Otumuzun kökünü kim yandırır? – Böyük müəmma

Otumuzun kökünü kim yandırır? – Böyük müəmma
İllərdi ki, ot örtüyü problemi Azərbaycanda aktualdır. Əvvəllər buna görə daha çox rəhmətlik Akif İsmayılov tənqid olunurdu. "Qarabağ”ın avrokubok oyunları zamanı Respublika stadionunun bərbad qazonu qum karxanasına çevrilir, biabırçı görüntü yaranırdı.
 
Bu bəladan "Neftçi” də payını alıb. İki böyük klan arasında çəkişmə mövzusu olan "Neftçi”nin ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlməməsi üçün min bir hoqqa çıxarıldı. "Ağ-qaralar” Serbiyada "Partizan”a qarşı əla oyun sərgiləmişdi, Bakıda mərhələ keçməyimiz üçün əla şans var idi. Amma ev oyunlarını "Bakcell Arena”da keçirən "xalq komandası” heç bir tutarlı səbəb göstərilmədən "Tofiq Bəhramov”a sürgün edildi və otdan yoxsun qumlu meydanda məğlubiyyət qaçılmaz oldu.

Bütün bu problemlərin fonunda əsl səbəbkarlar kölgədə qalır, İsmayılov tək-tənha bütün təndiq və ittihamlara sipər olurdu. "Çanaq” rəhmətlik İsmayılovun başında çartladıldı. İllərdi Respublika stadionuna rəhbərlik edən Akif bəy yeganə hədəf kimi göstərldi və nazir Azad Rəhimovun qısa mesajıyla postundan ayrıldı. İndi İsmayılov haqq dünyasındadı. Özüylə birlikdə bir çox müdhiş sirləri də o dünyaya aparıb. Qəbri nurla dolsun!

By yaşananlardan sonra Respublika stadionu "Qarabağ”ın idarəçiliyinə verildi. Gənclər və İdman nazirliyinin stadiona direktor göndərdiyi şəxsi indi heç tanıyan da yoxdu. Onun Akif İsmayılov qədər tanınması, məşhurluq qazanması bundan sonra da mümkün deyil. Çünki "Qarabağ” ona əmanət edilmiş stadionu göz bəbəyi kimi qoruyur, ot örtüyü də göz oxşayır. Bütün lazımi tədbirlər vaxtında və yüksək peşəkarlıqla həyata keçirilir.

İndi dərdimiz "Bakcell Arena”dı. San Marino ilə oyun erkən saatda başlayan iki qarşılaşmadan biri idi. Bu səbəbdən də dünyanın bir çox aparıcı idman kanalları millimizin oyununu canlı yayımlayırdı. Və biz "Bakcell Arena”nın bərbad qazonu ilə bütün dünyanı özümüzə güldürdük. Bilet satışının ləng getdiyini və əvvəlcədən təyin edildiyi kimi, qarşılaşmanın BOS-da keçirilməsinin biabırçı vəziyyət yaradacağını anlayan AFFA son anda San Marino ilə görüşün yerini dəyişməyə nail oldu. Amma bir rəzalətdən qaçmağı bacarsalar da, digərindən qaça bilmədilər. Çempion Liqasının finalını keçirməyə iddia edən, üç ildən sonra qitə çempionatını qəbul edəcək ölkələrdən biri bütün dünyada lağ obyektinə çevrildi. Bir vaxtlar stadionun ot örtüyünü rəngləyib, özümüzü gülünc duruma salmışdıq. İndi də dünya xəritəsinə bənzəyən meydançayla gülüş hədəfi olduq.

Sorumlusu kimi? Qəbələnin daha sərt iqlim şəraitində 5-6 təbii örtüklü stadionu yüksək səviyyədə saxlamaq mümkündü. "Qarabağ”ın nəzarətinə keçəndən sonra Respublika stadionun göz oxşayan qazonu  da iş bacaranların uğur qazanacağına gözəl nümunədi. AFFA "Neftçi”yə peşkəş etdiyi arenaya qulluq üçün hər il büdcəsindən bir ətək pul silir. Amma nəticəsi göz qabağındadı. Adamlar nəinki futbolçu yetişdirməyi, heç qazona qulluq etməyi də bacarmırlar. Haydı, Akif İsmayılova yolladığınız ismarıcdan bu işin sorumlusuna da yollayın, işindən və havayı qazancından məhrum edin. Çörəyi çörəkçiyə, zəri də zər qədrini bilən zərgərə vermək lazımdı. Gec olmadan. Yoxsa, hələ çox otumuzu kökündən məhv edəcəklər...
 
Amal ABUŞOV

Xəbər lenti