Novruz Əzimov:

Novruz Əzimov: "O, insan kimi özünü belə aparmamalıdı"

"Neftçi"nin veteranı Novruz Əzimov son baş verənlərlə bağlı fikirlərini bildirib.

O Sport7.az-a müsahibəsində klubla azarkeşlərin münasibətlərindən danışıb, həm də "Neftçi"dən bu mövsümdəki gözləntilərini açıqlayıb.

- "Bney Yehuda"ya məğlubiyyət, "Sabah"la oyunda xal itkisi, belə demək mümkünsə, aləmi qarışdırıb. "Neftçi" ilə azarkeşləri arasında son baş verənlərlə bağlı bir veteran kimi nə düşünürsüz?

- Azarkeşlər haqlı olur. Sözsüz ki, onlar qələbələr istəyir. Ancaq futboldu, bəzən qələbə qazanmaq mümkün deyil. Bir məğlubiyyətə görə komandadan küsüb çıxıb getmək məncə düz deyil. Amma rəhbərlik tərəfindən onlara qarşı belə qərar verilibsə, bu səhvdi. Onların stadiondan qovulması qəbulolunmazdı. Əksinə, azarkeşlərlə söhbət etmək, yaxşı olacağını demək və səbr istəmək lazımdı.

- "Sabah"la oyundan sonra mətbuat konfransında baş məşqçi Roberto Bordin onların öyrədilmiş insanlar olduğunu bildirmişdi. Üstəlik, komandanın futbolçularından Kiril Petrovun oyunsonrası açıqlaması və Baqali Dabonun tərbiyəsiz hərəkəti sizcə doğrudumu?

- Etik cəhətdən azarkeşlər haqda elə danışmaq düzgün deyil. Onlar stadiona, oyuna baxmağa gəlirlər və fikirlərini bildirirlər. Nə dərəcədə səhv, ya da düzdü, bu başqa məsələdi. Ancaq həm Bordinin, həm də futbolçuların onları belə adlandırmağa haqları yoxdu, düzgün deyil.

- Baş verənlərdən sonra o futbolçuların komandada qalması, "Neftçi" ilə azarkeşlər arasındakı münasibətlərə hansı şəkildə təsir edə bilər?

- Baqali Dabonun ümumiyyətlə, standart olmayan hərəkətləri var. Hər zaman nəsə edə bilər. Ancaq necə təsir eləyə biləcəyi zaman məsələsidi. Düzdü, Dabo futbolçu kimi yaxşı keyfiyyətlərə malikdi. Lakin insan kimi o, özünü belə aparmamalıdı. Dabonun komandada qalması nə dərəcədə münasibətlərə təsir edər, bunu bilmirəm. Klub futbolçu ilə müqavilə bağlayıb. Onu da çıxarsınlar, nə olacaq? Yəni qovulması məsələnin həlli deyil. Cərimələmək olar, ya da bu adam etik normalara sığmayan hərəkət edibsə, sözsüz ki, üzr istəməlidi. Eyni hərəkət təkrarlanarsa, o zaman daha ciddi tədbir görmək olar.

- "Neftçi"nin sərgilədiyi son oyunlarla bağlı fikirləriniz necədi?

- Komandada olan futbolçular pis deyil. Amma doğurdan da müdafiə xətti rəqiblərə boşluqlar verir. Hansı ki, o futbolçular görün nə zamandan bəri həmin məşqinin əlinin altındadı. Uzun müddətdi bir yerdədilər. Xoşuma gəlmədi. "Bney Yehuda" ilə oyunda Stankoviçin hərəkəti səhv idi. Rəqib futbolçu topu yanından atıb keçəndə Stankoviç dayandı baxdı. Daha sona həmin oyunçu ötürmə verəndə qol vuran futbolçuya tərəf qaçdı. Bunu elə əvvəlcədən get də. Sən bilirsən ki, o futbolçu ötürmə edəcək. Bu fakt müdafiəçiyə yaraşmayan hərəkətdi. Bu artıq böyük səhv deyil, saymamazlıqdı, biganəlikdi. Bu səhvi ifadə etmək üçün söz tapa bilmirəm. Kim olur, olsun, mən düşünürəm ki, elə hərəkət edən insan komandanı fikirləşmir. Müdafiənin mərkəzində zəiflik var. 

- Sizcə, "Neftçi" oyunu Bakıda uduzmuşdu?

- Bəli, düşünmək olar. "Neftçi"nin Bakıda göstərdiyi oyun gözəl idi. Deməli, bunlar oynaya bilir, düzdü? Bəs niyə əvvəldən belə oyun göstərmədilər? İki qol vurmalıdılar ki, yaxşı oyun göstərəsən? Bəlkə də rəqib bir qədər arxayınlaşdı deyə, üstünlüyü "Neftçi"yə verdi. Ancaq bu o demək deyil ki, "Neftçi" oynaya bilmir. Sadəcə maraqlıdı ki, komanda niyə əvvəldən can yandırmadı?

- Belə çıxır komandada arxayınlıq vardı, "Bney Yehuda"nı asan keçəcəklərini düşünürdülər...

- Mənəvi-psixoloji tərəfdən çatışmayan cəhətləri var məncə. Mənəvi, iradi keyfiyyətlər hamıda yüksək deyil. Ömər Buludov nəyi var ortalığa qoydu. Taktiki cəhətdən hansısa çatışmazlıqlar ola bilər. Heç kim Ömərə oyuna tam özünü qoymadığını deyə bilməz. Ancaq Darionun oyunu heç bir şey idi. Topu özündə saxlayırdı, fırladırdı, sonra da hara gəldi vururdu. Əslində, bunları mənim deməyim, yaxşı çıxmır. O mənada ki, münasibətlərimizin yaxşı olmadığını düşünəcəklər. Amma belə deyil. Rəhbərlik öz işini düzgün yerinə yetirməlidi. Yetirə bilmirsə, deməli camaatın dedikləri düzdü. Çıxıb getməlidilər. Bu, komanda daxilində ciddi problemlərin olduğunu göstərir. Niyə Dario canını qoymur? Monroz da bəzən artıq hərəkətlər edir, topu vaxtında ötürmür. Emin Mahmudov çox layiqli futbolçudu. Amma, ətrafındakılar, cinahdakı futbolçular oynamadı. Namik Ələskərovu niyə meydana buraxmırsan? Görürsən ki, istəklidi, psixoloji üstünlüyü var. Canını qoymaq, oynamaq istəyir. Ancaq Bordin onu axıra qədər ehtiyatda saxladı. İkinci oyunda dəyişikliklər mütləq olmalıydı. Çünki "Neftçi" qol vurmağa borclu idi. "Neftçi"nin səfərdəki oyunu onu göstərdi ki, lazım olanı düşünə bilməyiblər, ümumiyyətlə futbolçuları kökləməyi bacarmayıblar.

- "Neftçi" Premyer Liqada çempionluğa hazırdımı?

- İndiki atmosferlə xeyr. Belə əhval-ruhiyyə olsa, çempionluq görməyəcəklər. Hər komandada eniş, yaxud yüksəliş olur. Enişdən qurtula bilsələr, bəlkə çempion olarlar. 

- Avroliqada məğlubiyyət oyuna təsir edib?

- "Sabah"la oyuna baxdım, əlbəttə təsir edib. Hər bir məğlubiyyətin təsiri olur. Rəhbərliyin, məşqçilərin işi də ondan ibarətdi ki, futbolçularla söhbətdə bundan uzaqlaşsınlar. Sözsüz ki, səbəblərini çatdırmaq şərtilə. "Bney Yehuda"ya məğlubiyyət "Neftçi"yə zərbə vurdu. Ancaq bununla da həyat qurtarmır axı. Davamı var. Hər oyun özlərini sübut etməyə çalışmalı, göstərməlidilər ki, "biz güclüyük!".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR