Milliyə daha bir namizəd

Milliyə daha bir namizəd

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər siyahısında yer alan daha bir mütəxəssisin adı məlumdu. 

Sport7.az apasport.az saytına istinadən xəbər verir ki, almaniyalı Berti Foqtsun istefasından sonra müvəqqəti Mahmud Qurbanova tapşırılan posta Joze Morais də gələ bilər. Artıq tərəflər arasında dünən görüş də baş tutub.  

49 yaşlı portuqaliyalı mütəxəssis həmyerlisi və adaşı Joze Mourinyonun köməkçisi kimi məşhurlaşıb. Futbolçu kimi o qədər də məşhur olmayan Morais yarımmüdafiə xəttində yer alıb. 2000-ci ildə məşqçilik karyerasına "Benfika”da başlayan çalışdırıcı Mourinyo ilə məhz bu komandada tanış olub.  
Mourinyonun "Benfika”ya rəhbərlik etdiyi vaxtda Lissabon klubuna gələn Morais 2000-01-ci illərdə gənclərin məşqçisi olub. Bundan sonra iki Jozenin yolları daha 4 klubda kəsişib.  

2003/04 mövsümündə "Porto” ilə tarix yazan Mourinyonun köməkçisi məhz adaşı idi. Çempionlar Liqasını qazandıqdan sonra onlar Portuqaliya klubundan ayrılıblar. 5 il sonra həmyerlisini yenə özünə köməkçi dəvət edən Mourinyo ardıcıl beş il onunla çalışıb. 2009/10 mövsümündə İtaliya "İnter”i, 2010-13-cü illərdə İspaniya "Real”ı, 2013/14 mövsümündə isə İngiltərə "Çelsi”sində Mourinyonun sağ əli olan Morais 5 ay öncə həmyerlisindən ayrılmağa qərar verib. Çalışdırıcı "Porto”nun ardından "İnter”lə də Çempionlar Liqasının qalibi adını qazanıb.  

2001-03 və 2004-09-cu illərdə olduğu kimi, yenə baş məşqçi olmaq arzusuna düşən mütəxəssis bu ilin iyulunda "Əl-Şabab” klubunun "sükanı arxasına” keçib. Səudiyyə Ərəbistanında cəmi 3 ay işləyən Morais ötən ay postundan ayrılıb. Yarımadada 7 oyunda uduzmayan mütəxəssis 5 qələbə və 2 heç-heçəyə şahidlik edib.  

Morais baş məşqçi kimi yığmada da iş təcrübəsinə malikdi. Portuqaliyalı 2008-ci ildə Yəmən millisinə rəhbərlik edib. Bundan başqa, mütəxəssis Almaniyanın "Vestfaliya” (2001-02), "Drezdner” (2002), Portuqaliyanın "Santa Klara” (2004), İsveçin "Assiriska” (2005), Səudiyyə Ərəbistanının "Əl-Həzm” (2007), Tunisin "Stad Tunisyen” (2008) və "Esperansa” (2008-09) komandalarının da baş məşqçisi olub.    

Sport7.Az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR