Orxan Hüseynzadənin xilası planı

Orxan Hüseynzadənin xilası planı
Yaxın günlərdə Bakıda və Respublukanın rayonlarında hava şəraiti sabit keçəcək. Ara-bir tutulub açılacaq, buludluluq azalacaq. Ayrı-ayrı rayonlarda yağıntılar olacaq...

Bəli, son günlərin hava proqnozu belədir. Bu qış qarın, çovğunun nə olduğunu hiss etmədik. Bəlkə də, göydəki kişinin bizə lütfü idi. Baxdı ki, işığın-qazın qiyməti bahalaşıb, kasab camaat limiti də keçsə, lap belləri qırılar, evlərində soyuqdan donarlar. Ona görə də qış günəşini bizə çox görmədi, qarı-buzu bizdən yan keçirdi.

Futbolumuzda isə havalar yaman qarışıb. O qədər qarışıb ki, nəyin baş verdiyini, kimin əlinin kimin cibində, kimin ayağının kimin qapısının kandarından çəkilmədiyi, kimin boğazının ipinin kimdə olduğu bilinmir. 

Ən əvvəl Kamran Quliyevi təbrik edirəm. İllərdən bəri arzuladığı kürsüyə qovuşdu. Dünən gecə yatanda "Sumqayıt”ın prezidenti kimi yatmışdı. Bu gün isə yatağına ölkənin ən qocaman klubunun prezidenti kimi girəcək. Gecəniz xeyrə, yuxunuz şirin olsun, Kamran bəy!

Hamı fikirləşir ki, Elxan Məmmədov xeyli tədbirli və ağıllı adamdı. Onun bu cür primitiv yola əl atacağı, cəmi bir saat içində tələm-tələsik öz "peşkaları”nın yerini dəyişdirəcəyi, özünü gülüş hədəfinə çevirəcəyi inandırıcı deyildi. Vəziyyət o həddə gəldi çatdı ki, baş katib buna məcbur oldu, özünü açıq-aşkar faş etdi, tələsdi. Bəs niyə?

Məqsəd Orxan Hüseynzadəni xilas etmək, eyni zamanda da "Neftçi”yə nəzarəti əldən verməmək idi. İndilik buna nail olub. "Neftçi”nin uğursuz nəticələri, yoldaşlıq görüşlərindəki biabırçılıq, transferlərdəki hərc-mərclik, idarəetmədəki nöqsanlar "yuxarı”ların səbr kasasını daşırıb. Üstəlik, baş verən maxinasiyalar, prezidentin menecer Kamil Məmmədovla əlbir "işləməsi” ona qarşı şübhələri artırıb. Artıq klubda "Kəpəz”dəki kimi genişmiqyaslı yoxlamaların, audit təftişinin aparılması da qaçılmaz olub. Bu yoxlamanın başlaması isə təkcə Orxan Hüseynzadəni bitirməyəcəkdi, həm də Elxan Məmmədova ciddi zərbə olacaqdı.

Elə ona görə də baş katib baş sındırdı və tələsik bu dəyişikliyə getdi. Proses isə bitməyib. Hələ davamı olacaq. Orxan Hüseynzadənin hara gedəcəyi, özüylə kimləri "aparacağı" hələ bilnmir...

Amal ABUŞOV
 

Xəbər lenti