"Nesta ilə birlikdə Quardiolanı qaçırmaq istəyirdik" - Pirlonun "Barselona"ya baş tutmayan transferinin hekayəsi

"PlayStation”, mənə görə, təkərdən sonrakı ən böyük ixtiradı. Onunla tanışlığımdan bəri "Milan”ı seçdiyim ilk günlər istisna olmaqla, həmişə "Barselona” ilə oynamışam.

Son bir il ərzində neçə dəfə "PlayStation” oynadığımı dəqiq deyə bilmərəm, ancaq təxmini bir rəqəm lazım gəlsə, sizi onların sayının meydanda keçirdiyim oyunların sayından 4 dəfə çox olduğuna əmin edərəm.

Milanello dönəmində Pirlo-Nesta matçları klassika halını almışdı. Tezdən oyanırdıq, səhər saat 9-da yeməyimizi yedikdən sonra otağımıza qayıdır və 11-dəki məşqə qədər oyun oynayırdıq. Məşq bitirdi, bu səfər günorta saat 4-ə qədər yenidən "PlayStation”-ın qarşısına keçirdik. Həqiqətən də, fədakarlıq və sadiqlik tələb edən bir şeydi.

Aramızdakı oyunlar bizim üçün əlavə adrenalin idi. İkimiz də "Barselona”nı seçərdik: "Barselona” "Barselona”ya qarşı. Heyətdə yeri qarantiya altında olan ilk isim - ən sürətlilərdən olan Samuel Eto’o idi. Əksər hallarda uduzardım. Əvvəl özümdən çıxıb coystiki bir kənara atırdım, sonra isə Sandrodan (Nesta) revanş tələb edirdim. Və sonra yenə uduzurdum.

Məşqçisinin daha yaxşı olduğuna dair əlimdə bəhanə yox idi. İkimizin də baş məşqçisi Pep Quardiola idi. Azından məşqçi məsələsində bərabər haqqlara sahib idik.

Bir ara onu qaçırmaq istəyirdik. Ət və sümükdən ibarət, real həyatdakı Quardioladan bəhs edirəm. 2010-cu ilin avqust ayı idi. Qamperin şərəfinə təşkil olunmuş turnir üçün Barselonada idik. Sonda Pepi qaçırmaq məsələsini bir daha nəzərdən keçirdik. Nesta ilə polemikalarımıza son qoymaq üçün İtaliyaya qayıdan kimi onu iki hissəyə bölməli olacaqdıq. Bu, çox da yaxşı fikir deyildi. Yazıq Quardiola əziyyət çəkəcəkdi.

Ancaq, deyəsən, adam qaçırmaq məsələsi Pepin ağlına bizdən daha öncə gəlmişdi. Həmin gecə "Kamp Nou”da, ən yaxınlarımın əhatəsində ikən məni otağına dəvət etdi. İndi geriyə baxanda, əslində, o insanların o qədər də yaxın olmadığını düşünürəm. Nə isə, hekayəyə qayıdaq.

Oyun bitdikdən sonra hamı agenti (əfsanəvi Mino Rayola) sayəsində yeriyən saatlı bombadan bir fərqi olmayan Zlatan İbrahimoviçi axtarırdı. "Barselona” ilə problemlər yaşayan isveçli oyunçu "Milan”la anlaşmaq üzrə idi. Komanda yoldaşlarımdan bir neçəsi onu "Milan”a keçməsi üçün cəsarətləndirmişdi. Digər tərəfdən, "Barselona” futbolçuları isə onun komandada qalması üçün çalışırdılar. Bir də ağızdan söz almaq üçün fürsət gözləyən jurnalistlər var idi. Çox keçmədən İbra onlara istədiklərini verdi: "Ronaldinyu ilə eyni komandada, "San Siro” stadionunda oynamağı çox istəyirəm. Buradakı məşqçi mənimlə heç danışmır. Son altı ay ərzində cəmi iki dəfə söhbətimiz olub”.
 


Burada qeyri-adi bir şey yoxdu. Quardiola kəlmələrini mənim üçün saxlamışdı. İşıqlar İbrahimoviçə yönələndə məni otağına çağırdı.

Soyunub-geyinmə otağından çıxanda Quardiolanın çox güvəndiyi, eyni zamanda, uşaqlıq dostu olan köməkçisinin məni gözlədiyini gördüm. Bugünlük agentdən bir fərqi yox idi. Hərçənd Manuel Estiarte tarixin ən yaxşı su poloçusu hesab olunurdu. Dünyada su üzərində yeriyə bilən ikinci insan idi. Məni görən kimi dedi: "Andrea, mənimlə gəl, məşqçi səni görmək istəyir”.

Onu bereti olmadan tanımaqda çətinlik çəkirdim. Sonra təkrar baxdım və burnuma xlor qoxusu gəldi: "Yaxşı, gedək. "Vamos”.

İsrar etməyin mənası yox idi. Birbaşa içəri girdim. Otaq o qədər də dəbdəbəli deyildi. Masada qırmızı şərab var idi. Öz-özümə "Həmişə şərab yaxşı başlanğıcdı” dedim.

Dünyanın ən çox qısqanılan baş məşqçisi məni eşitmədi. Onun danışıq tərzi də mənə bənzəyirdi; tenora çox da yaxın düşmürdü.

Quardiola axıcı italyancası ilə söhbətə girdi: "Rahat ol, Andrea”.

Məni ora dəvət edən adam istisna, otaqda narahatlığıma səbəb ola biləcək bir şey yox idi. Quardiola kresloda oturmuşdu. Mənə "Barselona”dan danışmağa başladı. Klubun tamamilə başqa bir dünya olduğunu və qüsursuz işləyən mexanizmə bənzədiyini dedi. Üzərində bəyaz köynək və qalstukunun rənginə uyğun tünd rəngli şalvar var idi. Danışıq tərzi kimi, özü də olduqca zərif idi:

- Dəvətimi qəbul etdiyin üçün təşəkkür edirəm.

- Mən də dəvət üçün minnətdaram.

- Sənə burada ehtiyacımız var, Andrea. Hazırda güclü komandayıq, hər halda, daha yaxşısını arzu edə bilməzdim. Ancaq sən tortun üzərindəki krem olacaqsan. Çavi, İnyesta və Busketslə birlikdə, yarımmüdafiədə növbəli şəkildə oynayacaq birinə ehtiyacımız var və bu da sənsən. "Barselona”da oynamaq üçün hər cür bacarığa sahibsən. Ən önəmli xüsusiyyətin isə dünya səviyyəli futbolçu olmağındı.

Yarım saat ərzində, demək olar ki, danışmadım və Quardiolanı dinlədim. Uzağı arada başımı yelləyirdim. Bu dəvət məni çox təəccübləndirmişdi, ona görə də, reflekslərim sanki yavaşlamışdı. Həyəcanlı olmaqdan çox, özümü axmaq kimi aparırdım. Şoka düşmüşdüm, amma pozitiv mənada.

Quardiola davam edirdi: "Belə deyim, Andrea: səni bura bu formada gətirdik, çünki bizdə işlər belə həll olunur. Vaxt itirmək istəmirik. Transfer haqqlarını elə indicə ələ keçirmək istəyirik. "Milan”la da danışmışıq. "Yox” dedilər, amma geri addım atmaq fikrimiz yoxdu. Biz "Barselona”yıq. Belə cavabları eşitməyə alışmışıq, amma işlər həmişə dəyişir. "Milan”la yenidən danışıqlar aparacağıq. Sən də niyyətini bəlli etsən, yaxşı olar”.

Bu ana qədər heç kim mənə bu məsələdən bəhs etməmişdi. Fərqində olmadan, futbolun ehtişamlı bazarında önəmli bir ticarətin nəsnəsi idim.

"Əgər bizə qoşulsan, tayı-bərabəri olmayan bir imtiyaza sahib olduğunu anlayacaqsan. Akademiyamız "La Masiya” bizim qürurumuzdu, başqa heç bir klubda onun bənzəri yoxdu. Saat kimi işləyir. Yanlış notların seçilməsinə izin verilməyən filarmoniya orkestrından heç bir fərqi yoxdu. Hər il akademiyadan "Barselona” formasını geyməyə hazır olan futbolçular çıxır. Çempion futbolçularımız, sən istisna olmaqla, "La Masiya”dan gəlib. Möhtəşəm işlər görürük, ancaq eyni zamanda, bütün bu proseslər əmək tələb edir. Bəzən qazanmaq insanın tükənməsinə səbəb olur. Bizi seçməlisən, Andrea. Futbolçu kimi səni həmişə bəyənmişəm. Sənin məşqçin olmaq istəyirəm. "Milan” indilik "yox” desə də, geri addım atmayacağıq”, - deyə Pep əlavə etdi.

Bunları heç gözləmirdim. Bəlkə də, çox "PlayStation” oynamışdım və o an ən sevdiyim hobbimin daxilində paralel kainatda bir yerdə, sehrli əlləri olan kuklaçının əlində idim.

Ağlıma dərhal Sandro gəldi. Olanları eşidəndə qısqanclıqdan öləcəkdi. Quardiolanın ona aid 50%-lik hissəsini oğurlamaq üzrə idim.

"Real” nümunəsində olduğu kimi, "Barselona”ya da sevə-sevə transfer olardım. Hətta "Barselona”nı "Real”dan daha çox istədiyimi deyə bilərəm. O dönəm dünyanın ən yaxşı komandası "Barça” idi. Bundan artıq nəsə deməyimə ehtiyac varmı? Qısa ötürmələr və insanı özündən çıxardan səviyyədə topa sahib olma – onların futbol tərzi nadir nümunələrdən idi.

İntuitiv oyun anlayışları ilə meydanda sanki Tanrı tərəfindən idarə edilirmiş kimi görünən zona bölgüsü və bəsit fəlsəfələri var idi: "Top bizimdi və bizdə qalmağa davam edəcək”. İçində "Swatch” batareyaları olan "Rolex” kimi. İncə, zərif və son dərəcə dayanıqlı…

"Yaxında yenidən görüşmək ümidiylə” – dedi Quardiola və əlavə etdi: "Yaxşı yol. Ümid edirəm, "Milan”da çox qalmayacaqsan”.
 
Yanından ayrılanda özümdə deyildim. "Milan”ın komanda avtobusuna minən ən axırıncı adam idim, ancaq heç kimi bunu anlamamışdı. Oyunçuların əksəriyyəti burunlarını pəncərəyə yapışdırıb çöldə olub-bitənləri seyr edirdi. Maraqla İbrahimoviçin ip üzərində gəzməsini izləyirdilər. Barselonada alov sönürdü, Milanda isə bu gedişlər qıvılcım alov olacaqdı.

İbrahimoviç və mən fərqli istiqamətlərə gedirdik. Dünya Zlatanın vəziyyətindən xəbərdar idi, ancaq mənim haqqımda hamı məlumatsız idi. Bu "eşqbazlıq” real eşq hekayəsinə çevrilsə, möhtəşəm bir klubun parçası olacaqdım. Bu, mənim üçün yeni meydan oxuma idi. Belə bir şey, həqiqətən də, xoşuma gələrdi.

İki klub arasındakı danışıqlar bir müddət davam etdi və yekunda "Milan” məni satmadı. "Milan” rəsmiləri o zaman hələ də formada olduğuma inandıqları üçün ciddi transfer danışıqlarına getmədən məni komandada saxlamaqda qərarlı idilər. "Qırmızı-qaralar” və "Barselona” qarşılıqlı fikirlərini dilə  gətirmiş, ancaq ciddi bir irəliləyiş əldə edə bilməmişdilər.

Quardiolanın oyunçusu olmaq istəyərdim, çünki o, çalışdırdığı komandalarda öz imzasını atan biridi. Komandanı özü qurur, liderlik edir, lazım olanda oyunçunu danlayır və yetişdirir. Bir sözlə, futbolçusunu mükəmməlləşdirir. Oyunçularını sadəcə futbolda deyil, ümumiyyətlə, bir insan kimi yüksək səviyyəyə qaldırır. İbrahimoviç Quardiolaya "filosof” deyəndə düşünürdü ki, onu təhqir edir. Bir az fikirləşin bu barədə, əslində, sözün kompliment olduğunu görəcəksiz.

Filosof olmaq üçün düşünmək, müdriklik axtarışına çıxmaq, məşğul olduğunuz işin əsaslarını təşkil edən prinsiplərə sahib olmaq lazımdı. Filosofluq adi şeylərə anlam qatmaq, dünyadakı yolunuzu tapmaq və nəhayət, hər nə qədər çətinlik bahasına başa gəlsə də, şərtlər nə olursa olsun, yaxşının pisə qalib gələcəyinə inanmaqdı.

Quardiola bütün bunları qüsurlarla bol elm sahəsi olan futbolda tətbiq elədi. Beynini işə saldı və dumanı dağıtdı. Bunu sadəcə düşünərək deyil, həm də çox çalışaraq etdi. Uğurlarının səbəbi möcüzə deyil. Məsələ oyunçularını zərif şəkildə proqramlaşdırmasıdı. Katalon kreminə bənzər bir tərzi var; asanlıqla həzm etmək mümkündü. Bu, real həyatla virtual reallığın qarışığıdı. Quardiola dostu Estiarte ilə birlikdə gerçəklik ilə fantaziya sahilləri arasında qulac döyən adamdı.
 
Andrea Pirlo - "I Think Therefore I Play" kitabı
Tərcümə və tərtibat: Rüfət Məcid

OXŞAR XƏBƏRLƏR