Okeanda çimərkən itən güləşçi ilə bağlı axtarışlar dayandırıldı

Okeanda çimərkən itən güləşçi ilə bağlı axtarışlar dayandırıldı

Ötən həftənin bazar günün oğlu ilə okeanda çimərkən axıntıya düşərək itən sabiq güləşçi Şad Qaspardla bağlı axtarışlar yekunlaşdırılıb.
 
Sport7.az xəbər verir ki, 1 həftəlik axtarışlardan sonra tapılmayan 39 yaşlı güləşçi ölmüş kimi qeydə alınıb. 
 
Hadisə zamanı sabiq idmançı Kaliforniyada yerləşən Venis çimərliyində bir neçə dostu və 10 yaşlı oğlu ilə birlikdə okeanda üzürmüş. Ancaq qəfildən dalğaların arasına düşən Qaspard gözdən itib. Hadisə şahidləri böyük bir dalğanın Qaspardı okeanın dərinliklərinə doğru çəkdiyini, daha sonra isə onun gözdən itdiyini bildirib. Polis raportunda Qaspardın sonuncu dəfə sahildən 46 metr uzaqlıqda görüldüyü yazılıb. Həmin vaxtdan axtarışlara çıxan xilasedicilər onun ölmək ehtimalının yüksək olduğunu bildirərək, çalışmaları dayandırıb. Bununla yanaşı xilasedicilər həmin vaxt onun oğlunu və dostlarını xilas etməyi bacarmışdılar. 
 
İdmançının həyat yoldaşı Siliana sosial media hesabından etdiyi paylaşımda xilasedicilərə təşəkkürlərini çatdırmaqla yanaşı hələ də ümidlərinin tükənmədiyini və bir gün Qaspardın geri dönəcəyinə inandığını, bunun üçün dua etdiyini bildirib. 
 
Sabiq güləşçi karyerasını bitirdikdən sonra film sektorunda çalışmağa başlamışdı. O bir çox filmlərdə və teleseriallarda rol almışdı. Qaspard "Bolden", "Black Phanter", "Sandy Wexler" "Officer Downe" "My First Miracle" "Brothers", "Get Hard" kimi filmlərə çəkilib. O yeni çəkilmiş "Coyote" adlı bir filmdə də baş rolda yer almışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR