Nazar(ov)-Nazar(ov) dediyin...

Nazar(ov)-Nazar(ov) dediyin...


Amal ABUŞOV

Dmitri Valentin oğlu Nazarov. 1990-cı ilin aprelin 4-də Qazaxıstanın şimalında yerləşən Krasnoarmeysk rayonunda anadan olub, uşaq yaşlarında valideynləriylə birlikdə Almaniyaya köç edib. Onun 18 yaşı olanda almaniyalı məşqçi Berti Foqts Qazaxıstanla qonşu olan Azərbaycanın futbol millisinə baş məqşçi təyin edilir. Üzü üzlər görmüş qoca Foqts çox keçmədən anlamağa başlayır ki, Azərbaycan adlanan məmləkətin futbolunu quyunun dibindən çıxarmaq onun bacaracağı iş deyil.

Herr Berti qısa zamanda onu da başa düşür ki, bu ölkənin futbol təsərrüfatının rəhbərlərini top oyununun inkişaf edib-etməməsi heç zərrə qədər də narahat etmir. Əsas məsələ gözdən pərdə asmaq, futbolun inkişafı üçün böyük layihələrin həyata keçirilməsinin görüntüsünü yaratmaq və bu arada öz cibinin qeydinə qalmaqdı. Belədə Berti Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla yeni və çox gəlirli layihənin icrasına başlayır. Almaniyadakı dostlarının vasitəsiylə Foqts Azərbaycanın qonşusu İran, Türkiyə və Qazaxıstanla az-çox əlaqəli, ömürlərinin sonuna kimi Almaniya millisinə, eləcə də bundesliqanın iddialı klublarına düşmək şansı olmayan futbolçuların axtarışına başlayır. Onların müdhiş planına razılıq verənləri gələcəkdə böyük futbolçu karyerası gözləməsə də, maddi baxımdan xeyli irəli düşmək imkanı real görünürdü. Azərbaycan millisində oynamağa razılıq verirsən, Elxan Məmmədov də dərhal qollarını çirmələyib, sənə pasport təşkil edir. Sonra bir neçə dəfə millinin təlim-məşq toplanışına qatılırsan, rəsmi oyunlarda ehtiyat oyunçular skamyasında mürgü döyürsən, vəssalam. Özünü tranpilindən göyün yeddinci qatına sıçramış hesab edə bilərsən.

Belə xoşbəxtlərdən biri də elə yazımın əvvəlində adını çəkdiyim Dmitri Nazarovdu.

Qazaxıstanda doğulan, Almaniyada böyüyən Nazarovun Azərbaycanla hansı bağlılığı ola bilər? Bu suala konkret cavab verə bilən yoxdu. 2013-cü ildə ilk dəfə Bakıya gələn, amma sənədləşmə işində problem çıxan Dima əli-ətəyindən uzun geri qayıdıb və Qazaxıstandan xoş xəbərlər gözləməyə başlayıb. Ümid edib ki, doğulduğu ölkədən ona millinin formasını geyinmək üçün təklif gələcək. Hətta qazaxların könlünü almaq üçün Bakıya getdiyindən peşiman olduğunu dilə gətirməkdən çəkinməyib. Onun ötən ilin yayında Qazaxıstanın idman mətbuatına verdiyi açıqlamaya diqqət yetirək: "Boş yerə Bakıya getdim. Onlar mənə pasport düzəldə biləcəklərini söz verdilər, amma hər şey başqa cür oldu. Bəlkə də hər şeyin belə olması xeyrimədi. Qazaxıstan Futbol Federasiyasının rəsmiləri qışda mənimlə maraqlanmışdılar, daha sonra bir xəbər çıxmadı. Ümid edirəm ki, klubumda yaxşı oynasam millinin qapıları üzümə açılacaq”.

Görünən odu ki, Azərbaycan variantı alınmayanda Nazarov "soğan olsun, nəğd olsun” prinsipiylə özü Qazaxıstana elçi düşməyə çalışıb. Şübhə etmirəm ki, qazaxlar ondan ötrü bizimkilər kimi canfəşanlıq etməyib, gələcək üçün böyük vədlər verilməyib.

Təxminən bir il sonra cibində Azərbaycan pasportuyla Bakıya gələn Dima bu dəfə bizim saytlara, özü də tam fərqli sözlər deyir: "Mənim babam azərbaycanlıdı. İndi dünyadan köçüb. Yerli azarkeşlərin "milliləşdirilən” futbolçuları sevməməsinin mənə dəxli yoxdu, çünki mənim babam buralıdı. Milliyə fayda vermək üçün əlimdən gələni edəcəm”.

Aradakı fərqi özünüz görürsüz. İnsaf naminə qeyd edim ki, sonradan millinin formasında meydana çıxan Nazarov az-çox digər saxta azərbaycanlılardan fərqlənməyi bacarırdı. Amma hadisələrin sonrakı gedişatı göstərir ki, onun əsas məqsədi zəngin Azərbaycan klublarının diqqətini çəkmək imiş. Yoxsa, gələcək karyerasını düşünən futbolçu belə gənc yaşında Almaniya Bundesliqasından niyə imtina edib, bizim premyer-liqada oynamaq fikrinə düşsün ki? Biz gecə-gündüz dua edirik ki, millimizin üzvləri Biləcəridən o taya keçsinlər, xarici çempionatlarında oynayaraq səviyyələrini artırsınlar. Amma Dmitri Nazarov elitaya yüksəlmək şansı olan "Karlsrue”nin sıralarını tərk edərək, "Neftçi”, ya da "Qəbələ”nin formasını geymək fikrinə düşüb. Məlum məsələdi ki, Nazarov ordakı rəqabətdən çəkinir, Azərbaycan premyer-liqasında gününü keçirib, pulunu qazanmağa həvəslənib. Nazarovu himayə edən AFFA məmurlarının və onların menecer dostlarının iştahası da pis deyil. "Qəbələ”nin baş meneceri Zaur Əzizovun etiraf etdiyi kimi söhbət təxminən yarım milyon dollardan gedir.

Aman, nəzər dəyməsin. Ustadına bərəkəllah, Nazarov!

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR