"O bir qədər çətin məsələdi" - Samir Əliyev

"Səbail"in baş məşqçisi Samir Əliyev komandanın hazırlığı haqda fikirlərini bildirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında "Səbail"in hazırkı durumu və yeniliklərlə bağlı danışıb.

"İstər Bakıda istərsə də Türkiyədə çox yaxşı təlim-məşq toplanışı oldu. İlk mərəhələni Bakıda keçdik, daha sonra Türkiyəyə getdik. Orda yanvarın 20-dən, fevralın 2-nə qədər toplanış oldu. Bizim üçün faydalı oldu. Yeni futbolçular götürdük. Belə baxanda uyğunlaşma ilə bağlı problem yoxdu. Gəlmələr tez uyğunlaşıb. Amma çempionata uyğunlaşmaları üçün yenə də vaxt lazım olacaq. Kollektivə, komandaya uyğunlaşmaqla bağlı isə problem yoxdu. 

Çatışmazlıqlar çoxdu. Demək olar hər mövqedə çatışmayan cəhətlər var. Çempionatda bunları daha da açıq-aşkar görüb yoluna qoymağa çalışacağıq. Yəni, oyun baxımından çatışmazlıqlar çoxdu. Öz fəlsəfəmi "yeritmək"? O bir qədər çətin məsələdi (gülür).

Fasiləyəqədərki "Səbail"lə indiki arasında fərq? Bu suala cavab vermək çətindi. Çünki hazırlıq dövrü idi. Həm bizdə həm də rəqiblərimizdə yorğunluq olur. Yoldaşlıq görüşləri bir qədər aldadıcı olur. Çempionatda bir-iki tur keçəndən sonra cavab verə bilərəm. 

Bacardığımız qədər büdcəmizə uyğun transferlər etdik. Kərim Diniyevi, Ruslan Əmircanovu, bir gürcü futbolçu və Koçuku götürdük. Hər şey ola bilər. Əvvəlcədən açıqlamaq istəmirəm. Düzdü heyətdə yetərincə futbolçu var. Amma hər şey mümkündü. Ola bilər yeni transferlər həyata keçirək. Hələ "pəncərə"nin bağlanmasına 2 gün vaxt var. Bir də görürsən sonuncu gündə elə variant çıxır ki... Məcburiyyətdən transfer də edə bilərik. Sonuncu gün futbolçu alsaq birbaşa müqavilə bağlanmalıdı, başqa variant yoxdu.

"Keşlə" ilə qarşılaşacağıq. Bilirsiz ki, orda dəyişikliklər olub, yeni baş məşqçi gəlib. Fərqli sistemlə oynayırlar. Düzdü bu rəqibimizi izləmişik. Antalyada keçirdikləri son oyunu axıra qədər izlaya bilmədim, çünki özümüz də oynayacaqdıq. Üst-üstə düşmüşdük. Amma videoyazısı var. Zədəlilərə gəlincə, Murad Ağayevin dizində problem var. Elton Yaqublu da zədəlidi. Hər ikisi əsas heyət oyunçusu sayılır. Eltun sual altındadı, amma çox güman ki, Murad oynamayacaq. Başa zədəlimiz yoxdu, təki oyuna qədər də olmasın".
 
Sport7.az

Xəbər lenti