U-19
yığmamızın baş məşqçisi Samir Əliyev "Futbol+” qəzetinə maraqlı müsahibə verib.
"Kuryoz
qol buraxsa da, bizim "Caqa” əsl qəhrəmandı”
Yığmanın
2003-cü ildə səfərdə hələ bir yerdə olan Serbiya və Çernoqriya ilə 2:2 etdiyini
çoxları xatırlayır. Oyundan sonra Ukraynaya, şərəfini qoruduğum "Volın”ın düşərgəsinə
qayıdanda komanda yoldaşlarım, demək olar, hamılıqla məni təbrik etdilər. Onların
sözlərinə görə, o vaxt üçün çox güclü heyətə malik Serbiya və Çernoqoriya
yığması ilə səfərdə bərabərə qalmaq qələbəyə bərabər idi. Mən də onların tərifindən
"şişirəm”, özümü dünyanın ən güclü yığmasının üzvü kimi hiss edirəm. Hamıya
maraqlı idi ki, biz necə oldu Avropanın güclü yığması ilə "sülh bağladıq”? Bir
özümdən, bir az komandadakı uşaqların oyunundan danışıb, qarşılaşmanın qəhrəmanının
qapıçımız Cahangir Həsənzadə olduğunu bildirdim. Doğrudan da həmin görüşdə
Cahangir seyvləri ilə hamının rəğbətini qazanmışdı. Məhz onun qurtarışları sayəsində
Podqoritsadan xalla geri dönmüşdük. Ertəsi komanda nahar yeməyi üçün yeməkxanada
bir araya gəlmişdi. Orda da televizor var idi. Həmin vaxt "Eurosport”
telekanalında Avropa çempionatının seçmə mərhələsinin başa çatan turunda qeydə
alınan kuryoz qolları göstərirdilər. Bir də gördüm həmin qollar arasında
Saviçeviçin bizim qapımıza vurduğu qol da nümayiş olunur. Uzun ötürmədən sonra
"Caqa” geriyə qayıdır, dirəyə dəyir və topla birlikdə qapıya girir. Həmin
epizodu göstərən anda bir də hiss etdim ki, komanda yoldaşlarımın hamısı mənə
baxır. Sanki hamısının üzündən bir sual yağırdı: "bəs deyirdin oyunun qəhrəmanı
qapıçımız olub?” Çörək boğazımda qaldı... Bir gün əvvəl təriflədiyim, oyunun qəhrəmanı
kimi təqdim etdiyim qolkiperin buraxdığı qol həftənin kuryoz qolları arasında
yer almışdı. Özümü itirdiyimdən bilmədim nə deyim, anidən "mənə elə baxmayın.
Kuryoz qol buraxsa da, bizim "Caqa” əsl qəhrəmandı” deyib, başımı aşağı salıb,
yeməyə davam etdim. Komanda yoldaşlarımın o an pıqqıldayaraq gülməsi hələ də
qulağımdadı.
"Cəhənnəm,
11-ci də Samir Əliyev olsun”
Ukraynada
legioner həyatı yaşadığım, "Volın”ın şərəfini qoruduğum dönəm idi. Səfərdə
"Şaxtyor”la qarşılaşmalıydıq. Adətən, oyundan öncə kimin əsas heyətdə yer
alacağını bilirdik. Donetsk təmsilçisi ilə matçdan öncə baş məşqçimiz Vitali
Kvartsyanı hamını bir otağa yığıb, "Şaxtyor”a qarşı necə oynamlı olduğumuzu
lövhədə başa salır. Müdafiəçilərə, yarımmüdafiəçilərə konkret tapşırıqlar
verir, standart vəziyyətlərdə kimin harda olacağını tapşırır. Birdən komandanın
kapitanı əlini qaldıraraq baş məşqçiyə söz demək istədiyini bildirdi.
Kvartsyanı da heç vaxt xoşlamazdı ki, onun sözünü yarımçıq qoysunlar. Əsəbi
halda "nə istəyirsən, nə sözün var” deyib, kapitana söz verdi. O da ayağa
qalxaraq "siz lövhədə bizi 10 nəfər göstərmisiz, 11-ci kim olacaq” söylədi. Baş
məşqçi acıqlı şəkildə zala nəzərə yetirən vaxt birdən gözü mənə sataşdı. Gördüm
mənə baxır, başımı aşağı salıb göz-gözə gəlməkdən yayındım. Elə həmin an "cəhənnəm,
11-ci də Samir Əliyev olsun” dedi. Sabahı gün start heyətində meydana çıxdım və
iki qol vurmaqla komandamın 3:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri
oldum.
"Nə qədər
qol buraxsan da, məsuliyyət mənim boynumdadı, sənlik heç nə yoxdu”
Ötən
il U-19 rəhbərliyim altında Çexiyada seçmə mərhələdə iştirak edirdi. Təqvim elə
tərtib olunmuşdu ki, iki gündən bir meydana çıxmaq məcburiyyətində idik. İlk
görüşdə rəqibimiz Norveç idi. Komanda həmin oyunda nə gücü var idisə, meydanda
qoymuşdu. Onu da bildirim ki, skandinaviyalılara 0:1 hesabı ilə yenilsək də,
onlardan daha üstün oyun sərgiləmişdik. İkinci qarşılaşmada meydan sahibləri ilə
üz-üzə gəlməliydik. Onlar da ilk oyunda San Marino ilə qarşılaşmışdılar. Bizdən
fərqli çexlər "az qan” ilə istədikləri nəticəni əldə etmişdilər. Deməli, meydan
sahibləri ilə oyunun ilk dəiqələri gedir. Çexiya o qədər sürətli oyun nümayiş
etdirir ki, özlüyümdə heç olmasa, biabırçı hesabla məğlub olmamaq üçün dua edirəm.
Təsəvvür edin ki, artıq 12-ci dəqiqədə meydan sahibləri 2:0 hesabı ilə öndədilər.
Cinahlardan qapı önünə asmaların və ötürmələrin sayı-hesabı yoxdu. Mərkəzdən o
qədər zərbə endiriblər ki, qapıçımızın az qala əlcəyi deşilsin. Çexlərin belə
aqressiv futbolu məni də təəccübləndirmişdi. Sanki həyatlarında son oyuna
çıxmışdılar. Nə başınızı ağrıdım, vəziyyət faciəvidi. Yenə deyirəm, ürəyimdə
Allaha yalvarıram ki, heç olmasa, birinci hissədə qapımıza 7-8 top vurmasınlar.
Elə həmin an gördüm ki, qolkiperimiz yerdə qalıb. Həkimlər ona yaxınlaşanda əvəz
olunmasını istədi. Fikirləşdim ki, rəqibin güclü olduğunu görüb özünü zədəli
kimi göstərmək, yalandan əvəz olunmaq istəyir. Həkimlərə "ona deyin, davam
etsin” söyləyib qolkiperi meydanda saxladım. 4-5 dəqiqə sonra gördüm ki, yazıq
doğrudan da zədələnib oyunu davam etdirə bilməyəcək. Biz də qaydalara uyğun
sifariş ərizəsinə cəmi iki qapıçının adını yazmışıq. Əsas "çərçivə
qoruyucusu”nun meydanda qala bilməyəcəyini görüb üzümü ehtiyat qapıçıya tutaraq
"hazırlaş” dedim. Birdən elə bil kimsə mənə dedi ki, ona bax. Yenidən çevrilib
ikinci qolkiperə nəzər salanda gördüm ki, yazığın üzü ağappaqdı. Yazıq uşağın həyəcandan
əli-ayağı əsir. Əslində onu başa düşürdüm. Ancaq bu qədər həyəcan keçirməsindən
mən də qorxdum.Yanıma çağıraraq "heç nədən qorxma, çıx və qapıda dayan. Nə
olacaqsa, olacaq” söylədim və ardınca "nə qədər qol buraxsan da, məsuliyyət mənim
boynumdadı, sənlik heç nə yoxdu” dedim. Həmin uşaq meydana çıxdı və bəxtindən də
qapıya gedən onlarla zərbə onun orasına-burasına dəyərək qapıya daxil olmadı.
Sonda həmin matçı 0:4 hesabı ilə uduzduq ki, yekunda biabırçı hesabla yenilmədiymizə
görə mən də sevindim. Rəqibin hücumlarının heç olmasa, ondabiri məhsuldar
sonluqla bitsəydi, hesab ən azı 10:0 onların xeyrinə olacaqdı.
"Pul
da yoxdu, mən burdan Bakıya necə qayıdacam?”
"Neftçi”nin
baş məşqçisi olduğum vaxt idi. Komanda ilə Türkiyədən - təlim-məşq
toplanışından qayıdırdıq. İstanbul hava limanında bir qədər vaxtımız var idi.
Orda olanlar bilir ki, necə böyükdü. Bizi Bakıya aparacaq təyyarənin havaya
qalxmasına xeyli vaxt qaldığını görüb, dükanları gəzməyi qərara aldım. Biz azərbaycanlıların
xasiyyətini bilmirsiz? Başqa ölkədən gəlirsənsə, mütləq konfet-şokolad
almalısan ki, evə gələn qohum-qardaşa pay verəsən, evdəkilərə də nəsə hədiyyə
olsun. Bu minvalla başladım bir-bir dükanları gəzib hədiyyə seçməyə. Başım
alış-verişə necə qarışdısa, bir də onda ayıldım ki, artıq təyyarəmizin uçuş
vaxtıdı. İndi əlimdə içində konfet-şokolad, ailə üzvlərim üçün nəzərdə tutduğum
hədiyyələr olan torbalarla hava limanında qaçıram ki, təyyarəyə çatım. O qədər
həyəcanlıyam ki, qarşıma keçəni nəzərə almıram, hamını sağa-sola itələyib təyyarəyə
çatmaq istəyirəm. İnanın mənə, futbolçu olduğum dönəmdə, ən əhəmiyyətli oyunlar
ərəfəsində belə heç bu qədər təlaş keçirməmişdim. Qaça-qaça düşünürəm ki, deyəcəklər
intizama xüsusi önəm verən baş məşqçi özü intizamsızlığa yol verib, təyyarəyə
gecikib. Qeydiyyat yerinə çatanda artıq təyyarəyə miniyin başa çatdığını
bildirdilər. Nə qədər yalvarsam da, xahiş etsəm də, xeyri olmadı. "Mən
komandanın baş məşqçisiyəm, mənsiz təyyarə havaya qalxa bilməz” deyib, öz aləmimdə
onlara guya hədə-qorxu da gəldim. Ancaq nə faydası, qanun qanundu. Kor-peşman
skamyada oturdum. Ən pisi də o idi ki, Bakıya qayıtdığımı fikirləşib cibimdəki
bütün pulu alış-verişə xərcləmişdim. Öz-özümə "pul da yoxdu, mən burdan Bakıya
necə qayıdacam” düşünürəm. Elə həmin an hava limanında anons verildi. İşlədiyim
dönəmdə "Neftçi”nin direktoru olan Mübariz Xudiyev, sən demə, təyyarədə mənim
olmadığımı bilib. Səs-küy qaldırıb ki, baş məşqçimiz olmadan uçmayacağıq. Bu
üzdən təyyarənin havaya qalxmasını ləngidiblər. Adım çəkiləndə uşaq kimi
sevindim. Ayrıca maşın məni təyyarəyə apardı və komanda ilə birgə Bakıya
döndüm. O saatlarda keçirdiyim həyəcanı ondan sonra heç vaxt keçirməmişəm.
"Ona
"mən hazır deyiləm” demək hər futbolçunun başı üçün deyildi”
"Volın”da
son günlərim idi. Mövsümün sonuna yaxın bəzi klublardan çox sərfəli təklif
almışdım ki, bu haqda baş məşqçi də məlumatlı idi. Məşqlərdə Kvartsyanının mənə
münasibətindən hiss edirdim ki, son turlarda güvənmir, əsas heyətdə görmür.
Özüm də məşqlərə bir qədər laqeyd yanaşırdım. Baş məşqçinin münasibəıtindən
hiss edirdim ki, məşqlərə nə qədər ciddi yanaşsam da, məni heyətə qoymayacaq.
Bu üzdən rejim gözləmirdim. Çempionatın sonuna iki tur qalmış "Dnepr”lə
qarşılaşmalıyıdıq. Vəziyyət bəlli olduğundan nə baş məşqçi məndən nəsə tələb
edirdi, nə də özüm məşqlərə köklənirdim. "Volın”dakı günlərimi sayırdım.
"Dnepr”lə oyun günü Kamal Quliyevlə birgə stadiona gəldik. Oynamayacağımı
bildiyimdən özümlə nə buts, nə də "şitki” götürmüşdüm. Oyunöncəsi "ustanovka”
vaxtı gözləmədiyim halda baş məşqçi "hücumda Samir Əliyev oynayacaq” söylədi.
İnanın, həmin an şoka düşdüm. Kvartsyanının da xasiyyəti çox ağır idi. Ona "mən
hazır deyiləm” demək hər futbolçunun başı üçün deyildi. Mən də səsimi
çıxarmadım. "Ustanovka” başa çatar-çatmaz özümü çölə atıb baş məşqçinin
sürücüsünə yaxınlaşdım. Qaldığımız evin açarını ona verərək "tez bizə get,
butsumu gətir”, - deyə xahiş etdim. O bizim harda qaldığımızı bilirdi. Oyunun
başlamasına dəqiqələr qalmış sürücü butsu gətirib çıxardı və həmin matçda
meydana çıxaraq dublla yadda qaldım.