"Neftçi"nin sözçüsü: "Müdafiəçi axtarışlarımız davam edir"

"Neftçi" hazırda zədəli olan müdafiəçisi Ruslan Abışovun əvəzinə komandaya yeni futbolçu axtarışında idi.

Ancaq yay transfer pəncərəsi artıq bağlandığından bu cür transfer mümkün olmayacaq. Belədə klub yalnız azad agent statuslu futbolçular transfer edə bilər ki, bu baxımdan da yeilik görünmür. Bəs klub nə düşünür? Yaxın günlərdə transfer olacaqmı, yoxsa qışa qədər gözləyəcəklər?

Məsələ ilə bağlı klubun mətbuat katibi Rüstəm Allahverdiyev Sport7.az-a açıqlamasında bunları söylədi: "Bu komandanın nəticələri ilə bağlı bir şey deyil. Futbolçu axtarışlarımızı davam etdirəcəyik. Bir neçə futbolçu ilə də ciddi şəkildə danışıqlarımız olmuşdu və təkliflərimizi göndərmişdik. Lakin bəziləri yüksək əməkhaqqı istədi. Bəzilərinin oyunlarına canlı şəkildə baxıldı, bəyənildi, amma tərəddüdlər oldu. Qısası sırf şərtlərdə razılıq əldə olunmadı. Son danşıq apardığımız futbolçunun da klubu ilə müqaviləsi vardı. Futbolçunun özü ilə razılıq əldə olunmuşdu, amma klubu ilə anlaşa bilmədik. Təbii ki, axtarışlarımız davam edir. Artıq azad agent statusu daşıyan futbolçular ala bilərik. Məşqçinin xoşuna gələn olsa müqavilə imzalayacağıq. Əks halda qış fasiləsinə qədər gözləmək məcburiyyətində qalacağıq. Hazırda sırf mərkəz müdafiəçilərimiz Braliç və Kirildi. Son vaxtlar baş məşqçi Antonu da bu mövqedə oynadır. Ruslan sağalana qədər müəyyən problemlərimiz olacaq".

Yeri gəlmişkən Rüstəm bəy Abışovun hazırkı durumuna da toxundu: "Ruslanın nə vaxt tam sağalacağı bilinmir. Hazırda fizioterapeya, belə desək ayağın gücləndirilmə prosesi gedir. Artıq ayağını tərpətməyə, yeriməyə başlayıb. İndi komanda istirahətdədi. Ayın 5-dən sonra yüngül hərəkətlərə, fərdi məşqlərə başlayacaq. Ayaq neçə müddətdi tərpənmədiyi üçün gücsüzləşib. Bunun da yoluna qoyulması 2-3 ay çəkər. Yəni, Ruslan hardasa dekabra qədər özünə gələr. Buna baxmayaraq müdafiəçi axtarışlarımız davam edir. Menecerlər müəyyən adlar göndərir, idman direktorumuz, məşqçilər də onlara baxır. Amma konkret danışıq apardığımız futbolçu yoxdu. Müdafiənin mərkəzində yeni nəfəsə ehtiyac var".

Sport7.az

Xəbər lenti