"Nə klubumuz, nə də onu Azərbaycana gətirən menecer tərəfindən səhlənkarlıq olub" - "Kəpəz" rəsmisi

Məlum olduğu kimi, "Neftçi" ilə oyunda "Kəpəz"in köhnə-yeni transferi Dario Federiko meydana çıxa bilmədi.

Bunun səbəbi isə futbolçunun transferində yaranmış problemlər oldu. Kimlərinsə səhlənkarlığı üzündən braziliyalı fasildən sonrakı ilk turda meydana çıxa bilməmişdi. Bəs bunlar kimin səhlənkarlığı idi? Məsələ ilə bağlı klubun mətbuat katibi Azad Mustafayev Sport7.az-a açıqlamasında bunları söylədi. 

"Nə klubumuz, nə də onu Azərbaycana gətirən menecer tərəfindən səhlənkarlıq olub. Sadəcə, oyunçuların qeydiyyatı, sərbəst qalması və ya digər klubla müqavilə bağlaması ilə əlaqədar mərkəzləşdirilmiş sistem var. Belə deyim, orda "ok" düyməsini basmaq lazım idi ki, Dario gəlib Azərbaycanda oynaya bilsin. Bu da Koreya klubu tərəfindən edilməyib. Bu gün yoluna qoyulmalıdı. Məsələ həllini tapan kimi futbolçu "Kəpəz"ə kömək edəcək. Dünən mətbuat konfransında Yunis müəllim də dedi ki, Dario oynasaydı hesab başqa cür alına bilərdi".

Azad bəy Gəncə şəhər stadionunun qazonu ilə bağlı da fikirlərini bildirdi. Klub rəsmisi hazırda saralmış vəziyyətdə olan meydançanın durumunu belə izah etdi: "Heç bir problem yoxdu. Bütün hallarda oyunlar Gəncədə keçiriləcək. Sadəcə, qış mövsümünə uyğun olaraq meydançanın rəngi saralır. Yaşıl qalmır. Dərmanı, gübrəsi vaxtında verilir. Qış mövsümüdü deyə ot saralıb".
 
Sport7.az

Xəbər lenti