“Neftçi” rəsmisindən FİFA-ya şikayət olunacaq

“Neftçi” rəsmisindən FİFA-ya şikayət olunacaq

"Neftçi”nin idman direktoru Ceyhun Sultanovla bağlı yaxın günlərdə FİFA-ya şikayət göndəriləcək.

Sport7.az-a bu barədə menecer Xanbala Daşdı məlumat verib. Narazılığa səbəb iranlı futbolçu Saman Nərimancahanın transferi zamanı yaşananlardı.

Daşdı iddia edir ki, iranlı futbolçunu "Neftçi”yə o təklif edib. Tərəflər razılığa gələndən sonra ortaya iranlı menecer çıxıb və futbolçunu Bakıya gətirib. Bundan sonra Xanbala Daşdı "oyundan kənar vəziyyət”ə salınıb. Transfer reallaşıb, hərə öz alacağını alıb, lakin Xanbala Daşdı unudulub.

Menecer bu məsələ ilə bağlı bir müddət əvvəl AFFA-ya şikayət də ünvanlamışdı. AFFA Xanbala Daşdının Həvəskarlar Liqasında çıxış Quba "Şahdağ"nın prezidenti olduğunu önə çəkərək, onu menecer kimi tanımamışdı. Bununla belə Ceyhun Sultanovun davranışlarına qiymət vermək üçün AFFA İntizam Komitəsinə tapşırıq verilmişdi.
 
Sonrasını Xanbala bəyin öz dilindən eşidək:

"Transfer Komitəsi komissiyon haqqının ödənilməsiylə bağlı qərar çıxarmadı. Səbəb kimi mənim klub prezidenti olduğumu göstəriblər. İş göndərdildi AFFA İntizam Komitəsinə. İki aya yaxındı ki, ordan da bir xəbər yoxdu. Məsələ açıq qalıb. Artıq Ceyhun Sultanovla nəsə danışmağa cəhd etmirəm. O vaxtdan bəri aramızda heç bir ünsiyyət olmayıb. "Neftçi”nin prezindeti Kamran Quliyevlə də hansısa əlaqə saxlamağa lüzum görmürəm.

Bu işi FİFA-ya qədər daşımaq niyyətindəyəm. Artıq bununla bağlı vəkillərlə də anlaşmışam, onlarla yetərincə ciddi məbləğin əks olunduğu müqavilə də imzalamışam. Bu yolda yeganə əngəl AFFA İntizam Komitəsinin susqunluğudu. Tanınmış vəkillər bildirir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən FİFA-ya və CAS-a müraciət ünvanlayacağıq. Transfer Komitəsinin qərarından da şikayət edə bilərdim. Amma orda 4 bənd üzrə göstərilir ki, Ceyhun Sultanov transfer zamanı qayda pozuntuların yol verib və bu işə AFFA İntizam Komitəsi baxmalıdı. Mənə maraqlıdı ki, nə üçün İK toplanmır və öz üzərinə düşəni etmir?! Mənim məsələmə 10 gün içində baxdılar, Ceyhun Sultanovla bağlı məsələyə isə iki aydı baxmırlar. Nə üçün Sultanovu və "Neftçi”ni cəzalandırmırlar? İndiki məqamda tək tələbim İK-nin işə baxması və öz qərarını açıqlamasıdı. Bundan sonrakı addımlarımızı da müəyyənləşdirib, FİFA-ya şikayət ünvanlayacağıq”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR