"Onlarsız mübarizə aparmaq çox çətindir" - Millimizin futzalçısı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Moldova yığması ilə keçiriləcək oyunun hazırlığını davam etdirən millimiz dünən iki məşq keçib.
 
Sport7.az xəbər verir ki, axşam hazırlığından sonra karyerasını Fransanın ACCES klubunda davam etdirən Eduardo Borges Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib: "Çempionat oyunları ilə əlaqədar millinin toplanışına gec qoşulduq. Ancaq hər şeyin qaydasında olduğunu deyə bilərəm. Uşaqların əhval-ruhiyyəsi yüksəkdir. Çünki əvvəlki iki oyunda maksimum xal qazanmışıq. Bundan başqa, komanda olaraq demək olar, hər gün məşq edirik”.

Təcrübəli müdafiəçi rəqibi dəyərləndirərkən, diqqətli olmağın vacibliyini vurğulayıb: "Moldova millisi güclü komandadır. İldən-ilə daha yaxşı oynayır, nəticələrini yaxşılaşdırırlar. Xüsusilə də onların Slovakiya ilə son matçda heç-heçə etməsi bizim üçün bir siqnaldı. İndi Moldova millisinin 4 xalı var və bizim ən yaxın izləyicimizdir”.

Eduardo azarkeşsiz oyunların daha çətin keçdiyini də əlavə edib: "Biz azarkeşlər üçün oynayır, oynlar üçün qol vururuq. Onlarsız mübarizə aparmaq çox çətindir. Çox istərdik ki, onlar tribunalardakı yerlərini tutsunlar, komandamızı dəstəkləsinlər, oyunçuları daha da coşdursunlar, oyuna rəng qatsınlar. Niyə belə alındığını isə izah etməyə ehtiyac yoxdur. Səbəbini hamı bilir. İnsan sağlamlığı hər şeydən vacibdir. Ümid edək ki, qısa vaxtda pandemiya başa çatacaq və həyat öz axarına qayıdacaq, azarkeşlərimiz də arzuladığımız yerdə olacaqlar”.

O, iki oyunu maksimum nəticə ilə başa vuracağı təqdirdə millinin Avropa çempionatına vəsiqə əldə edəcəyinə əmin olduğunu gizlətməyib: "Əlbəttə, asan olmayacaq. Ancaq bunu bacarmaq üçün hər gün çalışırıq. Vəsiqəni vaxtından əvvəl qazanmaq üçün potensialımız da var. Sadəcə, ehtiyatlı olmalı, hər oyunun tapşırığını düzgün yerinə yetirməliyik. Ani səhv, saymazlıq komandaya baha başa gələ bilər”.

Bu arada qəhrəmanımız UEFA Çempionlar Liqası çərçivəsində ACCES - "Barselona” oyununda İspaniya təmsilçisinin qapısına vurduğu qoldan da danışıb: "Həqiqətən də maraqlı, baxımlı qol alındı. Ümumiyyətlə, bütün qollar vacibdir. Çünki məhz vurduğun qollar səni qələbəyə daşıyır. Ancaq "Barselona” kimi tarixi və çoxsaylı titulları olan komandanı məyus etmək bir başqadır. Bu komanda Avropada yox, dünyada tanınan, seçilən rəqibdir. Həmin qolu "tarixi qol” da adlandırmaq olar”. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR