"Neftçi" rəsmisi: "Bu çətinliyi aradan qaldırmaq üçün..."

Mövsüm başlayandan "Neftçi" ilə azarkeşləri arasında yaranan küskünlük hələ də davam edir. Geridə qalan 4 turda o qədər də qənaətbəxş nəticələr qazanmayan komandadan inciyən fanatlar açıq şəkildə uğursuzluğa etirazlarını bildirməklə yanaşı, rəhbərliyin və baş məşqçinin istefasını tələb edirlər. Bəs "Neftçi" tərəfi azarkeşlər və onların tələbləri haqda nə düşünür? Qarşıdakı günlərdə onlarla görüş təşkil edib, fikir mübadiləsi aparmaq, fanatların könüllərini almaq üçün hansı planları var? Suallarımıza cavab almaq üçün klubun mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. 

Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Azarkeşlərlə hər hansı əlaqəmiz itməyib. Xüsusən də "Forza Neftçi" ilə. Onlarla şəxsən danışıram, əlaqə saxlayıram, bu baxımdan heç bir problemimiz yoxdu. Əslində, ötən həftə onlarla görüşməyi planlaşdırırdıq. Sadəcə, oyunlara və məşqlərə görə vaxt uyğun gəlmədi. Yəqin ki, yaxın günlərdə baş tutacaq".

Etirazlarını sərt şəkildə bildirən "Forza Neftçi" ötən aydan komandanın oyunlarını boykot edib. Klubun sözçüsü bunun da komandanın oyunlarına mənfi şəkildə təsir etdiyini söylədi: "Azarkeşin yeri tribunadı. Hər futbolçu istəyər ki, onun azarkeşləri tribunada olsun. Azarkeşə boş yerə "12-ci oyunçu" demirlər. Xüsusən rəqibə təsir etmək, psixoloji gərginliyi aradan qaldırmaq baxımından "Neftçi" azarkeşlərinin nəyə qadir olduğunu hər kəs bilir. Sözsüz, onların tribunada olmaması futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərir. Bu durumu aradan qaldırmaq üçün ilk növbədə onlarla görüş nəzərdə tutulub. Bundan əlavə onların könlünü almaq üçün hər kəs, futbolçular da dərk edir ki, yalnız qələbə qazanmaq lazımdı".

Allahverdiyev azarkeşlərin "istefa" tələbləri ilə bağlı bunları söylədi: "İstefa ilə bağlı bilirsiz durum necədi? Onları anlayırıq, başa düşürük. Bu subyektiv fikirləridi. Təbii, azarkeş istəyir ki, komandası həmişə qələbə qazansın, lider olsun. Xüsusən də "Neftçi" adı olan yerdə, yalnız liderlikdən danışa bilərsən. Bu gün "Neftçi"nin turnir cədvəlində 4 oyundan sonra 5-ci pillədə olması heç bir azarkeşin ürəyincə deyil. O cümlədən belə nəticəni nə komandanın hər hansı futbolçusu, nə də rəhbərlikdən kimsə istəyir. Nə etmək lazımdı? Bu bizim də subyektiv fikrimizdi ki, belə məqamda birlik nümayiş etdirmək lazımdı. Hərə bir tərəfə "döysə" o zaman nə olacaq? Komandanı vəziyyətdən çıxarmaq üçün, azarkeş, rəhbərlik, futbolçu, məşqçi, hamı bir olmalıdı. "İstefa, istefa" qışqırmaqla... Tutalım ki, "istefa"ya getdilər, sonra nə olacaq? 2 il, lap 4 il əvvəl də "Neftçi" azarkeşi "istefa" qışqırırdı. "Neftçi" 3 il ardıcıl çempion olub, sonrakı ildə çempionluq qazanmayanda da azarkeşlər "istefa" qışqırırdı. Bu klubda işləyən hər kəs, futbolçular, azarkeşlər bilir ki, "Neftçi" adı olan yerdə yalnız nəticə olmalıdı. Amma futbol daim rəqabət olan bir idman növüdü. Hər hansı səhv nəticənin əldən verilməsinə gətirib çıxara bilər. Biz də anlayırıq ki, məsələ təkcə əsas komanda ilə bağlı deyil. "Neftçi"də köklü dəyişikliklər gedir. Bu proses zamanı da əsas komandanın nəticə qazanmaması, "Neftçi" azarkeşinin ürəyincə deyil. Maksimum çalışırq ki, dəyişikliklərlə yanaşı komanda nəticə də versin. Heyət o qədər də zəif deyil. Fərdi keyfiyyətinə görə Azərbaycanda liderliyə oynayacaq yeganə komandalardandı. Ancaq nəsə çatmır. Nəticə üçün də o çatışmazlığı tapmaq lazımdı. Kimisə istefaya səsləməklə, dəyişməklə o çaışmayan cəhəti tapmaq mümkün deyil. Burda birlik olmaq lazımdı. Azarkeşlərlə, xüsusən də "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevlə heç bir problemimiz yoxdu. Təbii, azarkeşin fikrinə hər bir kəs hörmətlə yanaşır. İlyarımdı "Neftçi"də çalışıram. Sübhan qapıya gəlib desə ki, "problemimiz var", rəhbərlik istər maddi, istərsə də mənəvi cəhətdən onun yanında olacaq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR