"Neftçi" heç vaxt "leş" olmayıb

Sakitlikdir...

Püşkatma da keçirildi. Avroliqanın deyil, Azərbaycan çempionatının. Qayıdın "kənd"inizə... 

Avroliqa fiaskosundan sonra danışan danışdı, futbol, ümumi təhlil qaldı kənarda, şəxsi münasibət, "mən belə etdim, sən niyə belə dedin", "mən düz etdim, sən neynədin"? söhbətləri ilə ara qatıldı, məğlubiyyətlər yaddan çıxdı, günlər uzandı. Gizlənən gizləndi, yanan yandı, vaxt udan da uddu...

Təcrübəsizdilər. Tək futbolda deyil. Fikir bildirmək, məsələlərə aydınlıq gətirmək əvəzinə bütün tərəflər özlərini dolaşdırır. Ən pisi isə, illərdi yaşıl meydanlarda bir yerdə, qarşı qarşıya futbol oynamış insanlar etik normalara belə riayət etmədən bir-birilərini ittiham edirlər. Futboldakı təsadüflər kənardan baxıb "alqışlayır", Avropadakı rəqiblər də növbəti oyunlarına hazırlaşır...

Tənqidin tənqid yeri, təhlilin təhlil yeri var. Bu azmış kimi, "bazar löhvələri" bitməmiş "leş yeyənlər" peyda olur. "Leş yeyən" varsa, deməli "leş" də var. "Leş yeyən" bəllidirsə, onda "leş"(lər) kimdir? Bütün tərəflərə aiddir, dərinliyə varmadan özünüz özünüzə bu damğanı vurmayın. İstənilən halda qarşılıqlı hörmət mütləqdir...
 
"Neftçi" heç vaxt "leş" olmayıb. Olmayacaq da...Hər zaman öz böyüklüyü ilə "leş yeyənləri" də, "leş"ləri də kənara atıb, məhv edib. Bacarığı söz savaşında deyil, yaşıl meydanda, Avropa meydanlarında göstərmək lazımdır...

Bu yaxınlarda veteranlar arasında dostluq görüşünə dəvət almışdım. Azərbaycan futbolunun üzdə olan simalarının 90%-i meydanda idi. 30-35 yaşlılar futboldakı yenilərlə birgə 50-55-60 yaşlı veteranların qapısına 10-15 top vurmaq fikrinə düşmüşdülər. İlk dəqiqələrdən hesab artıq 4:0 idi...

Dasayev, Bloxin, Çivadze, Kipiani, Belanov, Çerenkov, Qavrilov, Qazzayev, Zavarov və digər dünya səviyyəli futbolçulara qarşı başa-baş futbol oynamış M.Əhmədov, N.Süleymanov, Y.Hüseynov, M.Allahverdiyev, O.Abdullayev, V.Rzayev və başqa məşhurlarımızla nəinki bir yerdə yaşıl meydana çıxıb futbol oynamaq, yanlarından belə keçə bilməzdilər...

Təbii, başqa nəticəyə, hörmətsizliyə imkan verməzdim. Görüş həqiqi dostluq hesabı ilə sona çatdı (4:4). Bu addımı hamılıqla dərk edib qiymətləndirənlərə bir daha təşəkkürümü bildirirəm...

Azərbaycan futbolunda böyük-kiçik, hörmət itməkdədir. "Leş" gününə salınan futbolda əsas "leş yeyənlər" başqalarıdır. Futbolun indiki durumda olmasının tək səbəbkarları kənardan soxulanlar deyil. İllərdi futbolda əməyi keçmiş ağsaqqallar sayılmırsa, qarasaqqallar hörmət qoymursa, günah ilk növbədə özlərindədir. Bu gün ağsaqqalara hörmət etməyənlər sabah onların aqibətini yaşayacaqlar. Bütün bunlar futbolda "at oynadan"lara sərfəlidir...

Səbəbsiz heç nə baş vermir. Əksəriyyət keşmişdə qalıb, keçmişlə yaşayır. Dünən, bu gün söz sahibi olmaq üçün yaradılan şəraitdən yararlanmaq, Azərbaycan futbolu adına inkişafa aparacaq nəticələr göstərmək lazımdır. Çoxları üçün imkanlar da yaradılıb, indi də var...
 
Bəli, haqsızlıqlar baş verir və hər zaman olacaq. Olmaması, azalması üçünsə süsmaq deyil, iş görmək, nəticə göstərmək, birlikdə mübarizə aparmaq lazımdır. Yoxsa bir-birinizi ittiham etməklə Azərbaycan futbolunu "leş" gününə salanlarla bir olub "leş yeyənlərə" özünüz də yem olursuz.

Püşkatma atılıb artıq... "Sevilya"yla oynamalı olan "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. Yaradan özü kim(lər)in hara getməyə layiq olduğunu nizamlayır. Futbol adamlarının bir-birinin ittihamları fonunda hiyləgər Bordin isə susub, gizlənib...

Zamanını gözləyir. "Sumqayıt" üzərində qazanıla biləcək qələbədən sonra üzə çıxacaq, "uğur"dan, "gələcək"dən, "leş" halına salınmış futbolumuzun "lox"lanmasından danışacaq.

Əmin olun ki, danışacaq...Onda sizlərə ehtiyac olmayacaq. 

Azərbaycan futbolunda təfəkkür, düşüncə dəyişməlidir. Əks halda "Proqres"in tərəqqisindən, "Balzan"ın balzam iyindən "leş"lənmiş futbolda nəfəslər kəsiləcək...
 
Tahir Süleymanov, Aut.az

Xəbər lenti