Millimizin baş məşqçisi kim olsun?

Millimizin baş məşqçisi kim olsun?
Robert Prosineçkinin gedişi ilə Azərbaycan millisinin baş məşqçi postu boş qaldı. Xorvatiyalı mütəxəssisin Azərbaycadakı fəaliyyətinə birmənalı qiymət vermək çətindi. Yaxşı günlər də oldu, pis günlər də. Uğurlu nəticələr da qazandıq, uğursuzluğa da düçar olduq.
 
Keçmiş barədə yetərincə danışmışıq. Az qala hər qarşılaşmadan sonra millinin oyununa və məşqçinin işinə obyektiv qiymət verməyə çalışmışıq. Yaxşı olanda yaxşı demişik, eyni zamanda gördüyümüz səhvləri qabartmağa çalışmışıq. Prosineçki Azərbaycan millisindəki işinə, bizim futbolumuza ən böyük hörmətsizliyi bu yay etdi. "Bursaspor”la apardığı danışıqların müsbət sonuclanmasına AFFA-nın əngəl törətməsindən, onun gedişinə maneə yaradılmasından sonra bizdən üz çevirdi.
 
Yayda iki aydan çox müddətdə Bakıya ayaq basmayan Prosineçki klublarımızın avrokubok oyunlarına baxmağa həvəs göstərmədi. Heç Premyer Liqa start götürəndə də Robi Azərbaycanda deyildi. Artıq AFFA-da oturanlar da onun bu etinasızlığının fərqində idilər. Təsadüfi deyil ki, "Prosineçki nə vaxt gələcək?” sualına konkret cavab almaq mümkünsüz işə çevrilmişdi. Çünki heç Elxan Məmmədov da onun planlarından xəbər tuta bilmir, xorvatı Bakıya gəlib, işinin başında oturmağa həvələndirməyi bacarmırdı.
 
Almaniya ilə oyundan sonra Bakıya dönməyən, AFFA-nı çətin vəziyyətdə qoyan Prosineçki sübut etdi ki, onun üçün dəyişən heç nə yoxdu, Azərbaycanda çalışmaq ürəyincə deyil. Və iplər qopdu. Daha keçmişi çox da qurdalamayacam. Rəqəmlərlə oynamaq, statistika ilə sizə yormaq fikrim də yoxdu.
 
İndi bizim cavab axtaracağımız sual gələcəklə bağlıdı. Millimizin baş məşqçisi kim olmalıdı? Qərar verən AFFA-dı. Onların qərar verərkən ictimai rəylə hesablaşacağına heç inanmıram. Sözsüz ki, azarkeşlərin, idman mətbuatının bu gün bir nömrəli namizədi Qurban Qurbanovdu. Düzü, heç Qurban bəyin də "Qarabağ”dakı işini yarımçıq qoyacağı, klubdan ayrılıb, millini çalışdırmağa razılıq verəcəyi də indandırıcı deyil. AFFA hazırda "Niyə də yox” şüarını "AÇ-2020-yə yüksəlməliyik”lə əvəzləməyə başlayıb. Qurbanov da bu istəyin reallıqla uzlaşmadığını, hədəfin mümkünsüz olduğunu yaxşı başa düşür. Belədə onun razılıq verəcəyi də böyük sual altındadı.
 
Böyük ehtimalla AFFA yenidən əcnəbi çalışdırıcılarla danışıq aparacaq, milli komandaya adlı-sanlı məşqçi gətirmək üçün milyonları xərcləməkdən çəkinməyəcək. Varlığa nə darlıq? Amma Foqtsun, Prosineçikinin ayağının altına səpilən pullar bizə heç nə qazandırmayıb. Bu gün Azərbaycan millisinə kimin başçılıq etməsi əsas məsələ deyil. Biz hər şeyə sıfırdan başlamalı, uşaq futbolundakı problemləri, futbol akademiyaları və ya internatları açılması yolunda böyük layihələr həyata keçirməliyik. Azərbaycanın əcnəbi mütəxəssisə yox, futbolun kütləviləşdirilməsinə, düzgün futbol siyasəti həyata keçirilməsinə ehtiyacı var.
 
Yaxın 5-6 ildə milli komandanın fantastik nəticələr qazanacağı, böyük turnirlərin final mərhələsinə yüksəlməyimiz şirin xəyaldı. Azərbaycan futbolunu və futbolçusunu yaxından tanıyan Şahin Diniyev, Nazim Süleymanov da heç bir çətinlik çəkmədən Foqtsun, Prosineçkinin topladığı 9-10 xalı qazana bilərdilər. Amma AFFA-nın onlara şans vermək heç yadına da düşmür. Onları istəmirlərsə, millini Məşqçilər Komitəsinə də tapşırmaq olar. Onsuz da kabinetdə oturublar, işsizlikdən ürəkləri darıxır. Əmin olun ki, ciddi mənada heç nə itirməyəcəyik!
 
Amal ABUŞOV

Xəbər lenti