“Neftçi” düzəlmir ki, düzəlmir, baba!

“Neftçi” düzəlmir ki, düzəlmir, baba!
"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev "Zirə”yə uduzandan sonra "hələ heç nə bitməyib” deyib. Düz deyir, mən Elxan müəllimlə razıyam. "Heç nə” bitməyib, amma "hər şey” bitib. Özü də "Zirə”ylə oyundan sonra yox, xeyli əvvəldən. Elxan Abdullayev kimi bir çalışdırıcının "Neftçi”yə baş məşqçi gətirlməsinin özü belə ölkənin ən qocaman komandası üçün hər şeyin bitməsi anlamını daşıyırdı.

AFFA-nın "Neftçi”yə təhkim etdiyi Abdullayev qış fasiləsindən əvvəl dil boğaza qoymurdu, elə hey "bu, mənim komandam deyil, yeni transferlər ediləndən sonra siz mənim komandamı və məşqçilik bacarığımızı görəcəksiz” deyirdi. Gördük, cənab Abdullayev. Yox, fikrimi düzgün ifadə etmədim. Biz onsuz da görmüşdük. Bu dəfə görməyənlər də gördü.

Abdullayev və onun adaşı tərəfindən "Neftçi”yə göndərilən digərləri deyəndə ki, "komandaya yeni transferlər etməklə nəticələri dəyişəcəyik, iddialarımıza uyğun yerlərə yüksələcəyik, qələbələr sıralanacaq", biz gülürdük. Məlum məsələydi ki, qış fasiləsində heyətinə 9 futbolçu qatan komandada uyğunlaşma problemi yaşanacaq, yenilər vahid ansambla çevrilənə qədər yetərincə ciddi zaman tələb olunacaq. Bütün ehtimallarımız doğruldu. "Neftçi” indi təkcə zamanı itirmir, həmin zamanla birlikdə qızıldan da qiymətli xallar əldən çıxır. Bu komandanın ölkə kubokunun finalına, ordan da avrokuboklara gedən yolu süni təsirlərlə, meydan kənarda çıxarılan oyunlarla açılsa belə, heç nə dəyişməyəcək. Avropa Liqasına qazanılan saxta vəsiqə "Elxanların "Neftçi”si”nin uğuru sayılmayacaq. Lap həmin aldadıcı nəticələrdən eyforiyaya düşsələr belə, qitə kuboklarındakı ilk ciddi rəqibin sərt silləsi ilə yuxudan ayılacaqlar.

Yaman tələsmişdilər. Yağlı təriflər demək üçün alışıb yananları, min bir bazarlıqdan sonra qazanılan qələbələrə sevinməkdən ötrü səbrsiz davrananları deyirəm. Bir andaca Orxan Hüseynzadəni, Elxan Abdullayevi və onların menecerlərlə əlbir olub "Neftçi”yə gətirdiyi 9 yeni futbolçunu qəhrəmana çevirmiş, həqiqəti yazan, acı gerçəkliklərin üzərindən sükutla keçməyənlər düşmən elan olunmuşdu. İndi hardadılar?

Kimə lazımdı sizin o 9 yeni futbolçunuz ki, limit səbəbindən serbiyalı qapıçını ehtiyatda saxyalıb, "çərçivə”ni "milliləşdirilmiş” Vayloya tapşırmağa məcbur olursuz? Gözünə döndüyüm "Ukrayna azərbaycanlısı” da ən vacib məqamlarda "quşu” "quş” dalıyca uçurdur. İndi başa düşdünüz ki, komandaya faydalı transfer etmək, düzgün seleksiya siyasəti aparmaq sizin bacaracağınız iş deyilmiş? 

"Qarabağ”ı, "Qəbələ”ni və "İnter”i demirəm. Elə sonuncu turda "Neftçi”nin kürəyini yerə vuran "Zirə”yə baxın. Adamlar qış fasiləsində doğru-düzgün transfer də etməyiblər. Amma çıxdıqları 7 oyundan cəmi birində uduzublar, 14 xal toplayıblar. "Zirə” qala-qala "Neftçi”nin 4-cü pilləyə can atması, avrokuboklara vəsiqə qazanması ədalətsizlik olar. Özü də lap böyük ədalətsizlik.

9 futbolçunun yola salınması, onların əvəzində yeni 9 transfer "Neftçi”yə yetərincə ciddi xərc bahasına başa gəlib. Gedənlərin əksəriyyətinə müqavilənin vaxtından əvvəl pozulmasına görə 2-3 aylıq maaşlarını əvvəlcədən ödəyiblər. Elxan Abdullayev özü də etiraf etmişdi ki, yeni gələnlərin əksəriyyətinə görə isə müqavilə ilə məxsus olduqları klublara pul veriblər. Hanı nəticə? "Neftçi”dən böyük nəticələr, fundamental qələbələr tələb edən onsuz da yoxdu. Amma transferlərlə xərclənən milyonların qarşılığında "Neftçi” evdə "Zirə”ni udmağa, Şüvəlanda AZAL-dan qorxmamağa, "Sumqayıt”ın işini daha erkən bitirməyə, "Kəpəz”lə oyunda rahatlıqla 3 xal qazanmağa borclu idi. 

Elxan Abdullayev və komandası qələbə qazanmağa başlayanda Premyer Liqa qurtaracaq. Onda da bu 9 nəfəri göndərib, yeniləri gətirəcəklər və beləcə sayğac pul saymaqda davam edəcək. 81 yaşlı "Neftçi” də indikindən fərqlənməyəcək. Ta o zamana qədər ki, xalq öz komandasına sahib çıxıb, bu adamları klubdan uzaqlaşdırmayana qədər!

Amal ABUŞOV


Xəbər lenti