"Nəyə görə klubumuzdan bu qədər pul istədilər, mənə çatmır" - Nadir Qasımov

25 il bundan əvvəl ermənilər tərəfindən işğal olunan Şuşanın ən azı adını yaxın zamanlara qədər Nadir Qasımov yaşadırdı. Əvvəlcə 2009-da yaradılan "Şuşa", ondan bir neçə il sonra isə təsis edilən "Şuşa Qarabağ" komandalarının baş məşqçi postunda çalışan təcrübəli mütəxəsis sonradan onların fəaliyyətinin dayandırılması səbəbindən işsiz qaldı. Halbuki Nadir bəyin də bu klubun yaşamasında az əməyi olmamışdı... 

Əslində klubu kimin çalışdırmasından asılı olmayaraq "Şuşa" adı ən azı birinci divizionda yaşamalı idi. Təəssüf ki, nə imkanlı şuşalılar nə də digərləri dəstəyini göstərdi. Nəticədə yaralı bölgənin adı futbolumuzdan silindi. Amma hələ bu komandanı yaratmaq üçün gec deyil. İstənilən vaxt "Şuşa" futbol meydanlarına dönüb yaralı bölgəmizin adını yaşada bilər. Təbii ki, kənardan dəstək olsa...

Hər halda Nadir bəylə danışmağın, "Şuşa"nın qayıdıb-qayıtmayacağını, bunun üçün yenə də mübarizə apardığını yoxsa təslim olduğunu soruşmağın vacib olduğunu düşündük. 

Qasımov Sport7.az-a açıqlamasında bnları söylədi: 

"Mən elə bu gün də "Şuşa" üçün dava edirəm. Gəlmişdilər "kabab iyinə", gördülər ki, heç nə yoxdu. Həmin insanlar hamısı qaçdı gizləndi və məni tək qoydular. Halbuki mənim boynuma düşən komandanı təkminləşdirib ortaya iş çıxarmaq idi. Mən də bunu etdim. Hamı bilir ki, həmin komandanın böyük hissəsi azərbaycanlılardan təşkil olunmuşdu. Yalnız bir neçə nəfər iranlı vardı. 

Bu gün də öz fikrimdəyəm. Yeni klub açmışam: "Şuşa-Qarabağ 2017" Peşəkar Futbol Klubu. İmkan versələr vaxtilə "Şuşa"nın adına görə komandaya gələn uşaqları yenidən dəvət edə bilərəm. Amma görürəm ki, futbol ictimaiyyəti heç buna məhəl qoymur. Baxmayaraq ki, AFFA 9 komanda saxlayır, futbolun inkişafı üçün onlara imkan yaradır. Şuşa hamının ağrılı yeridi. Amma nə vaxt televizorda anım günü olursa, o vaxt yad edirlər. Heç kim bu gün "Şuşa"nı çempionatda görmək üçün çalışmır.  Meydanda tək qalmışam. Elə oğlanlar istəyirəm ki, qoşulsunlar mənə və bu məsələni həll edək, "Şuşa-Qarabağ" yenidən birinci diviziona qayıtsın. 

Məni ən çox üzən o oldu ki, yeni komandalar vardı. Neçəsindən soruşmuşdum, heç biri 250 min manat bank zəmanəti göstəməmişdi. Ancaq nəyə görə klubumuzdan bu qədər pul istədilər, mənə çatmır. Birinci diviziondu, imkan vermək lazım idi. Məncə elə Şuşanın adının çempionatda olması böyük təsəllidi, öz rolunu oynayır. İstedadlı, şuşalı yeniyetmələr vardı. Bu bizim yaralı yerimizdi, hər sahədə irəli getmək lazım idi.  Futbol, ümumiyyətlə idman özü böyük siyasətdi. Əfsuslar olsun ki, milyonların sevimlisi olan futbol, Şuşada dayandı. Kimlərə müraciət etmədim ki? Konfrans keçirdim, xalq artistindən tutmuş, deputatlara qədər hamı məclisdə iştirak etdi. Birağızdan "Şuşa-Qarabağ"ı dəstəklədilər. Amma təəsüf ki, tək qaldım. Uşaqların hamısından üzr istədim.

Yenə də ümidimi itirməmişəm. İnanıram ki, sponsor tapılacaq. Ola bilər "Şuşa-Qarabağ" qayıtsın. Müəyyən danışıqlar aparıram. Amma indidən heç nə demək istəmirəm, qorxuram ki, kimsə işi "burar" (gülür). İranda yaşayan azərbaycanlılardan da bu işə qoşulanlar var. Görək də, Allah Kərimdi. 

Komandam hələ yığılmayıb, çünki yalançı olmaq, futbolçuların yanında öz nüfuzumu da itirmək istəmirəm. Çox uşaqları öz klublarından azad etdim, gətirib müqavilə bağladım. Sonda da klubun prezidenti Əli Bağırov hara itdi bilinmədi. Hələ indiyə qədər də ortaya çıxmır. 

Amma indi də o uşaqlar komandaya qayıtmaq istəyirlər. Sadəcə, AFFA və PFL-in icazəsi olmalıdı ki, yarışda iştirak edək. Bu olsa sponsorlar özləri tapılacaq. Mən AFFA-dan heç nə deyil, sadəcə, birinci divizionda təmsil olunmaq üçün icazə istəyirəm. Başa düşürəm AFFA üçün çox çətindi. Birdən-birə əyalət komandalarına dəstək vermək çətindi. 

Son vaxtlar müraciət etməmişəm. Çempionatın bitməsini gözləyirdim. Əlbəttə, onlar da yorulublar. Bir balaca özlərinə gəlsinlər. Üstəlik, hazırda respublikanın başı islam oyunlarına qarışıb. Bitəndən sonra birinci dəstədə iştirak etmək üçün müraciət edəcəm. Ona qədər də müəyyən adamlarla söhbət etməliyəm. Ortaya nəsə qoymalıyam. 

Lisenziya şərtləri üçün stadion lazımdı. Bu barədə danışıqılar olub. "İnter Arena"da çıxış edəcəyik. Sadəcə, hər şey maliyyədən asılıdı. AFFA hər ay 12 min manat pul verirdi. Yenə heç olmasa eyni məbləğ versələr gənc bir komanda saxlamaq və çempionatda iştirak etmək olar. Sadəcə, məqamını gözləyirəm. Müraciət edəcəm. Bütün dünya axışıb Azərbaycana gəlir. İstərdik ki, "Şuşa-Qarabağ" da çempionatda iştirak etsin. Bu boş söhbət deyil. AFFA icazə versə dərhal komanda yığıb çempionata qoşula bilərik. "Şuşa Qarabağ"ı ayyarıma yığımışdıq. Mütəxəssislər də bəyənmişdi. Təəssüf ki, saxlaya bilmədik".

Sport7.az 

Xəbər lenti