Oqtay Abdullayev:

Oqtay Abdullayev: "Vidadi sözlərini pis gətirib, amma haqlı narazılıq edib"

Bu yaxınlarda Azərbaycan Futbol Veteranları İttifaqının hesabat konfransı keçirildi.

Sözügedən konfransla bağlı qurumun sədri Oqtay Abdullayevlə danışdıq. Oqtay bəy Sport7.az-a verdiyi açıqlamada həm bu, həm də digər məsələlərlə bağlı fikirlərini bildirdi:
 
"Çox yaxşı konfrans oldu. Yaxşı yeniliklər gözlənilir. Bu yaxınlarda görəcəksiz. Məqsədim odu ki, biz veteranlar bir-birimizin xətrini çox istəyək. Nə problemlər varsa öz aramızda həll edək. Narazılıq edən veteranlara gəlincə, Nazimdi, Vidadidi, bunların danışmağa haqqı var. Futbol oynayıblar, həqiqətən işləməlidilər. Amma mən işədüzəldən idarə deyiləm. Yalnız dəstək ola bilərəm. Lazım olsa yığışıb veteranlarla görüşüb yardım edə bilərəm. Ancaq biz turnirlər, yoldaşlıq görüşləri, "master-klass" keçirə bilirik. Təqaüdü də biz vermirik. Yalnız təqaüd üçün sənədləri hazırlamaqda köməklik göstərə bilərik. Bu İcraiyyə Komitəsində təsdiq olunur. Sağ olsun, "Neftçi" bu gün neçə nəfərə təqaüd verir. "Qarabağ"ın imkanı var, o da verməlidi. "Kəpəz"də maliyyə durumu ağırdı. Biz konsepsiya hazırlayırıq bununla bağlı. Narazılıq həmişə olub, olacaq. Ancaq istərdim ki, bunu öz aramızda həll edək, kənara çıxarmayaq. Mənim səhvim varsa, gəlin, üzümə deyin. Səhvsiz insan olmur. Bundan nəticə çıxarmalıyam. Razıyam, veteran futbolçular işləməlidi. Çünki əziyyət çəkiblər. Klublarda təmsil olunmalıdılar. Nəyə görə Yunis Hüseynov kənarda qalmalıdı? Axı öz dövründə yığmada oynayıb. O cümlədən Nazim Süleymanov, Vəli Qasımov, Vidadi Rzayev. Düzdü, Vidadi narazılıq edir, işsizdi, çətin vəziyyətdi. Ancaq o, dahi futbolçu olub. Hansı ki, Azərbaycanın ilk qələbə qolunu o vurub. Belə insanları yaddan çıxarmaq lazım deyil".

Oqtay bəy konsepsiya hazırlayandan sonra işsiz veteranlara kömək etməyə çalışacaqlarını da söylədi: "Konsepsiya hazırlayandan sonra şuramız yenə yığılacaq. Çalışacağıq nəsə hazırlayıb İcraiyyə Komitəsinə təqdim edək və bu veteranlara dəstək olaq. AFFA-dan veteranlarımıza dəstək istəmək bizim borcumuzdu. Bunu etməliyik. Düzdü Vidadi sözlərini pis gətirib, amma haqlı narazılıq edib. "Kəpəz"də işləyirdi, ancaq pis vaxta düşdü. Klub özünü toparlaya bilmədi. Belə şeylər olur. Vidadi bu gün də işləyə bilər. Niyə də işləməsin və klubların biri ilə onun adı hallanmasın? Çox gözəl futbolçu olublar. Bu adam 40 minlik azarkeşi ayağa qaldırıb, onların komandanı alqışlamasına səbəb olub. Amma bu da var ki, hamıya dəvət göndərmək imkanımız olmur. Məsələn deyirlər ki, 10 nəfər adlı-sanlı, bir qədər də imkanı zəif olan futbolçular lazımdı. Biz də seçib aparırıq. Bizi də başa düşmək lazımdı. Bilirsiz ki, AFFA-nın da imkanı azalıb. Klublara çox pul ayırdığı üçün, bizə o qədər də diqqət göstərə bilmir. Halbuki əvvəllər rayonlarda turnirlər də keçirirdik. Ona görə də imkanlı adamlardan xahiş edərdim ki, bizə də köməklik göstərsinlər. Çox böyük xərc də lazım deyil. Cüzi köməklik göstərsələr bəsimizdi. Narazılıqlar imkansızlıqdan başlayır".

Abdullayev lazım gəlsə yerini başqasına da verməyə hazır olduğunu dilə gətirdi: "Kimsə işləmək istəyirsə, məndən daha çox bacarıqlıdı və böyük dəstək verəcəksə gəlsin seçki keçirək. Demirəm ki, hər şeyi bacarıram. Sabah məni vəzifədən çıxara bilərlər. Veteranlar İttifaqını yaradanda hər kəs mənim seçilməyimi istədi. Hətta bunu istəmirdim və məndən daha adlı-sanlı, Kazbek Tuayev, Maşallah Əhmədov, İsgəndər Cavadov, Ağasəlim Mircavadov kimi veteranlar olduğunu dedim. Buna baxmayaraq, yenə də  təşkilatçılıq baxımından mənim seçilməyimi istədilər. Nə bacardım onu da etdim. Demirəm ki, olmayan bir şey etdim. Amma turnirlər, oyunlar təşkil etdim. Kimin gücü, imkanı, dostları varsa, buyursun".

Veteranlar İttifaqının sədri sözlərinə bunu da əlavə etdi: "Bu yaxınlarda kənarda qalan mütəxəssislər üçün müraciət hazırlayacam. Nələr olacaq indidən deyə bilmərəm. Hələ ki, konsepsiya hazırlayırıq. İnkişafla bağlı işlər görmək üçün nisbətən cavanlardan, Ramiz Məmmədov, Zaur Ramazanov, Kənan Kərimov, Emin Quliyev, Mahir Şükürov, Mahmud Qurbanov və sair veteran futbolçulardan ibarət qrup yaratmışıq. Yaşlılar da futbola dəstək olacaq. Belə futbolçuların kənarda qalmasını görəndə doğurdan da adamın ürəyi ağrıyır. Keçmişimizi yaddan çıxarsaq, gələcəyimiz olmayacaq. Ona görə də sizinlə Razıyam, narazılıqları haqlıdı. Ancaq təhqir etmək, o tərzdə danışmaq düzgün deyil. Ondansa, gəl məni bazada söy, de ki, "çalışmırsan". Bu başqa məsələ. Mətbuata danışmaq düzgün deyil. Onsuz da bizi istəməyənlər çoxdu. Belə yazılar olanda da biz dağılırıq. Dağılmaq olmaz. Ola bilər yazı-pozu baxımından zəifik. Bunun üçün bacarıqlı birisini gətirib çalışdırmaq olar. Amma futbolu bilənlər işləməlidi. Onların kənarda qalması, bizim üçün təhqirdi. Futbolumuz adına pisdi".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR