Mümkünsüz zəfərlərin izində - Dieqo Simeonenin yolu

Mümkünsüz zəfərlərin izində - Dieqo Simeonenin yolu

"Balaca oğlum Culiano kruasanını südə batırdı, sonra onu dişlədi və mənə baxdı: "Ata, işlərin qaydasında getsə, geri qayıtmayacaqsan".

Həmin günü çox yaxşı xatırlayıram. Hər şeyi dəyişən telefon zəngi həmin gün gəlmişdi. "Atletiko"dan gələn zəng... Klubu çalışdırmağımı istəyirdilər.

Onda Culiano ilə zaman keçirmək üçün Mar de Platada idim. Cəmi 8 yaşı var idi. Önümüzdə kruasanlar, mənim kofem və onun südü... - barda oturmuşduq. Ona dedim: "Qulaq as, "Atletiko"ya getmək şansı yaranıb və mən nə edəcəyimi bilmirəm".

Culiano bu barədə düşündü: "Falkao rəhbərliyin altında oynayacaq? Komandan Messiyə və Ronalduya qarşı oynayacaq?"

Uşaq bunları olduğu kimi mənə deyirdi, mən isə dediklərini təsdiqləyirdim. Kruasanını südə batırmamışdan əvvəl əlavə etdi: "Ata, işlər qaydasında getsə, geri qayıtmayacaqsan".

Medalyonun iki üzü: bir tərəfdən bu, yaxşı xəbər idi, çünki istədiyim bir şey idi, digər tərəfdən uşaqlarımın böyüməsini görə bilməyəcəyim üçün o qədər də ürəkaçan deyildi.
 


Ciddi şəkildə məşqçi olmağa qərar verəndə 27-28 yaşım var idi, "Latsio"da oynayırdım. Məşqdən evə qayıdandan sonra qovluğu əlimə alıb, komandaya məşq keçən məşqçi kimi davranardım. Yəqin ki, bilirsiniz, uşaqlar oyun oynayanda təsəvvürlərində istədikləri şeyləri canlandırırlar, öz dünyaları olur. Mən isə yetkin biri kimi eynisini edirdim. Öz dünyamda məşqçi idim: komandaya təlimat verir, növbəti matçı düşünür və lazım olan hər şeyi planlayırdım. Günün sonunda görürdüm ki, ətrafım kağızla doludu: çəkdiklərim, apardığım qeydlər... Hər şeyi bir kənara qeyd etməyi sevirdim. Bütün bunlar məndə məşqçiliyə qarşı ruh yüksəkliyi yaradırdı.

Məşqçi kimi ən böyük ehtiras oyunçuları inkişaf etdirməklə bağlıdı. Təbii ki, çempion olmaq hamımızın istədiyi bir şeydi, ancaq məncə, məşqçi üçün ən böyük titul Koke, Lukas Ernandes, Anxel Korrea kimi, aşağıdan pillə-pillə yuxarıya qalxan oyunçuların yüksək səviyyəli professionallara çevrilməsini görməkdi.

Futbolçu kimi karyeramı bitirib, məşqçiliyə başlayanda Argentinaya - sonuncu klubum "Rasinq"ə qayıtmalı oldum. İlk dəfə mənə məşqçilik təklif edəndə "yox" deməli olduğumu bilirdim. İkinci dəfə? Eynisini təkrarladım. Üçüncü dəfə isə razılaşdım.

Komandanın bərbad formada olduğunu bilirdim. Ancaq eyni zamanda, oyunçulara bələd idim, çünki bir zamanlar onların komanda yoldaşı olmuşdum və işimizin öhdəsindən gələcəyimizə inanırdım. İnamımı qısa müddət ərzində sınaqdan keçirməli oldum. İlk dəfə kənarda - skamyada oturmaq məşqçilər üçün ən çətin şeydi. Uyğunlaşmağım çox zaman aldı. İlk üç görüşümüzdən məğlub ayrılmışdıq. Hətta qol da vura bilmirdik. Normal olaraq, insanlar gərgin idilər. Problemlər çox olsa da, onların öhdəsindən gəlməyə çalışmaq gücümüzə güc qatır, bizi rahatladırdı.
 


Çox inadkar biriyəm. Bir şeyi istəyirəmsə, bezənə qədər arxasınca gedirəm. Bu faktor məni yenidən "Atletiko"ya qaytardı. 2005-ci ildə klubdan ayrılanda komandaya faydası olmayan bir oyunçu idim. Özüm də varlığımın işə yaramadığının fərqində idim, çünki orada olmağım məşqçinin də işini çətinləşdirirdi. Çünki yaşlandıqca sahib olduğunuz isim, jurnalistlər və azarkeşlər üzərindəki təsir gücünüz faktora çevrilir.

Madriddən ayrıldıqdan sonra dərhal qayıdışıma dair planlar qurmağa başlamışdım. Futbolçu kimi karyeramı Argentinada bitirəcəyimi təxmin etmişdim - məşqçiliyə orada başlayacağımı da həmçinin. Hansı yolla olursa olsun, bir gün əlimə "Atletiko"nu çalışdırmaq imkanının keçəcəyini də bilirdim. Ona görə də buna əvvəlcədən hazırlaşırdım. 

Təyinatım rəsmiləşəndən sonra oyunçularla ilk görüşümdə nə danışacağım barədə çox düşünmədim. Heç vaxt deyəcəklərim barədə əvvəlcədən düşünən biri olmamışam. Hiss etdiyim kimi danışmağa, spontan olmağa çalışıram.

Üstünlüyə sahib olduğumu bilirdim. 5 il yarım "Atletiko"da oynamışdım. Ləvazimatçıları, işçiləri, prezidenti, "Visente Kalderon"un oturacaqlarını, orada matç izləyən azarkeşləri... - hamını tanıyırdım. Bütün bu bilik bazası sayəsində onların nə istədiyini yaxşı bilirdim.

"Atletiko" azarkeşləri həmişə rəqabətə davamlı komandaya sahib olmaq arzusunda olublar. Onlar müdafiədə güclü, əks-hücumda oynaya biləcək və böyük klublara problem yarada biləcək komanda istəyiblər... Mənim də hədəfim bu yöndə idi.

Komandaya məşqçi təyin olunanda vəziyyət elə də yaxşı deyildi. "Atletiko" La Liqada 10-cu sırada idi və Kral Kubokunda "Albasete"yə uduzaraq mübarizəni dayandırmışdılar. Ancaq mən onların insanlara lazım olan şeyi verə biləcəklərinə inanırdım.

Azarkeşlərlə oyunçular arasında güclü bağ var idi. Ehtiras insanları öz içinə çəkir - idmanın təbiətində bu var. Futbol da istisna deyil. Əsas başlanğıc nöqtəsi təyinatımdan beş ay sonraya təsadüf edirdi. Birlikdə Avropa Liqasını qazanmağımız yeni, önəmli mərhələnin başlanğıcı idi. Özümüzü işimizə həsr edəndə nələrin ola biləcəyini görmüş, reallığı dərk etmişdik.
 


Şübhəsiz ki, Avropa Liqasında qazandığımız zəfər başlanğıcdan etibarən nə istədiyini bilən bu qrup üçün başlanğıc idi. Ən böyüklərə qarşı mübarizə aparmaq... "Real" və "Barselona" ilə mübarizə apararaq İspaniya La Liqasının qalibi olmaq, demək olar ki, imkansızdı. Son 10 il ərzində bu iki komanda daim inanılmaz oyunçulara və böyük gücə malik olub. Ancaq çox çalışmaq, davamlılıq və qətiyyətliliklə, hə, təbii ki, böyük oyunçularla - çünki böyük oyunçularsız bunu bacara bilməzsən - mümkünsüz görünən bir şeyi reallaşdırdıq. 

Necə? Günbəgün etdiklərimizə, özümüzə inanmaqla. Və məşqçi kimi ikinci tam mövsümümdə əlimizə fürsət düşdü. Sözügedən rəqiblərdən birinin - "Real" - yarışdan azacıq uzaqlaşdığının fərqində idik. Odu ki, diqqətimizi digərinə - "Barselona"ya yönəltdik. Mövsümün sonuncu turunda "Kamp Nou"ya səfər etmişdik. Çempion olmaq üçün bir xala ehtiyacımız var idi. Rəqib meydanında bunu etməli idik.

Final fitindən sonra köməkçim Herman Burqosla birlikdə gülməyə başladıq. Titulu qazana biləcəyimizin fərqində idik. Ancaq bu, rəsmiləşən kimi sevincdən uçmağa başladım. Sonra? Sonrasını izah etmək çox çətindi. Hisslərin qarışığı idi. Həmin mövsüm, şübhəsiz ki, İspaniya futbol tarixində daim xatırlanacaq.
 


Futbolda dayanmaq, anın zövqünü yaşamaq mümkün deyil. Çünki sən yatdığın müddətdə kimsə işləyir. Bəzən müxtəlif saat qurşaqlarını hesaba qatıb, 24 saat işləməyin mümkünlüyü üzərində düşünürük: kimsə burada işləyir, başqa biri digər yerdə, dayanmaq yoxdu.

Futbol çətin bazardı. Futbolun böyük gücləri kimi, bir oyunçunun transferinə 150-200 milyon avro xərcləmək imkanımız yoxdu. Ona görə də komandanın daha yaxşı olmasından və inkişafımız üçün lazımlı olan parçaları tapmaqdan ötrü çalışmalı və kreativ olmalıyıq. Bu, transferlərdə səhv etməməli olduğumuz anlamına gəlir. Qulağa yorucu gəlirsə, bilin ki, doğrudan da, belədi. 

Dua edəndə tək istədiyim şey enerji olur. Sakitliyimi qorumaq və hiss etdiklərimi komandaya çatdırmağıma yardımçı olmaq üçün enerji istəyirəm. Davamlı enerjili olmaq ən çətin şeydi, çünki bir gün ərzində "sönə bilirsən".

Futbolçu karyeramın məşqçiliyim üzərindəki təsiri danılmazdı. İnsanların müdafiəyəmeyilli tərzə üstünlük verən məşqçi kimi tanıdıqları birində İtaliya və İspaniya illərinin çalarlarına rast gələ bilərsiniz.
 


Futbol oynamaq və məşqçilik etmək tamamilə fərqli şeylərdi. Futbolçu olanda komandanın ehtiyaclarını bir kənara atıb, özünü düşünürsən. Məşqçilikdə isə əksinədi. Hər şeyi görməlisən. Bütün detalları yaxşılaşdırmağa çalışmalı, rəqibin gücünü neytrallaşdırmalı, komandanın gücünü isə artırmalısan.

Hər şeydən də vacibi - güclü olmalısan, çünki mövsümün gedişində oyunçuları inandırmaq üçün bir neçə dəfə doğru yerdə, doğru sözləri işlətməyi bacarmalısan. Doğru sözləri tapmaq üçün isə açıq fikirli olmalısan. Mən çox dinləyirəm, çox sual verirəm. Yalnız bundan sonra hamı üçün ən yaxşı qərarı qəbul edib, icra edirəm. Yoxsa Mar de Platada Culianoya dediyim kimi: "Nə edəcəyimi bilmirəm".

Birlikdə 7 ili geridə qoyuruq. "Atletiko" mənim həyatımdı. Ümumilikdə həyatımın 13 ilini bir kluba həsr etmişəm - mümkünsüz görünən şeyləri reallaşdırdığım 13 il".

Dieqo Simeone ("The Coaches' Voice" üçün)

Hazırladı: Rüfət Məcid

Sport7.az

OXŞAR XƏBƏRLƏR