"Mourinyo da bizim oyunçularla heç nə edə bilməz" - Partiya sədri

Sport7.az saytı Azərbaycanın tanınmış simalarının futbolumuzla bağlı fikirlərini, iradlarını, tənqidlərini işıqlandırmaqda davam edir.

Bugünkü həmsöhbətimiz Ağ Partiyanın sədri Tural Abbaslıdır.

- Dünyanın ən çox sevilən, ən çox izləyici kütləsi olan idman növü futbol hesab olunur. Siz də bu idman növünü sevənlərdənsiniz?
- Təbii ki, mən də "idmanın şahı" sayılan futbolu sevənlərdənəm. Ancaq, deyə bilmərəm ki, bəzi insanlar kimi xüsusi olaraq izləyirəm, oyunları və oyunçuları təqib edirəm. Çalışıram özümün maraq dairəmdə olan futbol klublarının əsas oyunlarını izləyim. İzləyə bilməsəm də, ən azından nəticələr barədə, liqlərindəki yerləri barədə məlumatlı olum. Bir sözlə gözəl futbolu sevənlərdənəm.

- Maraq dairənizdə olan klublar hansılardır?
- Hər dövlətin liqasında bir futbol klubuna azarkeşlik edirəm. Azərbaycan klublarından əsasən "Neftçi", qardaş ölkə Türkiyədə "Qalatasaray", İngiltərədə "Çelsi", Almaniya "Bavariya", İspaniyada "Barselona" maraq dairəmdə olan futbol komandalarıdır. Ancaq, təbii ki, Çempionlar Liqasında iştirak edən hər komandanın çıxışı maraqlı olur.

- Ölkə futbolun səviyyəsini necə qiymətləndirirsiniz? 8 komandalı çempionatda daha çox paytaxt klublarının çoxluq təşkil etməsi, bölgələrdə futbolun olmaması və s. tipli məqamlar barədə nə düşünürsünüz ?
- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda futbol siyasəti başdan yanlış quruldu. Yəni, futbolumuzun alt yapısından qurulması əvəzində pula söykənən imitasiya xarakterli siyasət yürüdüldü. Nəticədə Azərbaycana neftdən gələn pullun həcmi azalan kimi, kartdan düzəldilmiş futbol sarayımız darmadağın oldu. Məlum oldu ki, nə regionlarda, nə uşaq futbolunda, nə milli komandada, nə də klublarımızın avrokuboklarda iştirakında köklü inkişaf və uğur yoxdur. Hətta paytaxt klublarının səviyyəsi belə orta statistik Avropa klublarından aşağıdır. Düşünürəm ki, milli futbolumuzun inkişafını istəyiriksə, Azərbaycan futbolundakı real vəziyyəti və problemləri nəzərə alınaraq uzun müddətli inkişaf proqramı hazırlanmalı və həyata keçirilməlidir. Burada hədəf və məqsədlər açıq şəkildə və tarixlərlə təsbit olunmalıdır ki, hansı hədəflərə nə zaman çatacağımız barədə aydın təsəvvürlərimiz olsun. Bizim yenidən velosiped kəşf etməyimizə ehtiyac yoxdur. Bizim idmanın yolunu keçmiş və bu gün uğur qazanmış kifayət qədər nüminə götürə biləcəyimiz dövlətlər mövcuddur. Bu məsələdə əsas iş bu məqsədə səmimi və fədakar yanaşmadır. İstək və iradə olarsa problemlər tezliklə həll oluna bilər.

- Bu durumda AFFA, klublar, yoxsa sponsorların yanaşmaması əsas təqsirkardır?
- Bu məsələlərdə ilk növbədə dövlət, yəni Gənclər və İdman Nazirliyi, daha sonra isə təbii ki, bu işlərə birbaşa cavabdeh olan AFFA və onun səriştəsiz rəhbərliyi günahkardır. Klublar və sponsorların burada heç bir günahını görmürəm. Hansı sponsor reklam verdiyi klubun güclü və tanınır olmasını istəməz? Ya da hansı klub güclü olub daha çox sponsor və maliyyə əldə etmək istəməz? Yəni, bu işi təşkil etməli olanların səriştəsiz və biganə münasibəti bizim futbolumuzun bu gündə olmasının əsl baiskarlarıdırlar. Müasir dünyada futbolun sadə idman növündən daha böyük bir məsələ olduğunu hər kəs anlamalı və bu işə bu məsuliyyətin verdiyi həssaslıqla yanaşmalıdır.
 


- Milli komandamızla bağlı nə düşünürsünüz?
- Bacardığım qədər millimizin bütün oyunlarını izləməyə çalışıram. Çünki yığmamız həm də ölkəmizin simvollarından biri hesab olunur. Yenə də təəssüflə vurğulamalıyam ki, millimiz də özünün uğurlu nəticələriylə fəxr edə bilməz. Baş məşqçiyə gəldikdə isə deyə bilərəm ki, mən o düşüncədə deyiləm ki, məşqçi bu məsələlərdə əsas həlledici fiqurdur. Dünyanın ən güclü məşqçisi belə olsa, məcburdur ki, ona təqdim olunan oyunçularla oyun qursun. Oyunçu yoxdursa, məşqçi nə edəcək və ya nə edə bilər? Əgər tək məşqçiylə həll olunan problem olsaydı təklif edərdim ki, Mourinyonu dəvət edək. Ancaq, əminəm ki, bizim oyunçularla o da heç nə edə bilməz. Futbol aşağıdan yuxarı, yəni, uşaq futbolundan üzü yuxura inkişaf etməlidir.

- Bəs futbol oynamaqla aranız necədir? Özünüzü yaşıl meydanlarda sınamısınız?
- İndi məşğuliyyətimlə bağlı demək olar ki, futbol oynamağa vaxtım qalmır. Həmçinin yaxşı futbol oynaya bilməmlə də fəxr edə bilmərəm. Daha çox məktəb və universitet illərində oynamışam. Hazırda çox nadir hallarda alınır bu. Ən son bir neçə ay bundan əvvəl Azərbaycanın müxalifət liderləriylə birlikdə 2 komanda təşkil etdik və öz aramızda bir oyun keçirdik. Hesab mənim də oynadığım komandanın xeyrinə bitdi. Ancaq, o oyundan sonra bir müddət  bu oyunun fiziki fəsadlarının əziyyətini çəkməli oldum. (gülür)... Ümumiyyətlə isə, idman sağlamlıq deməkdir və hər kəs həyatının kiçik də olsa bir hissəsini idmana ayırmalıdır. Çalışmalıyıq ki, ən azından uşaqlarımızın idmanla məşğul olmasına, sağlam  formalaşmalarına şərait yaradaq. Bu baxımdan istər orta məktəblərdə, istərsə də yaşayış sahələrində idmanla məşğul olmaq üçün meydançalar, sahələr olmalıdır. Bu məsələyə dövlət ciddi yanaşmalıdır. Çünki, bu günkü uşaqların, gənclərin sağlamlığı Azərbaycanın sağlam gələcəyi deməkdir.

Röya Kərimli
Sport7.az 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR