Mourinyu sayəsində özümüzü dünyanın ən yaxşı futbolçusu hesab edirdik / Con Terri

Mourinyu sayəsində özümüzü dünyanın ən yaxşı futbolçusu hesab edirdik / Con Terri

"Xüsusi bir şey... - onunla bağlı ilk xatırladığım budu. Onda səbəbini açıqlaya bilməzdim, amma indi geriyə baxanda niyəsini bilirəm. Joze Mourinyu "Çelsi"yə gələndə çox gənc idim. Bir neçə məşq sessiyasından sonra özümə dəftər aldım və gördüklərimi qeyd etməyə başladım.

Komanda iclaslarında, oyunlardan əvvəl və ya mətbuat önündə dediyi hər şeyin qeydini aparardım. Bəzən məşq zamanı etdiklərimizi məşq bitər-bitməz dəftərə yazardım. Sanki komanda yoldaşlarım baxışları ilə demək istəyirdilər: "Nə edirsən? Səndən başqa bunu edən yoxdu".

Baş verənlər məndə maraq oyatmışdı. Olurdu ki, soyunub-geyinmə otağında hər kəs məşqin əla keçdiyindən danışır, onun rəhbərliyi altındakı məşğələləri "ən yaxşı" adlandırırdı. Özümüzü mükəmməl və gümrah hiss edərdik. "Yaxşı məşq etdik"; "Hər kəs zövq aldı"... - hamının fikrini bir kənara qeyd etmək istəyərdim. Nadir hallarda olurdu ki, uşaqlar məşqdən zövq almırdılar. Ok, bunu da qeyd etmək olar.
 


Qeydlər aparmağımın səbəbkarı Joze idi. Hələ də onları saxlayıram. O günlərdə belə, bu qeydlərin gələcəkdə bir gün işimə yarayacağını bilirdim. Mourinyu gəldikdən sonra məşqçi olmaq istədiyimi anlamışdım. Ondan əvvəl isə sadəcə meydana çıxar və futbolumu oynayardım. Məşqlər barədə düşünməz, məşqçilik, məşq etdiyimiz meydanın ölçüləri və bu kimi başqa detallar haqda fikirləşməzdim. Sonra xüsusi bir şeyin şahidi oldum. Hər şey hazırlıqla bağlı idi.

Səhər saat 8-də meydanda olurdu. Fişkaları düzər, topları və formaları sayardı. Topdaşıyan uşaqları əvvəlcədən hazırlayardı ki, top kənara çıxanda tezbazar bizə qaytarsınlar. Təkcə mən yox, bütün komanda ilk gündən bəri onun necə yaxşı olduğunun fərqinə varmışdı. Və söhbət təkcə məşq meydançasından getmir, ondan kənarda - işin mental tərəfində də əla idi.

Zədələnərdim, bir neçə oyunluq meydana çıxa bilməzdim... Joze müalicə otağına daxil olardı, amma mənimlə danışmazdı. Hamıyla danışardı və mənimlə kəlmə kəsmədən çıxıb gedərdi. Komandanın kapitanı idim. Öz-özümə düşünərdim: "Görəsən, mənimlə niyə danışmır?" Bir dəfə fizioterapevtə demişdim: "Sabah məşqə çıxacam, belə olmaz".
 


Nə etdiyini yaxşı bilirdi. Damarıma necə basacağını, nə vaxt mənə qucaq açacağını, nə vaxt "ən yaxşı" olduğumu deyəcəyini və nə zaman media önündə məni, Lempardı, Droqbanı, Çexi, ya da Koulu "dünyanın ən yaxşısı" adlandıracağını bilirdi. Belə deyim: həqiqətən də onun rəhbərliyi altında ən yaxşı olduğumuzu düşünərək meydana çıxırdıq.

Belə şeylərin performansımıza böyük təsiri var idi və bunların tək səbəbkarı Joze idi. Doğrudan da dünyanın ən yaxşısı idik? Yəqin ki, yox. Amma o, bizə belə hiss etdirirdi".
 
Bu parça Con Terrinin "Coaches' Voice" üçün qələmə aldığı yazıdan götürülüb.
 
Tərcümə: Rüfət Məcid
 

OXŞAR XƏBƏRLƏR