"Orda oynamaqdansa "Kəpəz"i üstün tutmuşdum" -Vüqar Bəybalayev

Əvvəlcə "Kəpəz"də qalmağa razılıq versə də Vüqar Bəybalayev sonradan Sumqayıtın eyniadlı klubundan gələn təklifi dəyərləndirdi. Onun bu qərarı isə birmənalı qarşılanmadı və müzakirə mövzusuna çevrildi.

Bu üzdən onunla əlaqə salxmağı lazım bildik. Bəybalayev Sport7.az-a müsahibəsində mövzuyla yanaşı, karyerası barədə də fikirlərini bölüşdü:

- Vüqar, əvvəlcə "Kəpəz"də qalmağa razılıq vermişdin, hətta bununla bağlı fikir də bildirmişdin. Amma "Sumqayıt"a keçidin qəfil alındı və təəccüb doğurdu...

- Başqa klubdan təklif vardı və orda oynamaqdansa "Kəpəz"i üstün tutmuşdum. "Sumqayıt" məsələsi isə ən axırda ortaya çıxdı. Mən də evimə yaxın olduğu üçün "Sumqayıt"a keçməyi qərara aldım. Şahin müəllimlə də danışdım, sağ olsun razılıq verdi. O komandanın adını çəkə bilməyəcəm. Amma evimdən uzaqda idi. "Kəpəz"də də hər kəslə münasibətim yaxşı olduğu üçün orda qalmağa razılıq vermişdim. Bunu xüsusi vurğuladım ki, nə Şahin müəllim nə də azarkeşlər məni səhv başa düşsün. Yəni ordan xoşluqla ayrılmışam. Sadəcə, ailəmin yanında olmaq istədim. Həm də son zamanlar "Kəpəz"də oyunum alınmırdı. Şahin müəllimə istədiyi oyunu verə bilmirdim. Ona görə də özümü "Sumqayıt"da yoxlamaq istədim. Hər gün Sumqayıtdan Bakıya və əksinə gedib-gəlmək çətin idi. Yol adamı yorur. 

-  Ümumiyyətlə "Kəpəz"dəki çıxışını necə dəyərləndirirsən?

- Bilirəm ki, Şahin müəllimin məndən gözləntiləri çox idi. Amma hiss edirdim ki, potensialımı tam aça bilmirəm. Göstərdiyim oyun özümü qane etmirdi. Düşündüm ki, "Sumqayıt"da daha yaxşı alınar. İnanıram ki, belə də olacaq.

- Nə dərəcədə əminsən ki, Sumqayıtda daha yaxşı çıxış edəcəksən?

- Bilirsiz ki, bəzən futbolçu bir komandada özünü göstərməsə də, başqa klubda futbol dili ilə desək "partlaya" bilər. Fakt budu ki, "Kəpəz"in oyun ansanblına, stilinə uyğunlaşmaqda çətinlik çəkdirdim. Problem özümdədi. Heç kimi günahlandırmıram. Bu da normaldı. Valideynlərimlə məsləhətləşdim və düşündüm ki, "Sumqayıt"da daha yaxşı alına bilər. 

- "Kəpəz" yaxşı başlasa da sonradan zəif çıxış etdi, belə desək son oyunlarda eniş yaşadı. Bunun səbəbi nə idi səncə?

- Sizinlə razı deyiləm. Çünki "Kəpəz" son 7 oyunda qələbə qazandı. Əslində, 3-cü dövrədə zəif çıxış etdik. "Qara zolağ"a düşmüşdük. Bunu hər kəs də görürdü ki, oyunumuz alınmırdı. Hər şey yaxşı gedirdi sonradan adi vəziyyətdən qol buraxırdıq. Amma 4-cü dövrədə komandamız sözün əsl mənasında gözəl çıxış etdi və 7 oyunda 6 qələbə qazandı. Avroliqa şansımızı artırsaq da, cüzi xalımız çatmadı. "Kəpəz" Avroliqa uğrunda vuruşdu. Sağ olsunlar azarkeşlər son günə qədər dəstəyini əsirgəmədi. Bunun da böyük rolu oldu. Amma qismətdə Avroliqa yox imiş. "Qara zolağ"a düşməyimiz şansları azaltdı. Bəzən qələbə qazanmalı olduğumuz oyunlarda vacib xallar itirdik, məğlub olduq. Hücumları qolla tamamlaya bilmirdik. Şahin müəllim həmişə deyirdi ki, "mövsümün sonunda hər bir xalın önəminin nə qədər böyük olduğunu görəcəksiz". Həqiqətən də gördük.

- "Kəpəz" yeni mövsümə daha fərqli hazırlaşmağı qarşıya məqsəd qoyub. Hətta meydançanın ot örtüyü də dəyişdirilir. Növbəti mövsüm gəncəlilər iddialı olsa, "Sumqayıt"a keçdiyinə görə peşimanlıq hissi keçirməyəcəksən?

- Qərardan peşiman olmaq düzgün deyil. Bu qərarı öz karyeram üçün vermişəm. "Kəpəz" iddialı olsa belə, o demək deyil ki, mən də yaxşı çıxış edəcəm. Belə baxanda komanda bu il də yaxşı oynadı. "Qəbələ"ni, "Sumqayıt", "İnter"i, sonda "Neftçi"ni məğlub etdik. Çox gözəl əks-hücumda oynayırdı. Oyundan sonra hamı komandanın çıxışından daışırdı. Sadəcə mən özümü göstərə bilmirdim. Bunun "Kəpəz"ə heç bir aidiyyatı yoxdu. O komandanın uğurlu çıxış etməsini istəyərəm. Çünki ordakı kollektiv, məşqçilər korpusu, hətta azarkeşlər belə möhtəşəm idilər.  Hamısı ilə də münasibətim yaxşı idi.

- "Sumqayıt" növbəti mövsüm daha iddialı ola biləcək?

- Transferlərdən xəbəriniz var. Yerli olsalar da perspektivi gənclər, yaxşı futbolçular var. Ümid edirəm ki, "Sumqayıt" da heç kimdən geri qalmayacaq.

Sport7.az

Xəbər lenti