Onu “Qarabağ” öldürdü!

Onu “Qarabağ” öldürdü!
Necə "qıydınız” Qurban bəy?

Amal Abuşov

... Üzülərək söyləyirəm, nə qədər çətinlik çəksəm belə. Sport7.az-ın dəyərli oxucularına hələ sentyabrın 22-də, Premyer Liqanın 6-cı turundan sonra verdiyim proqnoz doğruldu.  "Görməyə alışdığımız tablo” başlıqlı yazıda hər şeyin məhz bu cür olacağını təxmin etmişdik. "Qarabağ”ın dekabrın sonuna kimi çempionatdakı suları duruldacağına, birinci yeri özü üçün xeyli erkəndən təmin edə biləcəyinə işarə vurmuşduq.

Proqnozumu reallaşdırmayacaq tək ehtimal Qurban Qurbanovun və yetirmələrinin Avropada tarix yazmağa davam etməsi, qrup mərhələsini adlayaraq, avroliqada play-off oynaması ola bilərdi. Lənətə gəlmiş Zelenka ona da imkan vermədi. Tərifli sözlərlə Ağdam təmsilçisinin başının altına yastıq qoymaq fikrində deyiləm. Arxı tullanmamış "hop” demək xarizmatik çalışdırıcıya yad olan xüsusiyyətdi. Əminəm ki, çempionluğu riyazi baxımdan təmin etmədən nə özü rahatlayacaq, nə də yetirmələrinə bu rahatlığı yaşamağa imkan verəcək. Amma dünən "Neftçi” üzərində qazanılan qələbə futbol üzrə Azərbaycan çempionatının bu mövsümkü intiriqasını tamamilə öldürmüş oldu. "Qarabağ” finişə üç ay qalmış hər şeyə son qoydu. Kaş ki, öldürməsəydilər, bir az daha insaflı davransaydılar. Soyuq havaya baxmayaraq "Bakcell Arena”ya gələnlər, ekran başında bu həyəcanlı qarşılaşmanı izləyənlər əsas vaxtın son dəqiqələrinə kimi möcüzənin baş verəcəyinə inanırdılar. Hərçənd ki, oyunun gedişatı heç də bundan xəbər vermirdi.

Rəşadla Bədavinin yer aldığı müdafiə xətti "Neftçi”nin futbolçularına doğru-düzgün qol vəziyyəti yaratmağa, Şehiçin az da olsa həyəcan yaşamasına imkan vermədilər. Qarşılıqlı gözəl qollar vurulmasını arzuluyanlar, "Neftçi”nin "Qarabağ”ı məğlub etməklə qızıl medal yarışının qızışacağını istəyənlər məyus oldu.

Bu ölkədə "köhlən atlar”ın qarşısına çıxacaq, onları büdrətməyi bacaracaq komanda yoxdu. Dərin təəssüf hissi və tam məsuliyyətimlə deyirəm. "Bakı”yla qarşılaşanda əjdahaya dönən, "Sumqayıt” və AZAL kimi ortababları yenə bilməyən "İnter” özünü çempionluğa iddialı komanda kimi aparırmı? Tərifi səmalara qədər ucalan Tsxadadze yetirmələrinin gözünü o qədər qoxdurub ki, "bankirlər” "uda bilməyəcəyiksə, uduzmayaq” psixologiyasının təsirindən qurtula bilməyiblər. Hətta özlərindən zəif rəqiblərlə qarşılaşmalarda belə bu qorxu onlara qələbə uğrunda sona qədər döyüşməyə imkan vermir. "Neftçi” isə tamam başqa aləmdi. İş o yerə gəlib çatıb ki, Arif Əsədov "Qarabağ”ın gücünü etiraf etdiyi mətbuat konfransında Flaviniolu, Ramoslu, Kardosolu, Denis Silvalı komandasını "yeni qurulmuş” adlandırdı.

Mən hələ 4-5 ildi potensialını aça bilməyən Arazı demirəm. 78 yaşlı klubun düşdüyü durum ürək sızladır. "Ağ-qaralar” oyundan öncə hakim təyinatına etiraz etməyə o qədər aludə olmuşdu ki, az qalırdılar rəqiblə meydanda mübarizə aparmağın vacibliyini unutsunlar. Futbol meydançası isə əsl vitrindi. Hər kəs nəyə qadir olduğunu orda nümayiş etdirməlidi. Çıxdılar və gördük. "Qarabağ”ın da, "Neftçi”nin də, hətta Əliyar Ağayevin də bacarığına, məharətinə bir daha bələd olduq. Ordan başı uca ayrılanlar bunu alınlarının təriylə bacardılar. "Köhlən atlar” qələbəsinə sevinməkdə, "xalq komandası” yenilgisinə üzülməkdə olsun. Mənasız gərginlikdən, əsassız iftiralardan az da olsa, əsəbləşən Ağayev də dincəlsin. Biz isə ömrünü vaxtsız başa vuran çempionluq yarışına, turnir həyəcanına yas saxlamağa başlayaq.

Sport7.az

Xəbər lenti