Nail Kərimov:

Nail Kərimov: "Samir sürətli futbol oynayan komandanın üslubuna uyğun gəlir"

"Qəbələ" bu yaxınlarda daha bir uğura imza atdı. Söhbət klubun yetirməsi olan Samir Qurbanovun Çexiya təmsilçisi "Viktoriya Jijkov"a icarəyə verilməsindən gedir. "Qəbələ" ilə Çexiya klubu arasındakı anlaşmaya görə futolçu icarə əsasında iki il "Viktoriya Jijkov"un formasını geyəcək. Üstəlik o başqa bir kluba satılarsa "Qəbələ" bundan 20 faiz gəlir də əldə edəcək. Təbii ki, bölgə təmsilçimiz qurulan düzgün strategiya sayəsində digər klublarımızın əksəriyyətindən fərqli olaraq futbolçularımızn xarici komandaların formasını geyməsində böyük rol oynayır. Bu üzdən klubun akademiyasının direktor müavini Nail Kərimovla əlaqə saxladıq.

Nail bəy Sport7.az-a açıqlamasında Samirin gedişindən danışıb klubun mövqeyini və daha bir neçə futbolçunun da xaricə göndərilə biləcəyini söylədi: "Bundan əvvəl Fərid getmişdi. Kamran da Litvadadı. Mümkün qədər uşaqları xaricə göndərməyə çalışırıq. 10-15 nəfər olduqda onların arasından bir neçə nəfərin yüksək səviyyədə oynaması və xaricə getməsi ehtimalı daha da yüksələcək. İstedadlı uşaqlarımızı 18 yaşına çatan kimi Avropaya yönləndirməyə çalışırıq. Samirin daha bir neçə həmyaşıdı var ki, onların da xaricə getməsi hər an mümkündü. Onların üzərində bir neçə il iş aparırıq ki, Avropaya getmə ehtimalı yüksəlsin. Bununla yanaşı hələ 18 yaşı tamam olmamış, söhbət 2001/2002 təvəllüdlü futbolçulardan gedir, o siqnalı verən uşaqlarımız da var. Vaxt gələndə, hazır olanda göndərəcəyik".

Nail bəy Samiri hələ əvvəlki illərdə də xaricə təlim-məşq toplanışına göndərdiklərini bildirdi: "Samir ilyarım əvvəl Çexiyaya getmişdi. Hələ o zaman 17 yaşı tamam olmamışdı. O vaxt Fəridlə birlikdə "Slaviya"ya təlim-məşq toplanışına yollanmışdı. Təxminən 1 aylıq toplanış keçmişdi və çox bəyənmişdilər. Sonradan Çexiyanın 1-ci liqasından təklif gəldi. Ümumiyyətlə Çexiyanın həm yüksək, həm də 1-ci liqasından il ərzində digər Avropa ölkələrinə 40-50 futbolçu buraxılır. Bu da kifayət qədər böyük rəqəmdi və Samirin tramplin kimi istifadə etməsi üçün yaxşı şansdı. Qarşı tərəfin nümayəndələri də bizi inandırırdılar. Burada Vaqif Heydərlinin də böyük əməyi var. Biz nə qədər əziyyət çəkib uşaqları bu mərhələyə gətirirb çıxarırıqsa, Vaqif də onları xaricə aparmaq üçün o qədər çalışır. Bir növ uşaqların üzərində, birlikdə iş aparırıq".

Bəzi gənc futbolçularımız olub ki, xaricə gedib, amma sonradan tab gətirə bilməyib yenə Azərbaycana qayıdıb. Bəs ikiillik icarəyə göndərilən Samirlə bağlı nə düşünə bilərik? Kərimov bu sualımızı belə cavablandırdı: "Heç kim haqqında konkret fikir bildirmək mümkün deyil. Amma onu deyə bilərəm ki, xaricə göndərdiyimiz uşaqlar hamısı seçilmiş olub. Həm yaxşı potensialı olanları, həm də xarakterinə, şəxsiyyətinə inandığımız uşaqları Avropaya yönləndiririk ki, onlar yolları qapatmasınlar, əksinə özlərindən kiçiklərə də cığır açsınlar. Həmin uşaqlara təkan vermiş olsunlar. Bu nöqteyi-nəzərdən təkcə Samirə deyil, göndərdiyimiz bütün uşaqlara inanıram, güvənirəm. Ona görə də Vaqifə məsləhət görürəm. Həmçinin başqa menecer olarsa, onlara da bildirirəm. Söhbət hərtərəfli bələd olduğumuz uşaqlardan gedir. Bu bizim üçün bir növ biznes layihəsidi. Vətənə, xalqa xidmət etmək, Azərbaycan yığmasına futbolçu yetişdirməklə yanaşı, klubun ayaqda durması üçün biznesdi, yaxşı vasitələrdi. Uzağa getməyək, təxminən 1-2 ilə əvvəl bu məqsədlərimizdən danışanda, bəzən bizə gülürdülər. Deyirdilər ki, "Azərbaycanda Avropa səviyyəli futbolçu yetirşdirmək mümkün deyil". Hazırda görünən odu ki, mümkündü, etmək lazımdı. Xaricə göndərdiyimiz uşaqların sayı bayaq dediyim kimi, 10-15 nəfərə çatsa, artıq bundan gəlir də əldə etməyə başlayacağıq".

Maraqlıdı, Samiri "Qəbələ"yə kim gətirmişdi və o buna qədər hansısa məktəbdə futbolun sirlərini öyrənibmi?: "Samir "Qəbələ"yə 11 yaşında gəlmişdi. Əslən gəncəlidi. Buna qədər "Qəbələ"yə qarşı sınaq mərhələsində oynamışdı. Keçmiş məşqçilərimiz bəyəniblər. Yeri gəlmişkən, onu da deyim ki, həmin vaxt məşqçi Sənan Qurbanov idi. Sənanın məşqçilik dövrünə düşmüşdü və həmin vaxt Samiri də məhz o seçmişdi. Samir Gəncənin "Çinar" komandasında çıxış edirdi. O komanda yarışda uğurlu çıxış etmişdi. Səhv etmirəmsə ya qalib, ya da ikinci olmuşdular. Yaddaşımda düzgün qalıbsa, Samirin ilk müəllimi deyəsən İlham Səmədov olub. Gəncədə təxminən 1 il futbolla məşğul olub. Daha sonra, 11 yaşından 18 yaşına qədər "Qəbələ"də oynayıb".

Akademiya rəsmisi Samirin mövqeyi və hansı komandanın oyun üslubuna daha çox uyğun gəldiyini də dedi: "Solaxaydı, sol və sağ cinah hücumçusu kimi oynaya bilir. Yaxşı driblinqi, sürəti var və bitiricilik keyfiyyətlərinə malikdi. Hücumları qola çevirmək qabiliyyəti yaxşıdı, meydançada soyuqqanlıdı. Bu müsbət cəhətləridi. Mənfi cəhətlərini demək istəmirəm, inanırıq ki, onları da aradan qaldıracaq. Samir daha çox sürətli futbol oynayan komandanın üslubuna uyğun gəlir. İstənilən əks-hücumu başlaya və ya qolla bitirə bilər".

Nail bəy "Qəbələ" ilə Çexiya klubu arasındakı şərtlərlə bağlı bunları dedi: "2 illik icarədədi. İcarə müddətinin istənilən vaxtında müəyyən ödəniş etmək şərtilə "Viktoriya"nın futbolçunu almaq haqqı var. Həmçinin başqa kluba satılacağı halda, gəlirin 20 faizi "Qəbələ"nin hesabına köçürüləcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR