Oralar sənə yaramadı, Reynaldo!

Oralar sənə yaramadı, Reynaldo!
Elə bil dünən idi. Yaxşı xatırlayıram, xatırladıqca da həmin hiss və həyacanı yenidən yaşayıram. Reynaldonu özümüzdən biri kimi, lap azərbaycanlı futbolçular sayağı Türkiyəyə yola salmışdıq. Sevinmişdik ki, "Qarabağ”da özünü göstərməyi bacaran, ikinci həyat qazanan braziliyalı Türkiyə çempionatının elitasında oynayacaq. Elə belə də yazmışdım: "Reynaldo Türkiyədə "Qarabağ”ı və Azərbaycanı təmsil edəcək”! Onu lap azərbaycanlı futbolçular sayağı yola salmışdıq, özümüzdən biri kimi...

Sağ olmuş Reynaldo da bizi yanlış anladı. Türkiyəyə getdi və braziliyalı olduğunu, dünyaya fitri istedadla gəldiyini unutdu. Döndü, əsl azərbaycanlı futbolçu oldu. Özünü bizimkilər kimi aparmağa başladı. Deyəsən, "Adanaspor”un baş məşqçisi Levent Şahin də ona "azərbaycanlı futbolçu” gözüylə baxır, onun braziliyalı olduğunu xatırlamaq istəmir. Əks halda, autsayder komandanın baş məşqçisi Reynaldonun təcrübəsinə, bacarığına, köməyinə daha çox inananar, ona etimad göstərərdi. Həmin etimad, inam heç zərrə qədər də hiss olunmur.

"Adanaspor” son 7 oyunun altısında uduzub. Özü də bu 6 məğlubiyyətin düz yarısında Adana təmsilçisi 4-5 top buraxaraq məğlub olub. Sonuncu ağır yenilgini 63 yaşlı kluba "Qalatasaray” yaşatdı. "Cim-bom” adanalı qonaqların qapısına 4 cavabsız top vurmağa çətinlik çəkmədi. "Bizim” Reynaldo isə görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Şahin hoca onu sonuncu əvəzetmədən, oyunun bitməsinə altı dəqiqə qalmış meydana buraxıb. Həm vaxt artıq xeyli müddət idi ki, "Qalatasaray” 4:0 hesabını tabloya yazdırmışdı. Deməli, çalışdırıcı Reynaldo oyunun axarını dəyişməyə, heç olmasa təsəlli qolunu vurmağa yox, yorğun həmyerlisi Vinikiusun yerini boş qoymamaq üçün oynatmağa qərar verib. Əks halda, bu əvəzetmə daha öncədən reallaşar, Reynaldo oyuna qoşulmağa, "sarı-qırmızılar”ın müdafiəsindəki boşluqları axtarmağa bir qədər artıq zaman qazanardı.

Deyəcəksiniz ki, "Qalatasaray” güclü rəqibdi, Reynaldonun "Türk Telekom Arena”da az oynaması normaldı. Amma digər rəqiblərlə oyunlarda da vəziyyət eynidi. Ötən tur "Akhısar Bələdiyəspor”la oyunda Reynaldonun adı heç "18-lik”də belə yazılmamışdı. Daha əvvəlki "Karabükspor”la qarşılaşmada isə ehtiyatda qalan "həmyerlimiz” sona 22 dəqiqə qalmış meydana çıxmışdı. Deməli, məsələ heç də rəqibin güclü, yaxud zəif olmasında deyil. Levent Şahin üçün Reynaldo əsas heyət üzvü sayılmır.

İstənilən futbolçu üçün isə belə durum arzuolunmazdı. Hiss edirsən ki, çalışdırıcı sənə güvənmir, oynamaq şansı vermir, daha da ruhdan düşürsən. Çox güman ki, hazırda Reynaldo da eyni psixoloji gərginlikdən əziyyət çəkir, turlar irəlilədikcə bu mənəvi böhran dərinləşir. Üstəlik, belə bir duruma turnir cədvəlinin zirzəmisinə "dəmir atmış” komandada düşmək daha ağırdı.

Belə davam etsə, mövsümün sonunda Reynaldo tamamilə taqətdən düşəcək, yüksək səviyyədə futbol oynamağa yadırğayacaq. Vətəninə yollanıb, aşağı divizion klublarında gününü keçirəcək. Və bir-neçə il sonra da belə bir futbolçunun varlığını belə unudacağıq.

Çıxış yolu varmı? Var! Çıxış yolu da, xilas yolu da "Qarabağ”a qayıtmaqdan keçir. 28 yaş bir futbolçu üçün karyerasının sonu deyil. Əksinə, istedadın üzərinə təcrübə gəlib, daha böyük iddialara düşmək yaşıdı. Vəlvələdnmi, zəlzələdənmi Reynaldo hazırda böyük təhlükə ilə üzləşib. Onu "Anderlext”də kəşf edən, yenidən böyük futbolçu edən Qurban Qurbanovun, "Qarabağ” camiəsinin köməyinə belə bağlamağa dəyər. Qayıt evinə, Reynaldo. Getdiyin yerlər sənə yaramadı!

Amal ABUŞOV


Xəbər lenti