“Neftçi”yə ağsaqqal lazımdır!

“Neftçi”yə ağsaqqal lazımdır!
Bir həftə ərzində iki dəfə "Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin mətbuat konfransına qatıldım. "Qarabağ”a 0:2 hesabıyla uduzandan sonra onları hesabdan silməyin hələ tez olduğunu, cavab qarşılaşmasına daha yaxşı hazırlaşaraq, ölkə kubokunun finalına vəsiqə qazanacaqlarını iddia edirdi. Daha sonra isə "Neftçi”ni sevməyənlərin çox olduğunu və onların sevinməsinə imkan verməyəcyini deyirdi.

Cavab qarşılaşması bizim gözlədiyimiz, amma Abdullayevin planlaşdırmadığı ssenari ilə keçdi. Və "Neftçi” layiq olmadığı finala yüksələ bilmədi. Bu dəfə Elxan bəy azarkeşlərə "yükləndi”, "Neftçi”nin fanatlarını "xuliqan” çıxardı.

Bu məqamda özümü cənab Abdullayevə sual verməkdən saxlaya bilmədim: "Biz "Neftçi”yə "xalq komandası” deyirik. Xalqın komandası nə üçün xalq sevgisini itirib?” Cavabını tapa bilmədi, min dərədən su gətirdi, tribunadakı etirazçıların 14-15 yaşlı öyrədilmiş uşaqlar olduğunu iddia etdi.

Bu yaxınlarda həmkarlarımdan biri "Neftçi”nin xalqdan uzaqlaşması haqda yazı yazmışdı. Onun yazısına cavab kimi klubun mətbuat xidmətinin əməkdaşlarından biri sosial şəbəkələrdə yazılan bir-neçə dəstək mesajının "skreen-shot”unu sayta yollamışdı. Bəs hanı həmin mesajların sahibləri? Niyə tribunalara gəlib, "istefa” hayqıranların səsini batırmırlar, "Neftçi”ni bataqlığa sürükləyən Orxan Hüseynzadəyə, Elxan Abdullayevə dəstəklərini nümayiş etdirmirlər?

"Neftçi”nin dünən verdiyi bəyanat isə daha acı həqiqətləri aşkarladı. Kluba rəhbərlik edənlər, özlərini başbilən adlandıranlar bu "dava”dan geri çəkilmək fikrində deyillər. Onlar bütün ictimaiyyəti özlərinə düşmən etməyə, azarkeşləri "kənar şəxs”, "xuliqan” adlandırmağa, tribunaların boş qalmasına razıdılar. Təki AFFA-nın "Neftçi”yə ezam etdiyi Elxan Abdullayevin sözü yerə düşməsin. Uzaqgörən olsaydılar, gərginliyi yatırtmaq, coşan ehtirasları soyutmaq üçün hərəkətə keçər, yanlış anlaşma olduğunu bəyan edərdilər.

Həmin bəyanatdan az sonra klubun Müşahidə Şurasının üzvü, futbol veteranı Səməd Qurbanovun açıqlamalarını oxudum. Adam etiraf edir ki, həmin bəyanatın kim tərəfindən hazırlanmasından xəbərsizdilər və ümumiyyətlə, son günlər Müşahidə Şurasının toplantısı keçirilməyib.

Aylar öncədən bunu yazmışdıq. "Neftçi”nin Müşahidə Şurası öz təsir imkanlarını və hətta mövcudluğunu itirib, formal-quruca adı qalıb. Kluba nəzarət faktiki AFFA-nın baş katibi Elxan Məmmədovun kluba göndərdiyi adamların əlində, dolayısıyla elə onun özündədi. Ona görə də bu adamların azarkeşlərlə, mətbuatla münasibətlər, klubun tarixi keçmişi və ad-sanı veclərinə deyil. 

Amma biz bu xalqın dəyərinin belə ucuzlaşdırılmasına laqeyd qala bilmərik. Hardadı klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev? Hardadı Azərbaycan futbolunun ağsaqqalları? Mürgülədiyiniz kreslolardan ayağa qalxın, bu xalqın komandasını yanlış yoldan döndərin, uçurumdan xilas edin. Sonrası gec və daha faciəvi olacaq!

Amal ABUŞOV





Xəbər lenti