"Nə klub, nə də fanklub tərəfindən etiraz aksiyası olub" - "Turan Tovuz"un mətbuat katibi

Bir müddət öncə tovuzlu azarkeşlər "feysbuk" vasitəsi ilə AFFA-nın binasının qarşısında etiraz edəcəklərini bildirmişdilər. 

Bunun səbəbini isə "Turan Tovuz"un premyer-liqaya çıxmamasının günahını AFFA-da görmələridi. Halbuki birinci divizionda komandanı saxlayan qurum premyer-liqaya da çıxmaq üçün 250 min manat ayrımağa razı idi. Tələb olunan 500 min manatın yarısını isə tovuzlular tapmalı olduğu halda heç kim kluba yaxın durmaq istəmədi. 

Buna baxmayaraq ümidlər hələ tam üzülməyib. Lisenziyalaşma ilə bağlı qərar çıxsa da "Turan Tovuz"un hələ premyer-liqada iştirak etmək şansı var. Bunun üçün qısa müddət ərzində tələb olunan bank təminatı verilməlidi.

Bəs tovuzlular nə düşünür? Komandalarını premyer-liqada görmələri üçün yenidən etiraz aksiyası, piket filan keçirmək istəyirlər?

Bununla bağlı klubun mətbuat katibi Süleyman Tağıyevlə danışdıq. Tağıyev Sport7.az-a açıqlamasında bunları söylədi:

"AFFA-nın qarşısında aksiya keçirmək istəyənlər kənarda olan, müstəqil azarkeşlərdi. Sırf Tovuzda olanlar inanmıram ki, elə etsinlər. Ən azı stadionun qarşısına heç kim gəlməyib. Fanklubla sıx əlaqə saxlayıram. Bilirsiz, reallıq budu kimdən kimə etiraz edəsən? Maddi imkan, sponsor yoxdu premyer-liqada oynamağa. Azarkeşlər də başa düşürlər, ən azından komandaya rəhbərliyə mənəvi dəstək olurlar ki, qısa müddətdə bu problem yoluna qoyulsun. 

Yəni, nə klub, nə də fanklub tərəfindən piket, etiraz aksiyası olub. Demək olar ki, hər gün fəal uşaqlar klubla məsələnin nə yerdə qalması ilə maraqlanırlar. Piket etməkdənsə məsələnin həllinə çalışmaq lazımdı. Rəhbərlik də əlini yanına salıb oturmayıb. Müəyyən şəxslərlə danışıqlar aparırlar. Apellyasiya müddəti var, hələ açığı ümidimizi üzməmişik. Hazırda kimin üzərinə nə düşürsə onu edir. Reallıq budu ki, klubun maliyyə imkanları yetərincə deyil. Rəhbərliyin hazırda hansısa etiraza baş qoşmağa da vaxtı yoxdu, axtarışdadılar. Çalışırlar ki problemi yoluna qoysunlar. Çox söz-söhbətlər gəzir, amma ortada heç nə yoxdu".

Sport7.az

Xəbər lenti