"Nəticə verməsələr qarşılarında olacağıq" - Sübhan Əliyev

Bu gün Azərbaycan premyer-liqasına start veriləcək.

Açılış oyunu isə "Bakcell Arena"da "Neftçi" ilə "Qarabağ" arasında olacaq. Təbii ki, ötən mövsüm nəticələri bərbad olan və adına yaraşmayan "Neftçi"dən bu il gözləntilər çoxdu. Xüsusən də azarkeşləri klub qarşısına tələb qoyublar. Bəs "Neftçi" fanatları ilk oyuna necə hazırlaşıblar?

Bu sualımıza cavab tapmaq üçün "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevlə danışdıq. Sübhan bəy Sport7.az-a açıqlamasında derbiyə hazırlıq haqda bunları söylədi:

"Bugünkü oyunda komandanın yanında olacağıq. Son saniyələrə qədər necə lazımdısa dəstəkləyəcəyik. Bundan əlavə, yeniliklər edəcəyik. Ölkənin görmədiyi yeniliklərin hamısın bu il edəcəyik. Axşamkı oyuna da qismət olsa sürprizimiz var. Stadiona görəcəksiz.

Ümumiyyətlə bu mövsüm tribunadan çox gözəl dəstək görəcəksiz. Bol xareoqrafiyalı mövsüm olacaq inşallah. Gözəl ideyalarımız var, amma tək istəyimiz "Neftçi"nin düzəlməsidi. "Neftçi" azarkeşləri həmişə birinci olub. Komandada bir balaca qığılcım olsa nə yeniliklər edəcəyimizi görəcəklər. Həqiqətən "Neftçi" fanatı uğur istəyir. Çünki artıq neçə ildi uğur görmürük. Bacarıqsız insanların sayəsində komanda pis günə qaldı. Buna baxmayaraq komandaya lazımi dəstəyimizi verəcəyik. Nəticə verməsələr qarşılarında olacağıq. Etirazlar, "İstefa" şüarları olacaq. Çüni bu il ən azı "ilk üçlüy"ə oynayacaqlarına dair söz almışıq. Çempion olsalar da, başlarının ucalığıdı.

Şanslara gəlincə, Meza-Kollinin, Səlahətin gəlişinə sevinirik. Çünki onlar xarakterli futbolçulardı. Hansı komandada oynamalarından asılı olmayaraq, canlarını qoyurlar. Ruslan Abışov da kapitan oldu, "Neftçi"nin yetirməsidi. Cavan futbolçular da var. Təcrübəlilər gənclərə oynamaq lazım olduğunu başa salarlar. Bir neçə dəfə görüşüb söhbət etdik. Uğura acdılar, qazanmaq istəyirlər. Bunun da komandaya faydası dəyə bilər. Futbolçularla şəxsi söhbətimiz olub. Onlara lazımi dəstək verəcəklərini demişik. Çünki "Neftçi"nin loqosunu daşıyırlar. Özləri də bunu anlayırlar".

Sport7.az

Xəbər lenti