Nəzirov:

Nəzirov: "Bu üç amil daha çox lazımdır”

"Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.
 
Sport7.az xəbər verir ki, "Qırmızı-qaralar”ın təcrübəli qapıçısı Anar Nəzirov Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıb: "Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Hazırlıq prosesi əla ab-havada keçir. Bu da hər kəsi sevindirir. Artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Hər iki görüşdə Avropa Liqası təcrübəsinə malik, yaxşı komplektləşmiş Ukrayna klubları ilə üz-üzə gəlmişik. "Mariupol”a qalib gəlib, "Vorskla”ya uduzsaq da, komandanın istəkli olması, döyüşkənliyi sevindiricidir”.

Nəzirov "Qəbələ”də heyətin yenidən formalaşması haqda fikirlərini də bölüşüb: "Komanda yenidən formalaşır. Bu prosesdə əsasən klubun öz akademiyasının yetirmələrinə üstünlük verməyə çalışılır. Əlbəttə, heyətdə bir neçə təcrübəli futbolçu və legionerlər də yer alıb. Hər futbolçu məşqçilərin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışır. Məşqlərdə səylə hazırlıq keçməklərindən hiss olunur ki, hər kəs məsuliyyəti yaxşı başa düşür. Buna görə də hamı etimadı doğrultmağa çalışır. Əgər belə istək, həvəslə davam edəriksə, komanda adına yaxşı işlər görə bilərik”.

Qolkiper Avropa Liqasının II təsnifat mərhələsi haqda da danışıb: "Böyük ehtimalla Tbilisi "Dinamo”su ilə qarşılaşacağıq. Toplanış zamanı şahid olduğumuz istək, özünəinam və mübarizəni Gürcüstan klubu ilə görüşlərdə də görsək, istədiyimiz nəticələrə nail ola bilərik. Heyət yeni formalaşmaqda olduğu üçün bu üç amil daha çox lazımdır”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR