"Nə qədər ki, Ceyhun Sultanovla Kamran Quliyev "Neftçi"dədi..." - MÜSAHİBƏ

Menecer Xanbaba Daşdı ilə "Neftçi", bir qədər də konkretləşdirsək klubun İdman Direktoru Ceyhun Sultanov arasında mübahisə hələ davam etməkdədi. Saman Nərimancahanın paytaxt klubuna transferindən sonra tərəflər arasında yaranan problem müxtəlif vaxtlarda müzakirəyə çıxarılsa da həllini tapmayıb. Xanbaba bəy məsələ ilə bağlı AFFA-ya şikayət ünvanlayaraq "Neftçi"nin ona ödəniş etməli olduğu iddiasını qaldırsa da qurum müsbət qərar verməyib. "Şahdağ"da prezident vəzifəsini tutduğu və AFFA-da vasitəçi kimi rəsmi qeydiyyatda olmadığı üçün Xanbaba bəyin tələbi təmin edilməyib. Ancaq futbolçunun məhz onun vasitəsilə "Neftçi"yə transferi təsdiqlənib. Məsələ qapanmadığından menecerlə klub arasında gedən proselərlə maraqlandıq.

Xanbaba bəy Sport7.az-a müsahibəsində bunları söylədi: "Transfer və Status Komitəsi qərarını açıqladı. Orada iki bənd göstərilib və mənim sırf komisyonla bağlı iddiam təmin olunmayıb. İkinci bənddə qeyd olunub ki, "Neftçi"nin yol verdiyi qanunauyğunsuzluqlarla bağlı araşdırma İntizam Komitəsinə (İK) həvalə edilsin". Yəni, iş artıq İK-ya göndərilib. Orada "Neftçi"nin və Ceyhun Sultanovun yol verdiyi FİFA qaydalarına zidd hərəkətlərinə baxılacaq, daha sonra sanksiya, yaxud cəzamı deyim, tətbiq olunacaq. Əlavə nələrin, hansı dərəcədə olacağını bilmirəm, amma gedişat onu göstərir ki, sanksiya qaçılmazdı. İK ilə də mütəmadi əlaqə saxlayıram. Önümüzdəki ayın 6-sı toplanmalıdılar. Yəqin ki, ayın ortalarında da iclas keçirilər və konkret qərar açıqlanar. İK-nın cəzası qane etməyəcəyi halda məsələni FİFA/CAS-a çıxaracağam. FİFA qaydalarına uyğun əleyhimə haqlı qərar veriblərsə, İK-nın da "Neftçi" və Ceyhun Sultanova sanksiyalar tətbiq edəcəyini gözləyirəm. Mən hüquqi tərəfdən haqsız olduğumu görüb, Transfer və Status Komitəsinin qərarından apellyasiya şikayəti vermədim. Qarşı tərəfə verilən cəza qaneedici olmasa, FİFA-ya şikayət ünvanlayacağam.

- "Neftçi"yə hansı cəzanın veriləcəyini gözləyirsiz?

- Ölkəmizdə yaşanan ilk haldı. İndiyə qədər nə İK, nə də Transfer və Status Komitəsi bu cür şikayətə baxıb. Ona görə nəsə deməyim düzgün olmaz. Hüquqşünaslar ən sərt cəzanın nə ola biləcəyini hazırlayıblar artıq. Bizim işimiz isə hələlik bitib. Əminik ki, İK tərəfindən haqlı qərarlar veriləcək.

- Adətən xarici ölkələrdə belə hallar yaşananda kluba hansı cəza verilir?

- Bu tam başqa məsələdi. Belə hallar praktikada çox nadir görünür. Azərbaycan praktikasında isə ümumiyyətlə olmayıb. Mən rəsmi proseduru deyirəm. Əslində "Neftçi" rəhbərliyi ilə bağlı belə hallar o qədər olub ki. Bir neçə agentin başına bu cür oyunlar gətirilib. Təkcə mən deyiləm. Ancaq bu qədər rəsmi səviyyəyə qalxmış söhbətlər olmayıb. Dünyya praktikasında çox az hallarda oxşar problemlər yaşanır. Olsa belə FİFA açıqlamır. Yalnız, məsələn önəmli klublarla bağlı qərarları açıqlayır. Kiçik detallarla bağlı ictimaiyyətə heç vaxt məlumat verilmir. İK-ya bildirmişəm ki, baxsınlar, hüquq nəyə imkan verirsə, ona uyğun da cəza tətbiq olunsun. Qanunun imkan verdiyindən daha yüngül şəkildə cəzalandırılsalar, FİFA-ya şikayət ünvanlayacağam. 

- Ceyhun Sultanova üzbəüz görüşüb, problemi həll etməyə çalışmısızmı?

- 1-2 dəfə olub, ancaq baş tutmayıb.

- Özü boyun qaçırıb?

- Bəli, özü boyun qaçırıb. Mən lazım olan bütün cəhdləri etmişəm.

- Bundan sonra "Neftçi"ylə işbirliyinə getməyi düşünürsüzmü, yoxsa necə deyərlər, "körpülər yandı"?

- Nə qədər ki, Ceyhun Sultanovla Kamran Quliyev ordadı, heç bir iş birliyindən söhbət gedə bilməz. "Neftçi" qəlbimizin bir parçasıdı, o klubla çalışmaqdan qürurlanmaq olar ancaq. Təəssüf ki, klub bu cür insanların güdazına gedir. Göz görə-görə haqqımı yeyən insanlarla bundan sonra nəinki işləyərəm, heç salam da vermərəm. Mənə qarşı çox hörmətsizlik etdilər.

- İndi Azərbaycanda hansısa klublarla əməkdaşlıq edirsiz, yoxsa əsasən xaricilərlə çalışırsız?

- Azərbaycanda bütün klublarla münasibətim yaxşıdı. Demək olar hamısına təkliflər etmişəm. Bu transfer pəncərəsində də oyunçular təklif edəcəm. Ancaq məlum məsələlərə görə durğunluq var. Xaricilərlə əməkdaşlığım öz yerində, gündən-günə belə ölkə və klubların sayı artmaqdadı.

- Qarşıdan transfer dönəmi gəlir, bununla bağlı hər hansı planlarınız varmı?

- Türkiyə super liqasının iki təmsilçisi ilə rəsmi danışıq apardığım oyunçular var. Hər ikisi ilə proseslər yekunlaşmağa doğru gedir. Problem olmasa, iyulun ortalarına doğru rəsmi müqavilə bağlayarıq. Ən əsas orda liqaların başa çatmasını gözləyirəm. PTT liqasından "Hatay", "Adana Demirspor", "Erzurumspor"la çox möhkəm əlaqələrim var. Hər üçü də super liqaya yüksələ bilər. Bu baş tutsa, qarşıdakı mövsüm transfer bazarlığımız daha da arta bilər.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR