Monolovo yarımfinalda, 3 güləşçimiz uduzdu

Monolovo yarımfinalda, 3 güləşçimiz uduzdu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, çempionatın beşinci yarış günündə - sentyabrın 18-də qadın güləşçilər 57, 59, 65 və 76 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Güləşçimiz Elis Manolova (65 kq) çempionata qələbə ilə başlayıb. Hindistan güləşçisi Kaur Novjata qalib gələn təmsilçimiz dörddəbir finalda türkiyəli Kadrie Aksoyu üstələyib. Yarımfinalda güləşçimizin rəqibi Rusiya idmançısı İnna Trajukova olacaq.

Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Alyona Kolesnik yarışa inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisiİrina Çixradzeyə "tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Koreya Xalq Demokratik Respublikasından olan idmançı İn Sun Yonq ilə bacarmayıb.

Digər güləşçimiz Tatyana Omelçenko (59 kq) ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığmamızın üzvü Yeni Zelandiyadan olan rəqibi Ana Paulina Mokeyavanı "tuşe” ilə məyus edib. Vyetnam təmsilçisi Ti Huonq Daoya da gücünü göstərən T.Omelçenko adını dörddəbir final mərhələsinə yazdırıb. Növbəti mərhələdə güləşçimiz Linda Moraisə (Kanada) uduzub.

Səbirə Əliyeva (76 kq) ilk mərhələdə Koreya Respublikasından olan idmançı Eunyu Hvanq ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz səkkizdəbir finalda almaniyalı Aline Rotter Fokkerə müqavimət göstərə bilməyib.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Dünya çempionatının finalına vəsiqə qazanmış Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) bu gün final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Emiliya Alina Vuk olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR