“Niyə də yox”un “niyəsi”

“Niyə də yox”un “niyəsi”
Bu gün səhər həmkarlarımızdan biri sorğu göndərmişdi. Sulları dünəndən bəri müzakirə olunan Azərbaycan – Almaniya oyunuyla bağlı idi. Və gözlədiyim kimi, həmin sualların içində "Almaniyaya qol vurmaq uğurdurmu” da öz yerini tutmuşdu. Cavabımı həmkarımıza göndərdim, burda da yazıram, siz dəyərli oxucularımız da xəbərdar olsun.

Amma əvvəlcə məşhur alman çalışdırıcı Kristof  Daumdan bir sitat gətirim: "Futbol oyununu bir intim əlaqəyə bənzətsək, qol vurmaq da həmin əlaqənin orqazmıdı”. Haqlı deyilmi? Ayının min oyunu bir qozun üstündə olduğu kimi, meydançada topun dalıyca qaçan 22 futbolçu da qol vurmaqdan ötrü çalışır. Düzdü, son illər müxtəlif taktiki planlar, turnir tapşırıqları və sair amillər futbolun bu gözəl nemətinə də təsir edir. Olur ki, hansısa komanda meydana çıxanda qarşısına qol vurmaqdan daha çox qol buraxmamaq tapşırığını qoyur. Berti Fotqsun zamanında bizim milli komandamız tez-tez belə "müqəddəs” tapşırıqla rəqiblərinin qarşısında qapanırdı. Elə sevimli Əsgər Abdullayevimizlə Vaqif Sadıqovumuz da belə oyunun vurğunudu. İnsafən, Prosineçkinin gəlişiylə bir az nəfəsimizi dərmişik, millilərimizin ifasında hücum cəhdlərinin şahidi olur, qol sevinci yaşaya bilirik. Robi futbolçularına təkcə müdafiə olunmağı yox, imkan düşəndə rəqib qapıya "atəş açmağı” da tapşırır.

Əfran İsmayılovun uzun ötürməsinin əlverişli mövqeyə çıxan Dmitri Nazarova ünvanlanması və "qazaxıstanlı almaniyalımızın” həmin ötürməni yüksək məharətlə "çərçivəyə” ünvanlaması da həmin tapşırığın əlamətiydi. Bizimkilər ilk qolu qapımızda görəndən sonra "mandraja” düşmədilər, almanları məyus etməyin mümkünlüyünə inanaraq, irəli getdilər. Biz 31-ci dəqiqədə arzuladığımız qolu vurduq. Bərabərliyi uzun müddət qoruyacağımıza ürəkdən inanmasaq da, həmin an dünyanın xoşbəxti idik. Həmin qolu vurmaqla da qarşıya qoyulan kiçik bir tapşırığın öhdəsindən gəldik. Amma futbol elə oyundu ki, burda xal və ya xallar qazanmaq üçün qol sayında rəqibi üstələməlisən. Axı hər vurulan qola görə komandaya xal vermirlər. Heç bir komandanın qarşısına meydana çıxarkən "nə olursa-olsun, öz qapımıza neçə qol vurulursa-vurulsun, biz də rəqibi bir dəfə məyus edək” tapşırığı qoyulmur. Deməli, qol vurmaq 90 dəqiqəlik tapşırığın çox kiçik bir hissəsidi, hamısı deyil. 

Biz Nazarovun qolundan sonra öz qapımızı almanların üzünüə "bağlaya” bilsəydik, böyük uğur qazanmış olardıq. Hazırkı şəraitdə isə o qol bizə 5 dəqiqəlik sevincdən və ümiddən başqa heç nə vermir. Yalandan özümüz özümüzü niyə aldadırıq axı?

"Niyə” sualını vermişkən, elə onu da deyim: AFFA-nın gecə-gündüz, yeri gəldi-gəlmədi təkrarladığı, bir müddət əvvəl böyük qəbahət işlədib, milli komandamızın adının əvvəlinə də pərçim etdiyi şüarın da cavabı elə dünənki oyunda verildi. "Niyə də yox” deyənlər Mirzəbəyovun, Əfranın buraxdığı uşaq səhvlərinə, Rəşadın oyunundakı geriləməyə, Kamranın Portuqaliyada qərar tuta bilməməsinə baxsınlar və öz suallarına cavab tapsınlar. "Niyəsi” elə odu, əzizlərim. 

Bir az da sadələşdirsək, rəqiblərin bizdən daha yaxşı oynaması, bizdən az səhvə yol verməsi, bizi gülünc səhvlərə məcbur etməsi. Neynəyək ki, normal cinah müdafiəçimiz, ortabab Avropa klublarında uzun müddət duruş gətirəcək legionerimiz, Rəşad Sadıqovu əvəzləməyə layiq kimsəmiz yoxdur. 

"Yox”un da üzü qara olsun!

Amal ABUŞOV


Xəbər lenti