"Neftçi"dən göndərilən məşqçinin yetirməsi Portuqaliya klubunda: "Bennet deyirdi ki, "ondan qapıçı çıxmayacaq"

"Neftçi"nin yetirməsi Osman Hüseynov Portuqaliyaya gedib. 2006 təvəllüdlü qolkiper Portuqliyanın məşhur klublarından olan "Benfika" ilə anlaşıb. Osman hazırda klubun düşərgəsindədi və artıq akademiyada məşqlərə də qoşulur.
 
Hüseynov həm də Azərbaycanın tanınmış qapıçı məşqçilərindən olan Ramiz Əhmədovun yetirməsidi. Hansı ki, bir neçə ay əvvəl, pandemiyanın tüğyan etdiyi, sərt karantinin tətbiq olunduğu vaxtlarda Ramiz bəy "Neftçi"dən göndərilmişdi. Klubun prezidenti Kamran Quliyev və ovaxtkı idman direktoru, hazırda "Keşlə"də çalışan Ceyhun Sultanovun əlbir olub "keyfiyyətsiz iş" bəhanəsi ilə göndərdiyi məşqçilər arasında Ramiz bəy də yer almışdı. "İş keyfiyyəti bəyənilməyən", "Neftçi"dən ayrılandan sonra "Keşlə"də çalışmağa başlayan mütəxəssisin yetirməsi isə hazırda "Benfika"da məşq edir.
 

 
Bu səbəblə Ramiz bəydən qolkiper haqda fikirlərini öyrəndik. Məşqçi Sport7.az-a açıqlamasında yetirməsi ilə bağlı bunları söylədi: "Neftçi"dən məni "qapıçı verə bilmirsən" bəhanəsi ilə göndərmişdilər. Ancaq sonda elə üzə çıxan qapıçı oldu. Səhv etmirəmsə Osman 2017-ci ildə "Neftçi"yə gəlmişdi. Hələ o zaman mən millidə işləyirdim. Atası baxışa gətirmişdi. Hamı baxdı, amma heç kim bəyənmədi. Maşallah, indi uşağın 14 yaşı olsa da, təxminən 184 sm boyu var. Deyəndə ki, "Yaxşı qapıçı olacaq, buna 5-6 il vaxt lazımdı", heç kim mənə inanmadı. İndi isə "Benfika"nın futbol akademiyasındadı. Klubla UEFA səviyyəsində müqavilə bağlanılıb. Atası şəkillərini mənə göndərmişdi. Portuqaliyaya gedəndən sonra akademiya ilə əlaqə saxladıq. Perspektivli olduğunu dedilər. Ora getdiyi ilk gündən Osmanı çox bəyəndilər. Həm individual məşqlər keçir, həm də kollektiv çalışmalara qoşulur. Xüsusən də boyuna baxanda, 14 yaşı olduğuna inanmadılar.  "Neftçi"də də ona inanmırdılar. Sonra "Qarabağ"a getdi və dərhal əsas heyətə cəlb etdilər. Necə olur, "Neftçi"də bəyənmədilər, amma "Qarabağ"da əsas heyətdə oynayırdı? "Keşlə"yə keçəndən sonra onu yanıma gətirdim. Hardasa 2-3 ay klubda oldu. Son klubu "Keşlə" idi, amma "Neftçi"nin yetirməsi sayılır. Ona o vaxt elit məşq "sənətkarı" Mik Bennet gülürdü. Deyirdi ki, "bundan heç vaxt qapıçı çıxmayacaq". Bilirsiz necədi, hərə öz işi ilə məşğul olmalıdı. Misal üçün, mən heç vaxt baş məşqçi işləyə bilmərəm. Futbolu bilsəm də bu mənilik deyil. Ancaq mənim işimi də siz görə bilməzsiz. Eləcə də mən jurnalist ola bilmərəm. Hər kəsin öz işi var. Demişdim ki, bu uşaq 5-6 ildən sonra Azərbaycanda yaxşı qapıçılarından biri olacaq. Odu, hazırda Fransada oynayan 2003 təvəllüdlü Eldar Tağızadədi. Bu uşaqlar Azərbaycanın gələcəyidi. Azərbaycanda həmişə qapıçı məktəbi yüksək səviyyədə olub. Çingiz İsmayılov, Sergey Kramarenko, Mingəçevirdə doğulan Yuri Romski vardı. O vaxtı qapıçı məşqçiləri olmaya-olmaya bunlar necə yetişiblər? Deməli qanımızda var. İndi deyirlər ki, "qapıçı yoxdu". Həmişə deyirəm, gedib kiminsə bağından oğurluq etmək lazım deyil. Özün bax, yetişdir. Onun atası da hərdən gəlib məşqlərə baxırdı, "bundan qapıçı olmayacaq" - deyirdi. Ona cavab verirdim ki, "Get dur kənarda, işimə qarışma, onu qapıçı edəcəm". Bu da nəticə".

Ramiz bəy Hüseynovun müqaviləsi, onu yetişdirən məşqçiyə əlavə pul ödənilib-ödənilməyəcəyi ilə bağlı bunları bildirdi: "Əlavə pul deyəndə, xeyr, orada elə şey yoxdu. Bir müddət əvvəl Portuqaliyadan dəvətim vardı. Nə üçün getmədim? Portuqaliya elə ölkədi ki, futbolu yüksək səviyyədədi, amma maaş mükəmməl deyil. Təxminən mənim burada aldığım maaş qədərdi. Üstəlik məşqçinin orada yaşamağı var. Yerli məşqçilərə sərf edir. Amma xaricdən gələnlərə sərf etmir. Kirayə qalmalısan, bunun qidalanmağı var. Klub xaricdən gələn məşqçiləri bunlarla təmin etmir. Başqa ölkələrdə bəlkə də var, amma Portuqaliyada yoxdu. Əsas odu uşaq gedib. Mən ona inanıram. Təxminən 10 il əvvəl millidə məşqçi işləyəndə, Elxan Məmmədov (AFFA-nın icraçı vitse-prezidenti - M.) soruşmuşdu ki, "bir qapıçını yetişdirmək üçün nə qədər vaxt lazımdı?". Cavab verdim ki, "5-6 ilə normal qapıçı yetirşdirmək olar". Kim nə deyir, desin, mən sözümün üzərində dururam. 5-6 ilə, ələxsus da Azərbaycanda normal qapıçı yetişdirmək olar".

Təcrübəli mütəxəssisdən Osmanın qapıçı kimi mənfi və müsbət cəhətlərini də soruşduq: "Ən zəif yeri koordinasiyadı. Bu spesifik bir xüsusiyyətdi, ilk növbədə qapıçının duruşuna baxırlar. Çoxları bəlkə də bunu bilmir. Koordinasiyanı düzəltmək ümumiyyətlə çox çətindi. Reaksiyası - bir var mükəmməl, bir də var normal. Osmanda müəkkəməl deyil. Qalan xüsusiyyətlər, məsələn, ayaqla işləmək, toplara çıxış, oyunu oxumaq və sair, hamısı normaldı".

Əhmədov qapıçının məşqlərə başladığını bildirdi: "Həftədə 1 dəfə əlaqə saxlayırıq. Akademiyada 1 ay karantin oldu, məşq etmədilər. Fevralın 10-dan etibarən zalda məşqlərə başladılar. Bundan əlavə, həftədə 2 oyun olur. Birində öz yaş qrupuna uyğun komandada oynayır. Digərində böyüklərin komandasına dəvət edirlər. O vaxtı Osmanı "Neftçi"də heç kim bəyənməyəndə, sağ olsun Mirbağır İsayev, risk edib 17 yaşlılara çağırırdı. Bir yerdə çalışırdıq, mənimlə məsləhətləşirdi və "Neftçi"nin U-17 komandasına dəvət edirdi. Mirbağır müəllim belə məsələlərdə çəkinən deyil. Bəzi məşqçilər, gəlin açıq danışaq, işlərini itirməkdən qorxur. Amma sən hesabda 4:0, 5:0 öndəsənsə qapıda kimin dayanmasının fərqi yoxdu. Əsas qapıçının əvəzinə daha gənc olanını qapıya qoy. Həmin qapıçı üçün təcrübədi də. Nəsə görsün, lap bir neçə dəfə "yansın". Hətta "Neftçi"də biz Osmanı əsas heyətdə də oynadırdıq. Həmin protokollar yəqin ki qalar. Bir oyunda əsas heyətdə oynadı, həmin matçda qələbə qazandıq. Pis də çıxış etmədi. Haradasa "yanacağından" qorxmurduq. Onsuz da nə vaxtsa, hardasa "yanmalıdı", "bişməlidi". Problemimiz ondadı ki, çox vaxt tələsirik. Deyirik ki, "indi gəlibsə oynamalıdı". Belə olmaz axı, o yetişməlidi".
 
 
Hüseynovun Portuqaliyada yaşamaq məsələsi ilə bağlı Ramiz bəy bunları söylədi: "Şəkildəki yer akademiyanın önüdü. Yemək və qalmaq üçün yerlərdən əlavə, təxminən 100-150 metr uzunluğunda meydançaları var. Elə akademiyada məşq edib, qidalanıb, yatırlar. Atası bir dəfə getmişdi. Karantindən sonra gedə bilməyib. Ora getməyə hazırlaşanda, fikirləşirdik ki, çətin olar, qayıda bilməzlər. Amma yaxşı ki risk etdilər, alındı".

Sonda məşqçi bu sözləri də dedi: "Arzum budur ki, Azərbaycanda çempionat daha yaxşı səviyyəyə yüksəlsin. Əla oyunlar keçsin. Son turları izləyirik, "Neftçi"nin "Keşlə"nin oyunları maraqlı gedir, baxmayaraq ki, stadionda tamaşaçılar yoxdu. Tamaşaçılar olsa, komandaların sayı artsa, regionlarda klublar fəaliyyət göstərsə, görün çempionat necə maraqlı keçər.  Ən böyük arzum budu ki, komandalarda qapıları yerli qapıçılar qorusun. Həmişə demişəm, qapıçı komandanın 50 yox, lap 75 faizidir. Heç kimin xətrinə dəymək istəmirəm, baxıram klublarımızdakı əcnəbi qapıçılara, hamısı bizimkilərlə eyni səviyyədədir. Hətta bizimkilər daha üstündü. Azərbaycana gələn qapıçılar yerlilərdən iki baş üstün olmalıdı. Nümunələr də var, məsələn, İbrahim Şehiç. Ona kim nə deyə bilərdi? Ancaq baxıram klublara, indikilər elə də mükəmməl qapıçılar deyil. Adlarını çəkmək istəmirəm, amma yaxşı qapıçılarımız var ki, klublarda ehtiyatda qalıb. Limit qoyulsun, komandalarda ancaq yerli qapıçılar oynasın. Bu çox əla olardı. Azərbaycanda həmişə yaxşı qapıçılar yetişib".

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR