O topun dalınca baxma...

O topun dalınca baxma...
"Əli, topu at. Əli, topu tut” - belə başlayıb bizim topa olan sevgimiz. Dövrün ağıllı kişiləri də bu sevgini bildiklərindəndi ki, orta məktəblərdəki ilk kitablarımıza da mütləq topla bağlı cümlələr salıblar. Uşaqların top sözü yazılan cümlələrə maraq göstərəcəyinə, onları böyük həvəslə oxuyub, əzbərləyəcəklərinə əmin olublar. Xəyallar bizi çox uzaqlara aparır...

2009-cu ilin fevral ayının 23-də AFFA-nın "Futbol akademiyası”nın açılış mərasimi keçirilib. Həmin akademiya ilə bağlı AFFA-nın rəsmi saytında xüsusi bölmədə məlumat var. Bəzi yerlərini birlikdə oxuyaq: AFFA-nın "Futbol akademiyası” ən müasir tələblərə cavab verən şəraitə malikdir. Burada eyni vaxtda 48 nəfərdən ibarət komanda məskunlaşa bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı, yüksək sürətli İnternetə qoşulmağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter otağı, həkim otağı, massaj otağı, fitness zalı, üzgüçülük hovuzu, sauna var. Burada təhsil alacaq uşaqların və təlim-məşq toplanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığının yüksəldilməsi üçün fitness zalında ən müasir trenajor alətləri quraşdırılıb".
 
Sağlıq olsun, gələn ilin fevral ayının 23-də həmin akademiyanın açılışının 10 illik yubileyi qeyd olunacaq. Mən bilmirəm, tarixin sovetdəm qalma "kişilər bayramı”na təsadüf etməsinin AFFA-dakı bəzi cənabların SSRİ-yə olan sevgisiylə bir əlaqəsi var, ya yox. Amma bu tarixi də rahatca qeyd edə bilərlər. Akademiyanın 10 yaşı tamam olur. Sözə bax e, akademiya. 

Hanı bu akademiyanın akademikləri? Bu 10 ildə AFFA-nın bir ətək pula ərsəyə gətirdiyi akademiyadan 10 futbolçu yetişib, ortaya çıxıbmı? Bu yaxınlarda eşitmişəm ki, AFFA-nın biznes işlərini yaxşı bacaran kadrları akademiyanın trenajor zalını və hovuzunu axşam saat 18:00-dan sonra həvəskar idmançıların üzünə açırlar. Amma pulsuz yox, düz əllicə manata. Həmin bu 50 manatın qarşılığında da müştərilərə heç bir kassa qəbzi, yaxud da üzvlük kartı təqdim olunmurmuş. Güman ki, akademiyanın resurslarından gələn həmin 50 manatlar bir qrup şəxsin cibinə axır, "qara mühasibatlq”da qeyd olunur. Vəssalam. Yaxşı yadımdadı, bir-neçə il bundan əvvəl həmkarım Rəşad AFFA-nın yeməkxanasında müşahidələr aparmışdı və orda da həyata keçirilən alqı-satqının əvəzində kassa çekinin verilmədiyini görmüşdü. Sonra da "AFFA çox şəffaf qurumdu, o qədər şəffafdı ki, bu da problemə çevrilir” deyirlər. Ay sizi, bir az o tərəfə durun, gözlərimiz qamaşdı.

Sözümün canı heç də vergidən yayındırılan pullarda, yaxud da AFFA-nın büdcəsi hesabına, daha doğrusu xalqın puluyla tikilən obyektlərdən şəxsi ciblərin doldurulması üçün istifadə edilməsində deyil. Onsuz da işbazlar öz əməllərindədi. Onların futbola sevgisi, Azərbaycan futbolunun inkişafı haqda çalışdıqları haqda dedikləri gəlişigözəl sözlərdən başqa bir şey deyil. O cümlədən də AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul edilən qərarlar bir daha bu "sevgini” nümayiş etdirdi. Bu "sevgi”nin sahibləri azyaşlı uşaqlara, onların valideynlərinə açıq dillə deyirlər ki, futboldan uzaq durun, onunla məşğul olmayın, bu ölkədə futbol bizlikdi! Vəziyyət o həddə gəlib çatıb ki, aşağı diviziona da limit qoyurlar, "21 yaşın oldusa, get, başqa işlə məşğul ol” deyirlər. Cəmi 14-15 peşəkar klub olacaqsa, həmin klublarda da 21 yaşından sonra limitə düşməmək qorxusu yaşayacaqsansa, kim futbolla məşğul olmaq istəyəcək?!

AFFA-nın baş katibi Elxan Məmmədovun İK-nin son iclasından sonra verdiyi açıqmaları oxudum və yenə də "həmin dalğa, həmin koordinat” dedim. Məntiqə bax, Xorvatiyada yeniyetmə yaşlarından sonra xarici klublara transfer olunurmuşlar. Cənab Məmmədov, Azərbaycanın futbol təsərrüfatı Xorvatiyadakı kimi olsaydı, əmin olun ki, sizi heç Futbol Federasiyasının binasından içəri qoymazdılar. Xarici kluba gedəcək uşaq, yaxud da yeniyetmə harda yetişməlidi? Bəli, futbol akademiyasında. Hanı sizin akademiyanız? Onu özəl obyekt kimi işlədirsiz, şəxsi büdcənizə gəlir gətirir. Kasıbın uşağı isə futbolla məşğul olmaq üçün min bir əziyyətə qatlaşmalı, hər gün klubların kilometrlərlə yol qət etməli, süni örtük üzərində ayaqlarını şikəst etməlidi. Bu yaxınlarda "Neftçi”nin prezidenti Kamran Quliyev də illərdən bəri yazdıqlarımızı etiraf etdi. Ölkənin ən qocaman klubunun aşağı yaş qruplarında məşq edən uşaqlar vaxtının çoxusunu yollarda keçirir, nəinki nəzəri və fiziki məşğələlərdə. Bu yorğunluqdan, əziyyətdən sonra da evə gəlib, dərs oxumaq lazımdı. Hay oxudular e, hardandı uşaqda o güc? İndiki sərt limitlə isə təhsildən kənar qalan uşaqlar gələcəkdə də futboldan da uzaq düşəcək, potensial işsizlər ordusunun üzvünə çevriləcəklər.

Yollarda qalan uşaq məcburiyyətdən dönər yeyir, qazlı su içir. Onun bədənində lazım olan enerji də formalaşmır. Diqqət yetirin, hazırkı gənc nəsilin, yetişməkdə olan futbolçuların əksəriyyəti ya "Bakı”nın, ya da "Qəbələ”nin akademiyalarında yetişiblər, həmin istedadları orda kəşf edib, formalaşdırıblar. AFFA isə sinəsini irəli verib, pafoslu açıqlamalar verməklə, şişirdilmiş rəqəmlərlə yalançı statistika açıqlamaqla məşğuldu. Hanı AFFA-nın Azərbaycan futboluna qatqısı, inkişaf strategiyası, akademiyası olan klublara verdiyi dəstək?! Bəli, yoxdu. Olmayacaq da. Çünki onları futbol maraqlandırmır...
Vəziyyət belədi, dostar. Faciəvi və acınacaqlı. Futbola marağı olan uşaqlarınıza da bunu anladın. Deyin ki, topu atsınlar, uzaqlara və onun arxasınca baxmasınlar!
 
Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov

Xəbər lenti