“Neftçi”nin “acı bağırsağı” – FOTOLAR

“Neftçi”nin “acı bağırsağı” – FOTOLAR

"Neftçi” bu il çempion olacaqmı, yoxsa yox?! Roberto Bordin mövsümün sonunda klubda qalacaqmı, yoxsa gedəcək?! Monroz yayda "Qəbələ”ni "Neftçi”yə dəyişəcəkmi?! Mirabdulla Abbasov karyerasını "Neftçi”də davam etdirəcək, ya Avropaya yollanacaq?! AFFA "Neftçi”yə kömək edirmi, yoxsa çempionluğa gedən yolda ona badalaq atır?! Bitməyən suallardı...

Sadə azarkeşi, ağ-qara rənglərə könül verənləri narahat edən suallar budu. Amma "Neftçi”nin, 82 yaşlı "xalq komandası”nın problemləri daha ciddidi. Onların miqyası heç də bu səthi suallarla məhdudlaşmır. Bəli, neft milyonları ilə bəslənən, çoxları üçün "yağlı tikə”yə, karyera trampilinə, özünüsübut müstəvisinə çevrilmiş klubun bazası yoxdu. Rəhmətlik İsmət Qayıbovun adını daşıyan, sonralar "Türk Hava Yolları”nın şərəfinə adlandırılan bazada hazırda məşq meydançasından başqa heç bir infrastruktur tam hazır deyil. Ən acınacaqlısı odu ki, 82 yaşlı klubun uşaq komandaları pərakəndə şəkildə məşq edir, hər dəfəsində kilometrlərcə yol ölçüb, AFFA-nın Mərdəkandakı bazasına aparılır. Orda da bir stadion 3-4 yerə bölünür ki, eyni vaxtda bir-neçə yaş qrupu məşq edib, tələm-tələsik geri qayıda bilsin.
 

 
 
Tarixə birlikdə nəzər salaq və görək bu bazayla bağlı hansı qərarlar verilib, necə şirin vədlər səsləndirilib.

Düz üç il bundan əvvəl, 2016-cı ilin aprel ayının 30-da "Neftçi”nin Müşahidə Şurasının iclası keçirildi. Həmin iclasda qəbul olunan qərarlardan biri də məhz baza ilə bağlı idi: "İsmət Qayıbov adına təlim-məşq bazası "Neftçi” PFK-nın balansına verilsin və orda yeni bazanın inşasına başlansın”. Bu o demək idi ki, baza "Neftçi” İSM-dən alınır və PFK-ya verilir.
 


Uzun müddət bu qərarın ətrafında şou göstərdilər, özlərini iş görürmüş kimi apardılar. Amma bazada söküntü işi tikintidən çox oldu. Hazır stadion və tribunalar məhv edildi, Sadıq Sadıqovun rəhbərliyi ilə tikintisinə başlanılmış bütün tikililər dağıdıldı. Həmin ərəfələrdə mətbuatda gedən yazılarda qeyd olunurdu: "Ərazidə futbol klubuna yaraşan, müasir standartlara cavab verən əsl təlm-məşq bazası tikilir. Əvvəlki qazonun yerində təbii ot örtüklü 3 məşq meydançası salınır. Klub üçün bütün şəraiti olan ofislərin, reabilitasiya mərkəzinin, hovuzların və s. yerləşəcəyi, təməli xeyli öncədən qoyulan əsas binada da işlər sürətlənib. Üstübağlı futbol meydançasının yeri dəyişdirilir, asudə vaxtın təşkili üçün bir sıra obyektlər –kafelər, əyləncə zalları - inşa olunur”.

Bütün bunlar 3 il əvvəl yazılır və planlaşdırılırdı. Ötən müddət ərzində nəinki bir baza, bütövlükdə bir idman kəndi tikmək mümkün idi. Amma "Neftçi” PFK kluba ayrılan milyonlara rəğmən tikintini başa çatdıra bilməyib. Olmaya, qısa müddətdə nəticə vermək, özünü göstərmək istəyi gələcəyə hesablanan layihələri, uşaq futbolunu, "Neftçi”nin nəhayət ki, öz müasir bazası olan kluba çevirmək planlarını arxaya atıb?
 


2017-ci ilin oktyabrında "Neftçi”nin rəsmi saytı bazadakı tikintini yenidən gündəmə gətirdi. Birlikdə xatırlayaq: "Komandanın yeni bazasında 6 mərtəbədən ibarət inzibati bina, beynəlxalq standartlara cavab verən süni meydança, həmçinin "Neftçi” Futbol Akademiyasına məxsus 3 mərtəbəli yataqxana olacaq.

Bazada olan üstüqapalı meydançanın yeri dəyişdiriləcək. Həmin meydançanın yerində 1000 nəfərlik azarkeş tutumuna və işıq projektoruna malik süni meydança tikiləcək. Bu meydança "Neftçi-2”, "Neftçi” Futbol Akademiyası komandalarının oyunları və məşqləri üçün nəzərdə tutulub. Klubun yeni bazasında həkimlər, hakimlər və paltardəyişmə üçün otaqlar, eləcə də trenajor zalı tikiləcək. Bundan əlavə, əsas komandanın məşq meydançası üçün işıq projektoru quraşdırılacaq. Yeni bazanın 2019-cu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır”.

Həmin yazıları fotoşəkillər də müşayət edirdi:
 


Düz bir ildən sonra "Futbolinfo.az” saytında "Neftçi”nin bazasının tikintisi ilə bağlı ətraflı reportaj oxuculara təqdim olundu. Reportajı hazırlayan həmkarlarımız tikinti sahəsinə baş çəkmiş, eləcə də klubun vitse-prezidenti Elnur Eyvazovun fikirlərini öyrənmişdilər. Hərgah ki, həmin fikirlər daha çox klub rəsmisinin vədlərindən ibarət idi. Eyvazov 2018-ci ilin dekabrında "Futbolinfo.az”a açıqlamasında belə deyirdi: "Bütün uşaq komandalarının məşqlərini bura salacağıq. Əvvəllər qapalı meydançamız var idi, yol qırağında idi. Onu söküb yerini dəyişdik, əvvəllər kiçik tikililərin olduğu yerə gətirdik. Bir az hasarımızı da kənara çəkdik, ərazini böyütdük və süni örtüklü meydança üçün yer qazandıq...”
 
Elnur bəyin sözlərinin hamısını bu yazıda versək, təkrarçılıq etmiş olarıq. Yəqin ki, bu yazını oxuyan diqqətli oxucularımız da, elə "Neftçi”nin rəsmiləri də həmin vədlərlə tanışdılar. Elə həmin yazının sonluğunda həmkarlarımız tikinti işlərinin mayda yekunlaşacağını vurğulayırlar. Eyvazovun da sözlərindən bunu başa düşürük.
 
Sitat: "Hansısa dəyişiklik olmasa, maliyyəmiz yubanmasa, işləri zamanında qurtaracağıq”. 
 
 
Artıq 2019-cu ilin aprel ayının sonuna yaxınlaşırıq. Tezliklə zəhmətkeşlərin bayramı kimi xatırladığımız  1 mayı da qarşılayacağıq. Amma bu may ayı da "Neftçi” üçün bayrama çevrilməyəcək, illərlə vəd verilən həmin o tarixi hadisə yaşanmayacaq. Ya hansısa dəyişiklik olub, ya da maliyyə yubanıb. Vəlvələdən-zəlzələdən işlər zamanında qurtarmır. Bunu bir-neçə gün bundan əvvəl çəkilmiş fotoşəkil də sübut edir. "Neftçi”nin bazasındakı tikinti işlərinin yekunlaşması gələn bahara qaldı, bəlkə də ondan sonrakına... "Neftçi"nin tikilən bazası acı bağırsaq kimi uzanır, bitmək bilmir ki, bitmir.
 
Bu da bir-neçə gün əvvəl çəkilmiş şəkil:
 


"Neftçi” tərəfinin mövqeyini işıqlandırmağa, bazadakı işlərin hansı səbəbdən yubanmasını aydınlaşdırmağa, azarkeşlərə xoş xəbər çatdırmağa da hazırıq.
 
Çalışacağıq ki, mövzunu davam etdirək.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR