Ordan bir Roman daha...

Ordan bir Roman daha...
"İgidlik ondur: biri zordur, doqquzu fənd” deyib atalarımız. Bu gün də bizim hamımızın həmin fəndə ehtiyacımız var. Yunanları Bakıdan yalnız işlədəcəyimiz fəndlər sayəsində boynubükük göndərə bilərik. Əyri oturaq, düz danışaq. "Panatinaikos” Afinadakı oyunda səviyyəsini, gücücü ortaya qoya bildi.

Hesabın minimal olması, yeganə qolun da İlqar Qurbanovun əlinin topu tapmasından sonra penaltidən vurulması bizi aldatmasın. Yunanıstandakı oyunda "Qəbələ”ni də özünə bənzədə bilmədik. Yorğunluqdan idimi, ya həyacandan. "Qırmızı-qaralar” Afinada ürkək uşaqlar kimi davranır, "Panatinaikos”un meydanda istədiyini etməsinə əngəl ola bilmirdilər. 

Bu gün isə hər şey fərqli olmalıdı. Nə olsun ki, rəqib adlı-sanlı komandadı, Yunanıstanın ən köklü klublarından biri, Avropada ad-san qazanmağı bacarmış "Panatinaikos”du? Artıq "Qəbələ” bir dəfə bu rəqibi göydən yerə endirməyi, Avropa Liqasının qrupuna gedən yolundan kənarlaşdırmağı bacarıb. Yenidən mümkündü. Əmin olun. Çətin görünsə də, bacararıq...

Yunanların oyun sistemini pozmaq üçün bircə qol lazımdı. Afinada qazandıqları quru hesablı qələbə onları arxayınlaşdırıb, özlərinə olan əminliklərini artırıb. Onsuz da hücum etməyə meyilli deyillər. İlk oyundakı hesab da onlardan bunu tələb etmir. Bütün planları alt-üst etmək üçün bir dəqiq və öldürücü zərbə lazımdı. Fəqi yoxdu İlqar vursun, ya Ozobiç. Oyundan, ya standart vəziyyətdən. Yetər ki, o qol vurulsun. Belədə musiqini sifariş verən tərəf biz olacağıq. "Qəbələ” üçüm düşərli sayılan "Bakcell Arena”nın doğmalaşmış tribunalarının da dəstəyi ilə bizə lazım olan nəticəni qazanmalıyıq. 

İllərdi ki, vərdiş etmişik. "Qarabağ”la "Qəbələ”nin çiyin-çiyinə, bir-birinə nəfəsini hiss etdirməklə mübarizə aparmasına, yarışmasına. Bu iki komanda bir-biri üçün etalona, stimul mənbəyinə çevrilib. "Qarabağ”ın Avropa yürüşü davam edir. "Qəbələ”nin də bu cığırla davam etməsi vacibdi. "Köhlən atları” "köhnə qitə”də yalnız qoymaq yaxşı çıxmaz.

Yazının əvvəlində vurğuladığım kimi, biz yunanları fəndlə "yıxa” bilərik. O fəndi də Roman Qriqorçuk düşünüb tapmalı, yetirmələri isə dəqiqliklə yerinə yetiməlidilər. Haydı, Roman İosifoviç. Azərbaycan futbol tarixinə yeni səhifə yazaq. Axşam hamımız orda olacağıq!

Amal ABUŞOV



Xəbər lenti