"Nə "Çelsi"nin, nə də "Atletiko"nun Bakıda qələbə qazanacağını demək olmaz" - Səttar Əliyev

"Qarabağ" evdə "Roma"ya məğlub oldu. Oyundan əvvəl müxtəlif fikirlər vardı, hətta İtaliya klubundan xal ala biləcəyimizi də düşünənlər vardı. Bəs Səttar Əliyev nə düşünür?

Tanınmış mütəxəssis Sport7.az-a açıqlamasında oyunla bağlı bunları söylədi:

"Qarabağ" pis təsir bağışlamadı. Düzdü başlayanda səhvlər oldu və qol buraxdılar. "Roma" təcrübə baxımından bizdən üstün idi deyə səhvlərimizi bağışlamadı. Amma 0:2-dən sonra toparlandı və öz oyununu göstərdi. "Qarabağ" elə komandadı ki, topla hərəkət edə bilir. Amma Çempionlar Liqası ilə Avroliqa eyni deyil. Burda oynayanlar ölkələrinin ən güclüləridi. 

Onu da deyim ki, "Atletiko" ilə oyun "Qarabağ" üçün bundan da ağır olacaq. Daha diqqətli olmaq lazımdı. ÇL-də səhvləri bağışlamırlar. Yəqin ki, Qurban Qurbanov da oyunu analiz edib, buraxılan səhvləri aradan qaldıracaq. 

Deməzdim ki, "Roma" tam gücünü qoymadı. Sadəcə 2 qoldan sonra az da olsa sakitləşdilər. Amma "Qarabağ" qol vurub və təzyiqi artıranda "Roma" hiss etdi ki, boşalmaq olmaz. Nəticə heç-heçə ola, hətta qələbə də qazana bilərdik. Şanslarımızdan istifadə etsəydik. Futboldu, gələcəkdə yenidən ÇL-də oynasaq nə etmək lazım olduğunu bildilər. 

Futbolda heç nə sığortalanmayıb. Nə "Çelsi"nin, nə də "Atletiko"nun gəlib Bakıda 100 faiz qələbə qazanacağını demək olmaz. Düzdü hər 3 rəqib "Qarabağ"dan güclüdü. Mən də düşünürdüm ki, "Roma"dan xal ala bilərik. Yenə də ümid edək ki, Bakıda hansısa komanda ilə heç-heçə oynayacağıq".

Sport7.az

Xəbər lenti