"Oqtay Abdullayev, yuyulmamış çömçə kimi nə düşmüsən ortalığa?"

Veteran futbolçu Nazim Süleymanovun son hadisələrlə bağlı Sportinfo.az saytına müsahibəsi:

- Oqtay Abdullayev açıqlamasında deyib ki, Nazim Süleymanova AFFA-dan təklif olsa, qaça-qaça gedib işləyər.

- Qaça-qaça deyəndə...adam iş istəyəndə məgər qaça-qaça gedir? İkincisi, Oqtay Abdullayev haqqında bu günə qədər çox danışmışam. Demişdim ki, bəsdir, daha danışmayacam. Ancaq o, adamı danışmağa məcbur edir. Futbol adamı kimi Oqtay Abdullayevlə müqayisə olunmağı özümə rəva görmürəm. Buna baxmayaraq, Azərbaycan futbolunun inkişafı naminə atmaq istədiyimiz və atacağımız hər addımın qarşısında Oqtay Abdullayevi görürəm. Hara gedirik, qarşımıza çıxır. Görünən budur ki, 5 vəzifəni qamarlayıb stadionlardan, idman qurğularından, obyektlərdən mənimsədiyi pullar Abdullayevi dingildədir. İndi işimizi-gücümüzü buraxıb onun qeyri-qanuni yolla qazandığı pulların hesabatı ilə məşğul olaq?

- Abdullayev AFFA-nın ayırdığı pulların qəpiyinə qədər lazım olan yerlərə, veteranlara xərcləndiyini deyib.

- Deyir ki, Asif Əliyevi AFFA əməliyyat etdirdi. Asif Əliyev və onun kimi veteranların müayinə-müalicəsini, əməliyyatını etməlidirlər də. Bu insanlar Azərbaycan futboluna canlarını, həyatını, cavanlığını veriblər. Burda sual yaranır ki, onun dediyi 8 min manatı AFFA niyə verməlidir? Əgər söhbət veteranlardan gedirsə, niyə onlar üçün ayrılan büdcədən vermir? Yəqin, Abdullayevə 5 yerdən qazandığı pul bəs eləmir, Elxan Məmmədovdan xahiş edək, ona da yanında marketinqlə bağlı bir iş versin. Bəlkə onda səsini kəsər.

- Maraqlıdır ki, futbolu bu yaxınlarda bitirmiş veteranlar da onun tərəfini saxlayır, sizə qarşı çıxırlar.

- Olsun. Mən hər zaman canlı debata çıxmağa hazıram. Gəlsin, canlı efirdə çıxaq üz-üzə. Ancaq canlı yayım, videoyazı yox. Gəlsin, üzbəüz oturaq, görək kim kimdir. Jurnalist kimi sən də bilirsən ki, Həmkarlar Təşkilatı ayrıdır, Veteranlar İttifaqı tamam ayrı. İndi başa düşmürəm, Oqtay Abdullayev, yuyulmamış çömçə kimi nə düşmüsən ortalığa?

- Bəlkə Oqtay Abdullayevi öyrədən var?

- O boyda kişini öyrədən? Nə bilim, vallah...Varsa da, AFFA dayanıb da arxasında.

- Amma Oqtay Abdullayev də əksini deyir. Deyir ki, sizi idarə edənlər var.

- Nazim Süleymanovu idarə eləmək?..Kor kora kor deməsə, bağrı çatlayar. Özləri idarə olunurlar, elə bilirlər ki, Nazim Süleymanov da belədir. Mən idarə edilən olsaydım, məşqçi işləyəndə edərdilər də bunu. Niyə mən bir klubda işləyə bilmirəm?

- Nazim müəllim, bu söz davaları nə vaxta qədər davam edəcək?

- Onun haqqıda danışmaq fikrində deyildim. Sadəcə, sual verirsiz, cavab verirəm. Hələ soruşmadız ki, orda Çingiz İsmayılov nə deyib? Oxuduz onun açıqlamasını?

- Düzü, oxumamışam.

- Çingiz İsmayılov deyir ki, Nazim Süleymanov getsin, azarkeşlərlə işləsin. Nazim Süleymanov məgər azarkeşlərlə işləyən şəxsdir? Mənim Azərbaycanın bütün azarkeşlərinə böyük sevgim, hörmətim var. Azarkeşlər hər komandanın 12-ci oyunçusu sayılır. Onların stadiona gəlməməsi Azərbaycan futbolunun zəifliyidir. Azarkeş çox gözəl bilir, hansı oyuna gəlmək lazımdır. Yaxşı futbol olsun ki, tamaşaçı gəlsin.

- Sizin Çingiz İsmayılovdan çəkdiyiniz nədir belə? 30 il əvvəl də ona görə "Neftçi"dən getmişdiz.

- Bugünkü açıqlamada o barədə danışmaq fikrində deyildim. Sadəcə, özləri adamı məcbur edirlər. Bəli, 1990-cı ildə komandanın rəisi idi, məni didərgin salanlardan biri məhz Çingiz İsmayılovdur. Novruz Əzimovu da oynamağa qoymadı, halbuki 30 yaşı vardı, oynaya bilərdi. Çox danışmaq istəmirəm.

- İddia edirlər ki, Nazim Süleymanova bir neçə klubda, millidə işləmək imkanı yaradılıb, amma nəticə verməyib.

- Harda?

- "Xəzər-Lənkəran", "Neftçi", "Sumqayıt", milli komandada.

- Sumqayıtda çox gözəl komanda var idi. Həmin heyətlə "Sumqayıt"ı Avroliqaya çıxarda bilərdim. Elə jurnalistlər də yazırdılar ki, Nazim Süleymanov "Sumqayıt"da döyüşkən heyət yaradıb, baxımlı futbol oynadır. Mənim serbiya əsilli Ukrayna vətəndaşı "xalam oğlu" var idi, Marko Deviç - "Sabah"ın hücumçusu - o da hətta demişdi ki, "Sumqayıt" Premyer Liqada çox gözəl futbol oynayan klublardan biridir. Jurnalistlər, əksər televiziyalar, hansısa əcnəbi futbolçu bunu deyirsə, başqa şərhə gərək yoxdur.

- Oqtay Abdullayevin Azərbaycan futboluna nə xeyiri olub, hansı nəticəni verib?

- Siz bunu məndən də yaxşı bilirsiz. İnsanların arxasınca danışmaq istəmirəm. Sadəcə, israrla adamı buna məcbur edirlər. Yenə deyirəm, Həmkarlar Təşkilatı ayrıdır, Veteranlar İttifaqı ayrı. Bunu hamı kimi, siz də yaxşı bilirsiz. Abdullayev nə düşüb ortalığa, başa düşmürəm. Əslində, anlayıram, bilirəm də.

Elvin

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR