“Neftçi”nin 5 milyonluq "möcüzə"si

“Neftçi”nin  5 milyonluq
Yay fasiləsində yüksək ödənişli futbolçuları transfer etməklə diqqət çəkən "Neftçi” problemlə üzləşib.
 
Sport7.azxəbər verir ki, Avropa Liqasının püşkatması klub rəhbərliyini çıxılmaz duruma salıb.
 
Məsələ burasındadı ki, ötən mövsüm başa çatar-çatmaz komandanın prezidenti Kamran Quliyev sponsorlardan İsmət Qayıbov adına stadionun inşası üçün 2 milyon, yeni transferlər üçün isə 3 milyon manat istəyib. O, bunun müqabilində komandanın Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanacağına və UEFA-dan əldə ediləcək gəlirlə 5 milyon manatı geri qaytaracağına söz verib. Komanda bunu reallaşdırsa, "Neftçi” ümumilikdə 8 milyon manata yaxın pul əldə edəcək ki, belədə Quliyev sözünün üstündə dura biləcək.
 
Sponsordan istədiyi məbləği almağı bacaran klub prezidenti bu üzdən transfer məsələsində xəsislik etməyib, yeni gələnlərin hər tələbinə müsbət cavab verib. Lakin avrokubokların püşkü onun planlarını pozub. I təsnifat mərhələsində "Uypeşt”lə qarşılaşacaq "Neftçi” Macarıstan klubunu keçəcəyi təqdirdə, "qayaya” rast gələcək. Hər halda, "Neftçi”nin "Sevilya”nı üstələməsi üçün möcüzəyə ehtiyacı var.
 
Deyilənlərə görə, komandanın III mərhələyə yüksəlmək ehtimalının sıfıra bərabər olduğunu görən sponsor artıq Kamran Quliyevdən ödənilən pulu qaytarmağı tələb edir. Təbii ki, həmin məbləğin böyük hissəsi artıq xərcləndiyi üçün bu, mümkün görünmür. Klub prezidenti isə bunu sığortalamaq üçün yeni variantlara əl atmaq qərarına gəlib.
 
Belə ki, o, cərimələrin məbləğini artırıb. Yəni yeni mövsümdə sarı, qırmızı vərəqə alacaq futbolçular daha yüksək məbləğdə cərimələnəcək, üstəlik, kluba kəsilən cərimələri də özləri ödəməli olacaq.
 
Bundan başqa, məşqə gecikməyə görə verilən cəzalar əvvəlkindən 2-3 dəfə çox olacaq. Kamran Quliyev yalnız bu yollarla 5 milyon manatı toplayıb sponsora qaytarmağı planlaşdırır.
 
Onun baş verənlərə münasibəti çox maraqlıdı. Həqiqətən də, sponsordan bu məbləği alıb və indi qaytara bilmir? Cərimələrlə bu pulu toplaya biləcəkmi? Hər halda, Quliyev bu məsələyə münasibət bildirsə daha yaxşı olar. (apasport.az)
 
 

Xəbər lenti