“Neftçi”nin Kamranı xatırlaması

“Neftçi”nin Kamranı xatırlaması

Ötən həftənin hadisələri sırasında diqqətimi biri xüsusiylə cəlb etdi. Antalyada hazırlıq keçən "Neftçi”nin qapıçısı Kamran İbrahimov U-21 millimizin heyətindən klubun düşərgəsinə çağrıldı. İbrahimovu "Slovan”la oyunda ehtiyat oyunçular skamyasında əyləşdirdilər. Sonra da geri, Milan Obradoviçin sərəncamına göndərdilər.
 
Bu get-gəl mənim yadıma iki maraqlı nüansı saldı. Onları da sırasıyla sizə nəql etmək istəyirəm.
 
Birincisi Mustafa Kamal Özhitay idi. AFFA bu qapıçını Almaniyanın regional liqalarının birindən tapıb, Azərbaycan pasportu və milli forma ilə mükafatlandırmışdı. Adam hər pozada qol buraxırdı. Ayaqlarının arasından, qolunun altından, burnunun ucundan. Almaniya ilə Bakıda baş tutan və qumara qoyulduğu iddia edilən oyunda buraxılan qollardan biri lap əcaib idi. Vəzifəsi qapını qorumaq olan Özhitay qapı xəttini topdan əvvəl keçib, özü tora qovuşmuşdu. Bilmək olmurdu ki, onu hansı keyfiyyətlərinə görə bəyəniblər, "milliləşdirib” azərbaycanlı futbolçulardan daha yuxarıya qaldırıblar. Onsuz da son illərdə AFFA-nın bu cür əcaib, heç bir sağlam düşüncəyə və sağlam niyyətə söykənməyən qərarlarına vərdiş etmişik.
 
U-21 yığmamızın baş məşqçi postundan Yaşar Vahabzadə yola salınan kimi Mustafanın və onun kimilərin ayağı milli komandadan kəsildi. Özhitayın "ayı xidməti”ndən imtina etdik.
 
Rəşad Sadıqovun gəlişi ilə gənclər yığmamız sözün əsl mənasında gəncləşdirilməyə başladı. Elə Kamran İbrahimovun "Neftçi” ilə milli komanda arasında sıx gediş-gəlişi də buna görə diqqətimi cəlb etdi. Bu prosesin mənə xatırlatdığı ikinci nüans məhz elə Kamranın özüylə bağlıdı. Rəşad Sadıqov ona güvənirdi, İbrahimova "çərçivə”ni etibar edir, çalışırdı ki, onu millimizi "1 nömrə”sinə çevirsin. Sözsüz ki, asan proses deyildi. Gənc qapıçı səhvlər edir, bəzən də onun bu səhvləri qapımıza vurulan qolla nəticələnirdi. Sadıqov isə ona güvənməkdə davam edirdi. Təsadüfi deyil ki, məhz həmin ərəfələrdi keçirilən mətbuat konfranslarından birində Rəşada Kamranla bağlı sual da ünvanlamışdılar. Ondan soruşmuşdular ki, İbrahimovun səhvlərindən sonra əcnəbi qapıçı "milliləşdirmək” fikrinə düşməyib ki.
 
Sadıqov həmin suala xarakterinə uyğun cavab vermişdi. Bildirmişdi ki, kiminsə "milliləşdirilməsinə” ehtiyac hiss etmir, Kamrana güvənməyə davam edəcək, onun istedadlı qapıçı olmasına inanır.
 
Rəşad inanırdı, amma bu inam kimlərəsə sərf etmirdi. Elə bunun da nəticəsi idi ki, mövsümün əvvəlində "Neftçi”nin 2-ci komandasında daim əsas heyətdə oynayan, "quru” oyunlar keçirən Kamranı ehtiyata göndərdilər. Məlum məsələdi ki, istənilən gənc futbolçunun püxtələşməsi, istedadını daha da açması üçün daim meydanda olması lazımdı. Milli səviyyəsinə hazır olmaq üçünsə daha çox oyun təcrübəsi tələb olunur. Özü də aşağı divizionda yox, elitada, çətin rəqiblərlə oyunda. Belədə gənc qapıçı bərkə-boşa düşəcək, öz səhvlərini daha yaxşı görəcəkdi.
 
"Neftçi”də isə Kamrana lazımi diqqəti göstərmirdilər. Əsas komanda bir tərəfə, heç "Neftçi-2”nin qapısı ona həvalə olunmurdu. Görünür, ixtiyar sahibləri məqsədyönlü şəkildə gənc qapıçının önünü kəsmək, onun əvəzinə milliyə Özhitay kimisinin cəlb olunmasına zəmin hazırlanması dərdində idilər. Təsadüfi deyildi ki, qış fasiləsi ərəfəsində İbrahimovun "Neftçi”dən ayrılması, "Qarabağ”a dəvət olunması da gündəmə gəlmişdi.
 
Artıq Rəşad Sadıqov U-21-in baş məşqçisi deyil. AFFA Milan Obradoviçi milliyə gətirib. Serbiyalı mütəxəssis üçünsə fərqi yoxdu, qapıda xalis azərbaycanlı balası dayanacaq, yoxsa Almaniyanın həvəskarlar liqasından tapılan hansısa Mustafa. Ona görə də "Neftçi” də Kamranın "varlığını xatırlayıb”. İbrahimovu əsas komandanın hazırlığına cəlb ediblər. Bundan sonra ona birinci divizionda da etimad göstərəcəklər.
 
Beləcə millinin "çərçivəsi” AFFA-nın öz qapıçısına tapşırılacaq, Kamran kimilər isə günlərini dizionda keçirəcəklər. Azərbaycanlı futbolçuların taleyi belədi...

Amal ABUŞOV
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR