Nadir Qasımov: "Futbolun adı gələndə iyrənirəm"

Nadir Qasımov:
Xeyli vaxtdı Nadir Qasımovdan səs-səmir yox idi. Artıq futbolumuzun "unudulanlar" cərgəsinə salınmış, ölkənin tanınmış mütəxəssislərindən biri hazırkı durumundan narazıdı.

Hər halda Sport7.az-a açıqlamasında həm AFFA-dan, həm, futbol adamlarından, həm də... Elə hər şeydən aşkar narazılığını bildirdi. Göstərdiyi xidmətlərin qarşılığını heç bir şəkildə görmədiyini bildirən Nadir bəy artıq futboldan iyrəndiyini də dilə gətirib: "Hərdən çıxıram həyətə, passiv həyat tərzi sürürəm. İnanırsız, heç bir futbola baxmıram. 50 il bu sahədə can qoymuşam, çalışmışam. Sonda mənə qarşı bu cür münasibətdən sonra, inanın Allaha futbolun adı gələndə iyrənirəm. Kinoya filan baxıram. Düzdü bir ara tərpəniş oldu. Fikirləşdim ki, əlbət qeyrətə gəliblər. Amma sonradan bunların hamısının elə belə söhbətlər olduğunu gördüm. Televizorda 1997-ci ilin oyunlarını göstərirlər. "Xəzri"nin (Buzovna) ikinci yer tutan vaxtları idi. Ən güclü məşqçi adını qazanmışdım. İtaliya, Portuqaliya ilə özü də səfərdə heç-heçə, Norveçi 2:0 hesabı ilə məğlub edən Nadir Qasımov... Hamı qaçıb gizlənəndə, gedib ermənilərlə heç-heçə oynamışdım... Sanki ermənilər deyil, dünyanın yığma komandası idi. Onda Nadir yaxşı idi. Amma bu gün Nadir yoxdu. Heç soruşan da yoxdu ki, Nadir Qasımov hardadı, niyə işləmir, ölüb, qalıb? Yalnız zəng vuran sizsiz. Sizdən başqa heç kim, soruşub maraqlanmır. Bu adama çox təsir edir. Özü də bu yaşımda. İndi AFFA-da oturanların hansı məndən artıqdı, çox işləyib? Hansı məndən daha savadlıdı? Özüm ali savadlı insan Respublikanın əməkdar məşqçisiyəm. Daha nə etməliyəm ki, kiminsə yadına düşüm? "Neftçi"nin yüzilliyini keçirirlər, bir dəvətnamə belə göndərmirlər. Belə şeyləri görəndə fikirləşirsən ki, indiyəcən bunlardan xeyir görməmişəm, indidən sonra nə olacaq? "Sağ olsunlar" elə rəhbərlik gəlib "oturub" ki, bütün keçmiş insanların üzərindən xətt çəkilməsini istəyirlər. Yeni epoxa yaratmaq istəyirlər. Ona görə də nə maraqlanıram nə də futbollara baxıram. Keçən dəfə ukraynadan vaxtilə rəhbərliyim altında oynamış futbolçu gəlib, Bakıda mənimlə görüşdü. Ürəyim açıldı, bir az söhbətləşdik. Vəziyyət belədi. Bu gün deyəsən artıq futbolla məni heç nə bağlamır. 

Azərbaycan çempionatına baxmıram. Heç baxmaq da istəmirəm. Nə durum? Bir dövlətin ki, futbolu ancaq Bakı birinciliyindən ibarətdi, ona niyə baxım? Bölgələr kənarda qalıb. O gün öz-özümə düşünürdüm - Mingəçevir, İmişli, Gəncə, Zaqatala, Lənkəran, Yevlax, Masallı... Neçə minlik stadionlar batıb gedir. Nəyə görə? Yüksək dəstədə 26 komandamız vardı. İndi hardadı onlar? Hərdən "Qarabağ"ın oyunundan fəxrlə danışırlar. Başqa nə iş görüblər ki? Təkcə "Qarabağ"ın çıxışı ilə təsəlli tapırıq. Vəssalam, qutardı də başqa nəyimiz var? "Şuşa"ya görə neçə illər əziyyət çəkdim. Komanda sözünü deməyə başlayanda dağıtdılar, adını da qoydular ki, günahkar mənəm. Bunların hamısı təsir göstərir. Mənim də ailəm var. Bu yaşımda niyə belə stresslər keçirməliyəm? Ona görə də evdə oturmuşam, öz həyatıma davam edirəm".

Sport7.az

Xəbər lenti