“Növbəti ev oyunları ilə bağlı hələ qərar yoxdu” – Əmrah Çəlikəl

“Növbəti ev oyunları ilə bağlı hələ qərar yoxdu” – Əmrah Çəlikəl

"UEFA ev matçımızın neytral meydanda oynanılmasına qərar vermişdi. Bizə 3-4 ölkə təklif olundu. Onların arasında Türkiyə yox idi. Biz isə israrla bu ölkədə oynamaq istədiyimizi bildirdik".
 
Sport7.az xəbər verir ki, bu fikirləri DHA-ya açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun II turunun İspaniya "Vilyarreal"ı ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.
 
Klub rəsmisi bu qərara sevindiklərini bildirib: "Digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola bilərdi. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər".
 
Çelikelin sözlərinə görə, ilk müraciət etdikləri "Başakşehir" klubu onlara müsbət cavab verib: "Həm klub prezidenti Göksel Gümüşdağ, həm də digər rəsmilər bizi isti qarşıladı. Bizə kömək edəcəklərini bildirdilər. UEFA-ya "Başakşehir Fatih Terim" stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı. "Vilyarreal"la oyunu burada keçirəcəyik. Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardır. "Başakşehir" klubuna "Qarabağ" adından təşəkkürümüzü bildirirəm. Türkiyədə görüşərik".
 
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR