"Nə qədər iddialı olacağımızı çempionat göstərəcək" - Samir Abasov

Cari mövsüm Avroliqaya vəsiqə verən 4-cü pilləni tutmağa yaxın olsa da son anda "Sumqayıt"ın bu istəyi həyata keçmədi. 

Amma buna baxmayaraq Samir Abasovun komandası heç də pis çıxış etmədi. Demək olar ki, bütün rəqiblərinə boy göstərməyi bacardı. Bəs Abasovun yay planları nədən ibarətdi?

Mütəxəssis Sport7.az-a açıqlamasında planlarla bağlı bunları söylədi:

"Artıq 4 futbolçu ilə müqavilə bağlamışıq. Yeni oyunçulardı. Üstəlik əvvəlki komandadan istədiyimiz futbolçularla da müqavilənin müddətini uzatmışıq. 

Planlara gəlincə yaxın bir həftə ərzində dəqiq məlum olacaq. Açığı bu komandadan yox, özümdən asılıdı. Bildiyiniz kimi PRO kurslarında oxuyuram. Orda hansı gündə, hansı dərslər olacağı ilə bağlı qrafik çıxmalıdı. Dərslərlə əlaqədar Gürcüstan səfərimiz var. Bunlar müəyyənləşəndən sonra proqram tərtib edəcəm.

Təxmini fikirlərim belədi ki, iyunun 20-si yığışmaq istəyirik. Daha sonra Azərbaycanda məşqlərimizi keçəcəyik. İnşallah Türkiyədə də ikihəftəlik toplanış istəyirəm. Rəhbərliyimiz də bu istəyimizin həyata keçməsinə çalışır. Görək nə olacaq.

Növbəti mövsümdən 8 komandanın olması əksinə, işimizi daha da çətinləşdirir. Ən azı rəqiblər güclü olacaq. Futbolçu sayı azdı və bu komandalar arasında bölünürlər. Üstəlik bilirsiz ki, bizə legioner icazəsi yoxdu. Bu mənada çərçivəmiz dardı. Ona görə də keçənilkindən çətin olacaq. Gördüyümüz işlərdən sonra məqsədimiz bəlli olacaq. buna da vaxt lazımdı. Görək hansı futbolçuları götürə bilirik. Daha sonra özümüzə yer seçəcəyik.

Hər il güclənmək istəyirik. İnanıram ki, istəyimizə çatacağıq. Nə qədər iddialı olacağımızı çempionat göstərəcək".

Sport7.az

Xəbər lenti