"Ola bilər ki, həmin şirkətlə sövdələşməmiz baş tutsun" - Ramin Musayev

Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimi keçirildi.
 
Sport7.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev, Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov və futbol veteranı, idman şərhçisi, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov iştirak edib.
 
Mərasimdə PFL prezidenti Premyer Liqanın yeni mövsümü ilə bağlı suallara cavab verib. Tədbirdə koronavirus pandemiyası ilə əlaqədar media nümayəndələri iştirak etməyib. Yalnız püşkatmanın canlı yayımlanması üçün "CBC Sport"un təmsil olunmasına icazə verilib. 
 
- Çempionat zamanı yoluxma halı baş verərsə, durum necə tənzimlənəcək?
 
- Elə bir anı yaşamaq istəməzdik. Ancaq belə bir hal baş verərsə, bizdən üst qurumların qərar və tövsüiyələrinə əməl edəcəyik. Bu artıq bizdən asılı qərar olmayacaq. 
 
- Avrokuboklarda oynamaq baxımından klubların müraciəti olarsa, oyunları təxirəsalma mümkündürmü? Bir də görünən odu ki, cəmi 1 turdan sonra yığmanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Bu ehtimal düzdürmü?
 
- Düz buyurursuz. Millimizə yeni təyin olunan baş məşqçinin bizə bildirdiyinə görə, komandanı avqustun 28-də bir yerə yığmağı nəzərdə tutub. Baş məşqçinin fikrinə hörmətlə yanaşaraq, belə qərara gəldik ki, avqustun 21-də çempionatı başlayaq. Ayın 28-dən etibarən isə baş məşqçi istədiyi futbolçuları görə bilsin. Toplanışla bağlı məcburuq ki, ikinci turu keçirməyək. Amma baş məşqçinin fikri olmasaydı, avqustun 30-da 4 oyunla ikinci turu da keçirmək istəyirdik. 
 
- Oyunların azarkeşsiz keçiriləcəyini nəzərə alsaq çempionatın yayımında vaxt bölgüsü olacaqmı?
 
- "CBC Sport" yaranandan mütəmadi olaraq birlikdə çalışmışıq. Sizin televiziyadan da çox razıyıq. Əvvəlki illərə nisbətən, demək olar bu kanal yaranandan problem yaşamırıq. Keçən mövsümdə olduğu kimi, oyunların vaxtı, günü bu il də qarşılıqlı razılıq əsasında təyin olunacaq. Düşünürəm ki, heç bir narazılıq olmayacaq.
 
- Çempionatın gedişində sponsor məsələsi müzakirə oluna bilərmi? Yoxsa artıq bu mövsümün də sponsorsuz keçəcəyi dəqiqləşib?

- Deməzdim sponsor olmayacaq. Düz qeyd etdiz, pandemiya bütün şirkətlər kimi bizə də ziyan vurdu. Çempionatın sonu olsa da bir şirkətlə danışıq aparırdıq. Mart-aprel aylarında uzunmüddətli müqavilə gözlənilirdi. Ola bilər ki, həmin şirkətlə sövdələşməmiz baş tutsun və yenidən o söhbətə qayıdaq. Ehtimal var ki, olsun.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR