Millimizin qapıçısı: "Məqsədimiz Dünya çempionatına vəsiqə qazanmaqdır"

Millimizin qapıçısı:
2020-ci il futzal üzrə Dünya çempionatına vəsiqə uğrunda oyunlarda Azərbaycan millisinin rəqibləri bəlli olub. 

Sport7.az xəbər verir ki, yığmamız Slovakiya, Moldova və Monteneqro komandaları ilə qarşılaşacaq. 

Oyunlar 22-27 oktyabr tarixlərində Bakida keçiriləcək. 

Millimizin və "Araz" klubunun qapıçısı Rövşən Hüseynli saytımıza açıqlamasında yığmamızın şanslarını dəyərləndirib:

"Rəqiblərimiz bəlli oldu. Bu komandalardan ikisi bizə tanış rəqibdi. İlk olaraq Slovakiya millisini xüsusi vurğulamaq istərdim. Çünki karyeramda ilk beynəlxalq sınağım bu komandaya qarşı olub. Bu matç Avropa çempionatına vəsiqə uğrunda "play-off" oyununa təsadüf edib. İlk görüş Bakıda 3:1 hesablı qələbə, cavab oyunu isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Fərqlənən oyunçuları var. Artıq oyunlarında irəlləyiş hiss olunur.

İkinci rəqibimiz olan Moldova seçməsi də bizə tanış olan rəqibdi. Bir sıra turnirlər və yoldaşlıq oyunlarında qarşılaşmışıq və qələbə qazanmışıq. İnkişaf edən güclü komandadır. Qrup lideri olması da bunun sübutudur. 

Sonuncu rəqibimiz Monteneqro haqda isə məlumatım yoxdu. Ancaq növbəti mərhələyə vəsiqə qazanıblarsa, demək çətinlik yarada biləcək rəqibdir. 

Ümumi götürəndə isə, futzalda inkişaf gedir və zəif rəqib yoxdu. Azərbaycan millisi qrupun favoriti olaraq göstərilir. Ancaq bu kağız üzərində belədir. Öz üzərimizdə çalışıb, əlimizdən gələni edib, meydanda favorit olduğumuzu göstərməliyik. Məqsədimiz Dünya çempionatına vəsiqə qazanmaq və medalçılar sırasına düşməkdir", deyə gənc futzalçı bildirib. 

Qeyd edək ki, futzal üzrə Azərbaycan millisi ötən il tarixində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazanıb və turniri 5-ci pillədə başa vurub. 
 
Röya Kərimli

Xəbər lenti