“Neftçi”nin dirçəliş planı

“Neftçi”nin dirçəliş planı
Dünəndən bəri bu sualı özünə və dost-tanışına verənlərin sayı artıb: "Neftçi” qayıtdımı?” Əminliklə cavablandırmaq  çətin və risklidi. "Neftçi”nin sadiq azarkeşlərinin ürəyində ümid işığı bu ilin fevralında da belə cücərməyə başlamışdı. O qığılcımları amansızlıqla söndürdülər.

"Ağ-qaralar” Müşahidə Şurasının nəzarətindən çıxarılıb, Elxan Məmmədovun kluba rəhbər göndərdiyi Orxan Hüseynzadəyə tapşırılandan sonra ilk böyükmiqyaslı transfer hərakatı qışda baş tutmuşdu. "Neftçi”nin Antalyada məskunlaşdığı otelin qapısı menecerlər tərəfindən "Karvansaray yolu”na döndərilmişdi. 9 futbolçuya qapını göstərən Hüseynzadə, Elxan Abdullayevin də iştirakıyla eyni sayda yeniyə qucaq açmışdı. "İnter” üzərində qələbə isə bu cütlüyün doğru yolda olduğunu düşünənlərin sayını çoxaltmış, azarkeşlərin ürəyindəki ümid qığılcımlarını alovlandırmışdı. Sözsüz ki, yaşananlar Orxan Hüseynzadəyə də qol-qanad vermişdi. Məhz həmin periodda ona klubun yubiley tədbirlərini təşkil etməyi tapşırmışdılar. Deməli, gənc kadr etimadı doğrulda bilmişdi. Amma 80 illik yubileyi klubun ad-sanına uyğun keçirmək mümkün olmadı. Veteranları Bakıdakı restoranların birində yedirib-içirmək, klubun retro formasıyla meydana çıxmaq heç də xüsusi təşkilatçılıq bacarığı tələb edən tədbirlər deyildi. Heç "Neftçi”nin hay-küylə açılan muzeyindən də gözlədikləri effekti ala bilmədilər. Səbəb çox sadə idi: uğursuz nəticələr, layiq olmadığı məsuliyyətin altına girən (yaxud da buna məcbur edilən) Elxan Abdullayevin azarkeşlərlə münaqişəni dərinləşdirməsi.

O ərəfələrdə mən də "Neftçi”nin gözlənilən qayıdışıyla bağlı fikirlərimi dəyərli oxucularımızla bölüşmüşdüm. "Həmin o "Neftçi” qayıtdımı?” başlıqlı yazıdan kiçik bir hissəni xatırlayaq: "Simasını dəyişmiş "Neftçi”nin qış fasiləsinə qədər görməyə alışdığımız komandadan yaxşı çıxış edəcəyinə inanmağa dəyər. Problemlər isə bitməyib...” Bəli, hamımız birlikdə buna şahidlik etdik. Problemlər bitməmişdi, rəhbərlik isə sevinməyə tələsir, reallığı nəzərə almırdı.
 
Tərlan Əhmədovun Elxan Abdullayevdən qat-qat yaxşı mütəxəssis olduğuna şübhəm yoxdu. Ona da əminəm ki, "Neftçi”yə təyinatı uzun və çoxgedişli müzakirələrdən sonra mümkün olan Tərlan bəy komandanın problemlərini öyrənə, çıxış yollarını müəyyənləşdirə bilir. "Neftçi”nin oyununun yaxşılaşması, əvvəlcə qolların vurulmasına, sonra da qələbələrin sıralanmasına başlanılması xoş mənzərədi. Buna təkcə ağ-qara rənglərə könül verən azarkeşlərin yox, ümumilikdə Azərbaycan futbolunun ehtiyacı var. Uğurları davamlı etmək, gələcəyə yönəlik strategiyanı düzgün hazırlamaq lazımdı. İtirilmiş inamın bərpası və "Neftçi”nin autsayder imicindən qurtulması həm də gərgin əmək, böyük zəhmət tələb edir.
 
Vəziyyət çıxılmaz, uğur qazanmaq mümkünsüz deyil. Elə təqvim də bunun üçün əlverişlidi. Gələn tur Gəncəyə səfər edəcək "Neftçi”ni orda çoxsaylı azarkeşlərin təzyiqindən başqa ciddi nəsə gözləmir. "Kəpəz”ə olan bütün hörmətimə rəğmən, "Zirə”ylə oyun bu komandanın imkanlarının məhdud səviyyəsini ortaya qoydu. Elə həmin tur "Səbail”lə qarşılaşacaq "İnter”in xal itirməsi də real görünür. "Sumqayıt”ın da "Zirə”yə uduzması da xəyal məhsulu deyil. Deməli, artıq iki tur sonra "Neftçi” xallarını "Sumqayıt”la eyniləşdirə bilər. Oktyabrın 29-da "Sumqayıt”ı "Bakcell Arena”dan əliboş yola salmaqla isə 4-cü pilləyə yüksəlmək mümkündü. Ondan sonrası isə asandı.
 
Göründüyü kimi, "Neftçi”nin dirçəliş planı” o qədər də mürəkkəbə bənzəmir. Bir az əzmkarlıq, özünəinam yetərlidi. Bacaracaqlarmı? Sualın cavabını zamana buraxaq.

Amal ABUŞOV

Xəbər lenti