Millimizin qrupu ilə bağlı proqnozlarım

Millimizin qrupu ilə bağlı proqnozlarım

Nəhayət 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə nərhələsinin püşkü atıldı. Təbii ki, püşkatma mərasimində millimiz də rəqiblərini tanıdı. Bilirəm, futbolla lap dərindən maraqlananlar qrupda kimlərin yer almasından xəbərdardı. Yenə də xatırladım ki, Azərbaycan yığması A qrupuna düşüb. İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi komandamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. 

Artıq qrupda keçirəcəyimiz oyunlarla bağlı müəyyən proqnozlar səsləndirilməkdədi. Kimisi deyir heç bir dəyişiklik olmayacaq. Kimlərinsə daxilində böyük inam var. Məsələn, AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov kimi. Bundan əvvəlki məşqçilərlə bağlı danışarkən səsləndirdiyi fikirləri yenə də deyib, De Byaziyə inandığını, yaxşı nəticə göstərə biləcəyimizi, komandada inkişaf gördüyünü və sair kimi sözlər (Bu cümləni yazanda, açığı, bir az gülmək tutdu məni...) söyləyib. Qısası hər kəs öz təxminlərini bildirməkdədi...

Mən də fikirlərimi, daha doğrusu, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyimiz matçlarla bağlı proqnozlarımı demək istəyirəm. Nəyin necə baş verəcəyini artıq indidən müəyyənləşdirmişəm desəm yalan olmaz. Portuqaliya ilə oyun üçün proqnozumla bağlı deyə bilərəm ki, Ronaldo Azərbaycana gəlməyəcək. Gəlsə də oynamayacaq. Səbəb kimi ya zədə, ya da koronavirus təhlükəsini əsas gətirəcək. Çünki böyük futbolçular Azərbaycan millisi kimi kiçik komandalarla oyunlarda yalnız çox vacib məqamlarda meydana çıxır. Bundan başqa, ölkəmizə ayaq bassa, dərhal ətrafında azərbaycanlı mühafizəçilər peyda olacaq və xüsusi şəkildə qorunacaq. Onunla ilk şəkil çəkdirənlər elə mühafizəçilər olacaq. Sonra daha diribaş tərpənən azarkeşlərlə də (hər istəyənlə yox) şəkil çəkdirəcək. Meydana çıxmasa, formasını futbolçularımıza deyil, AFFA rəhbərliyindən kiməsə verəcək (Bəlkə də artıq kimə veriləcəyini müəyyənləşdiriblər, hətta Ronaldo ilə əlaqə də saxlayıblar) Bununla yanaşı, AFFA-nın icraçı vitse-prezidenti, həm də baş katibi Elxan Məmmədov Ronaldonu şəxsən öz otağında qəbul edəcək, müəyyən məsələlər ətrafında müzakirələr aparacaq. Sonra mətbuata açıqlama verəcək ki, "Ronaldo ilə gələcəkdə əməkdaşlıq barədə söhbət etdik, ola bilsin müəyyən layihələr gerçəkləşdirək, hətta ölkəmizdə onun adına futbol akademiyası (Oxu: "Yeni "havaya pul sovurma" layihəsi") açaq". Ardından AFFA-da yüksək vəzifələr tutan digər qeyri-futbol adamlarının da Ronaldo ilə görüşdüyü bildiriləcək və əlaqəli fotolar mətbuatda yayımlanacaq. Hə bir də qurumda yaxınları, qohumları olan insanlar, onlar vasitəsilə portuqaliyalı superulduzla şəkil çəkdirməyə nail olacaq. Futbolçularımızın isə belə bir şans əldə edib-etməyəcəyini deyə bilmərəm. 

Lüksemburqla son tsikldə qarşılaşmaq bizə nəsib olsa da nəticələr qane etmədi. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzduq, ikinci oyunda 0:0-a sevindik. Bu komanda ilə qarşılaşmalarda revanş almağa çalışacağıq. Çox güman ki, oyundan əvvəl hörmətli Vaqif bəy yenə inanamaq, sıx birləşmək lazım olduğunu söyləyəcək. Oyundan sonra isə "Lüksemburqla matç göstərdi ki, futbol oynaya bilirik" sözlərini işlədəcək. Əslində daha nələr deyə biləcəyini də müəyyənləşdirmişəm, ancaq onları açıqlamğa ehtiyac yoxdu, çünki hamıya məlumdu. Biz isə hər iki görüşdə bu rəqibdən 3 xal almaqla bağlı pretenziya irəli sürəcəyik. 

Serbiya və İrlandiya ilə matçlarla bağlı da xəyallar quracağıq. Oyunlardan əvvəl bu komandaları məğlub edə biləcəyimizi düşünəcəyik. Mütəxəssislər də bunu dəfələrlə xüsusi şəkildə vurğulayacaq ki, "futbolda hər şey mümkündü". Qısası nikbin xəyallarla yaşayacağıq. Hər şey bitəndən sonra isə işimizin başına qayıdıb növbəti tsikllər haqda düşünəcəyik.

Çox güman, bu tsikldən sonra AFFA rəhbərliyi nəticələri əsas gətirərək digər məşqçilər kimi Canni De Byazi ilə də yolları ayıracaq. Daha sonra yığma müvəqqəti olaraq yerli məşqçiyə həvalə ediləcək və Elxan Məmmədov növbəti əcnəbi mütəxəssis axtarışına başlayacaq. Nəticələrə görə AFFA bütün günahı ənənəvi olaraq məşqçilərdə, onlar da futbolçularda görəcək. Bundan o tərəfi olmadığı üçün hər şey futbolçuların boynunda qalacaq. Daha sonra onlara oyunlarda verilən mükafatlar (oxuyun: "pullar") da müzakirə ediləcək, mətbuatda layiq olmadıqları yazılacaq. Günahlandırmağa adam tapmayan və uğursuzluğu üzərlərinə çəkmək məcburiyyətində qalan o yazıq bədbəxtlər də söyülə-söyülə, tənqid oluna-oluna qazandıqları pulları götürüb ailələrinə aparacaqlar. 

Bunlar da mənim proqnozlarım. Əslində "proqnoz" adlandırmaq nə dərəcədə düzgündü deyə bilmərəm. Dəqiq olan odu ki, hər il eyni proseslər təkrarlanır. İndiki AFFA rəhbərliyi tam tərkibdə istefa verməyincə və futbolumuzu məhz bu oyundan anlayışı olanlar idarə etməyincə qarşıdakı illərdə də fərqli heç nə görməyəcəyik.

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR