adam Aslan Kərimov və Mahmud Qurbanovdur. Bu iki kadrdan biri millimizi inkişaf etdirə bilər. İnanmıram ki, hansısa xarici mütəxəssis gəlib bizi ağ günə çıxara. Çətin məqamlarda komandamıza  ciddi azarkeş dəstəyi lazımdır. Millinin inkişafı üçün gərək daxili çempionatda rəqabət artsın. Bu da indiki şərtlərdə inandırıcı görünmür".

Röya Kərimli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR