Nazim Süleymanov:

Nazim Süleymanov: "Guya bilmirsiz ki, Bordin "Neftçi"də nəyə görə işləyir?"

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı fəaliyyətini davam etdirir. Müxtəlif bölgələrdə veteranlarla görüşən Nazim Süleymanovun sədrlik etdiyi təşkilatın sonuncu səfəri Sumqayıta olub. Bəs qarşıdakı planlar nədi? Ümumiyyətlə təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçibmi? Əslində Nazim bəyi aramaqda məqsəd bu sualların cavabını almaq idi. Ancaq söhbətimiz Azərbaycan Premyer Liqasının geridə qalan 3 turu, o cümlədən ölkə futbolunda növbəti dəfə böyük qalmaqal sayıla biləcək "Neftçi" - "Sumqayıt" matçından sonra baş verənlərə də getdi çıxdı... 

O, Sport7.az-a açıqlamasında əvvəlcə təşkilatın qarşıdakı planlarından danışdı: "Sonuncu dəfə Sumqayıtda olduq. Bu şəhərin futbol ictimaiyyəti ilə görüşdük. Üzvlərimizin sayı getdikcə çoxalır. Bu yaxınlarda konfransı keçirməyə hazırlaşırıq. Yəqin ki, iştirak edərsiz və hər şeyi görərsiz. Konfrans sentyabr ayında gözlənilir. İnşallah təsis edəcəyik. Qurultay keçirəcəyik, yeni sədr, rəyasət heyəti seçiləcək. Bu qurultayla Həmkarlar İttifaqının fəaliyyətini daha da genişləndirmək istəyirik".

Veteran futbolçu təşkilatı qeydiyyatdan keçirmək üçün qurultayın vacib olduğunu bildirdi: "Biz qurultay keçirməliyik ki, hər şeyi protokollaşdıraq. Bəzi nüanslar var, ola bilər ki, Ədliyyə Nazirliyində, ya da idmanın birləşdiyi Mədəniyyət Nazirliyində qeydiyyatdan keçirəcəyik. Variantları gözdən keçiririk. İstəyirik ki, təşkilatımız öz sözünü desin. Özunüz də bilirsiz, futbol Azərbaycanda nə vəziyyətdədi. Ona görə də çox dərinə getmək fikrində deyiləm. İstəyirik ki, futbolda sabitlik, haqq-ədalət öz yerini tutsun. Futbol ictimaiyyətində çalışan insanların haqq və hüquqları pozulmasın".

Azərbaycan Premyer Liqasının son turunda baş verənlər hər kəs gördü. "Neftçi" - "Sumqayıt" matçında yaşanan qalmaqallardan sonra həm paytaxt klubunun məşqçisi Etibar Tarıverdiyev, futbolçu Anton Krivotsyuk, həm də "Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov cəzalandı. "Neftçi"nin veteran futbolçusu kimi bu məsələdə Nazim bəyin də mövqeyinin maraqlı olduğunu düşündük: "Əslində bu cəzalar çoxdan olmalı idi. Təəssüflər olsun ki, belə deyil. Və bu nədən qaynaqlandı? Anton nə olsun ki, bu gün millinin üzvüdü? O belə təxribatı yaradırsa, özünü futbol meydançasında idarə edə bilmirsə... Sizə faktlar gətirim, o vaxtı "Bakı"da Vadim Borets, "İnter"də Georgi Lomaya vardı. İdman kanalında oyun yayımlanan zaman onlar jest göstərdilər. Bu hadisələrdən sonra o futbolçuları 24 saat ərzində Azərbaycandan qovmaq lazım idi. Təəssüflər olsun ki, buna diqqət belə ayrılmadı. İndi də dünənki uşaq, Krivotsyuk Azərbaycan futbolunda belə hadisələr yaradır. Nəticədə belə olmalı idi də. Jurnalistlərdən biri gözəl sözlər yazmışdı - "Əvvəllər Topaz Premyer Liqası idi, indi qapaz Premyer Liqasıdı". Əslində təşkilatımız belə işlərə qarışmır. Amma təşkilat olaraq fikir bildirməliyik. Əsas məqsədimiz odu ki, Azərbaycan futbolunda müqaviləsi bitmədən qapı göstərilən futbolçuların, həkimlərin, məşqçilərin və sair digər işçilərin işlərini bərpa edək. Ancaq xarici futbolçulara belə edə bilmirik. Qəpiyinəcən pulu ödəyirik və yola salırıq. Azərbaycan futbolunda çalışan, o cümlədən çalışmış işçilərin haqq və hüquqlarını, təzminatlarını düşünən bir təşkilatıq". 

Mütəxəssis qalmaqalla bağlı məsələyə münasibət bildirərkən, bunları da sözlərinə əlavə etdi: "Bilirsiz, futbol kolletiv oyundu. Bir futbolçunu qurban verməklə, 10-15 oyunçu qazana bilərik. Təəssüflər olsun ki, belə qurbanlar vermirik. Krivotsyuk hardan gəlib? Ukraynadan gəlib və onu milliləşdirmişik. Üstəlik yığmaya gətirmişik. Bunu biz etmişik. Mənim rəhbərliyim altında U-19 yığmasında, daha sonra U-21-də də oynayıb. Milli komandanın futbolçusu Azərbaycan çempionatında belə təxribata yol verməməlidi. Öz hisslərinə hakim ola bilmirsə, onu diskvalifikasiya etməlidilər. Həkimə gedirik, bizə dərman yazır. Amma xəstəliyin kökün araşdırmaq və müalicə etmək lazımdı. Bunlar olmasaydı Tarıverdiyev gedib Ayxan Abbasovla dalaşacaqdı? Əlbəttə ki, xeyr. Heç kim də cəza, yaxud pul cəriməsi ödəməyəcəkdi. Bu hardan qaynaqlanır? Əsas mənbə odu".

Süleymanov sabiq klubu "Neftçi"nin durumu ilə bağlı da danışdı: "Neftçi"nin durumu ilə məşğul olan insanlar var. Biz kənardan mütəxəssis rəyi bildirə bilərəm. "Neftçi"də pərdəarxası nələrin baş verdiyini hamımız bilirik. Gəli belə danışaq. Özüm haqda deyirəm, komandada işləyəndə səhvlərimi axtardılar və komandadan xaric etdilər. Məndə səhv axtarırdılar. Amma xarici məşqçi deyir ki, "mən uduzdum, səhv etdim". Bunun səhvi var də düzdü? Lakin onu komandadan çıxarmırlar. Deməyim odu ki, azərbaycanlı məşqilərin səhvinin üstünə bir qədər də qoyub klubdan xaric edirlər. Amma xaricilər özləri  "səhvə yol vermişəm" desə də ona heç nə etmirlər. Səhv edibsə, deməli, qovmaq lazımdı. Turnirlərdə iştirak edib uduzurlarsa, onda nəyə lazımdılar? Guya bilmirsiz ki, Bordin "Neftçi"də nəyə görə işləyir? Biz də, siz də bilirik ki, bəzi futbolçular nəyə "işləyir", indiyə qədər nələr baş verib. Azərbaycan futbolunda maliyyə böyükdü. Əvvəllər də olub, var. Ancaq hamısı futbola yatırılmır". 

Məşqçi Premyer Liqanın geridə qalan 3 turu və ümumiyyətlə bu mövsüm nə gözlədiyini də bildirdi: "Hamımız bilirik ki, Premyer Liqada nə gözlənilir və nələr olacaq. Həmçinin də Birinci Divizionda. Deyir, "görünən kəndə nə bələdçi?". Guya nəsə qeydri-adi bir şey olacaq?".

Yeri gəlmişkən, yığmamızın sabiq futbolçusu "Qarabağ"ın Avroliqadakı şanslarını da dəyərləndirdi: "Gözləyirdik ki, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşə bilər. Hansısa səbəblərdən olmadı. Amma Avroliqanın qrupunda oynaması çox yaxşı haldı. Ona görə ki, "Sevilya" kimi Avroliqada ən çox çempion olmuş komanda Bakıya gələcək. Bəli, "Sevilya" qrupun favoritidi. Baxmayaraq ki, evdə bu rəqibdən xal da götürə bilərik. Futbolda olan hallardı. Səfərdə niyə xal götürə bilməyəcəyimizi deyirik? Biz ki, "Atletiko"dan xal almışdıq. APOEL-lə "Qarabağ"ın şansları çoxdu. Ümumiyyətlə "Qarabağ"ın bu il qrupdan çıxmaq şans böyükdü. Lüksemburq klubunu zəif kimi görürük. Amma elə ən çətini bu cür zəif komandalarla oynamaqdı. Zəiflərə qarşı daha yaxşı oynamalıyıq. "Düdelanj"la oyunlarda 6 xalı götürməyimiz vacibdi. APOEL-ə borcumuz var. Borclu borclunun sağlığını istər. İnşallah APOEL-lə həm səfərdə, həm də evdəki oyunda nəyə qadir olduğumuzu göstərərik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR